Lerikdə Xocalı soyqırımı ilə bağlı unikal tədbir – QARDAN “ANA HARAYI” ABİDƏSİ HAZIRLANDI (FOTOLAR)

  • By admin
  • 22 Fevral 2017 17:35

anaharayi

Lerik rayon Cəngəmiran kəndində Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar anım mərasimi keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Musavat.com-a Cəngəmiran orta məktəbinin dil-ədəbiyyat müəllimi, Qarabağ müharibəsi veteranı Müşfiq Məmmədov məlumat verib. Onun dediyinə görə, təqribən 200 nəfərlik tədbir iştirakçıları əvvəlcə kənd sakinlərinin qardan hazırladıqları “Ana harayı” abidəsini ziyarət edib, onun qarşısına çələng qoyublar, Xocalı və ümumiyyətlə, Qarabağ şəhidlərinin xatirəsini hörmətlə yad ediblər.

Müşfiq Məmmədovun dediyinə görə, Lerikə son günlər güclü qar yağarkən belə bir abidənin hazırlanması ideyası ortaya çıxıb. Kənd sakini Şəhriyar Qafarov bu abidəni ərsəyə gətirib və heykəlin əriməməsi üçün bir neçə gün ərzində sakinlər növbə ilə onun üstünə buzlu su töküblər.
Xocalı soyqırımı ilə bağlı Cəngəmiran Mədəniyyət Evində baş tutan tədbirdə isə Lerik Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon mədəniyyət şöbəsinin rəhbərliyi, kənd bələdiyyəsi və icra nümayəndəliyinin təmsilçiləri, yerli sakinlər, həmçinin qonaqlar iştirak edib.

Cəngəmiran orta məktəbi ilə mədəniyyət evinin birgə təşkilatatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər Xocalı soyqırmını törədənləri lənətləyib, şəhidlərin ruhunu hər zaman yüksək tutacaqlarını, Azərbaycanın işğalda olan ərazilərinin erməni qəsbkarlarından azad olunması uğrunda savaşa hər zaman hazır olduqlarını deyiblər. Daha sonra məktəblilər Xocalı soyqırımından bəhs edən səhnəciyi nümayiş etdiriblər, vətənpərvərlik şeirlərini söyləyiblər.

M.Məmmədov onu da dedi ki, Cəngəmiran kəndi talışların yaşadığı kənddir. Bu kənd Qarabağ uğrunda döyüşlərdə 7 şəhid verib, 1 kənd sakini isə könüllü olaraq Qarabağ döyüşlərinə qatılıb, lakin sonradan itkin düşüb. Kəndin verdiyi şəhidlərdən biri Bakıda, Şəhidlər Xiyabanında dəfn olunub. Keçirilən tədbirdə Ermənistana sığınan Lerik sakininin adı çəkilməyib. Ancaq Azərbaycan uğrunda şəhidlər verən qəhrəman Cəngəmiran kəndinin sakinlərinin keçirdiyi Xocalı tədbiri həm də düşmənin “talış” adından Azərbaycana qarşı istifadə etmək cəhdlərinə ən gözəl cavabdır.

Gununsesi.info