Lerikdə qar uçqununda faciəli şəkildə həlak olanlar dəfn olundu - FOTOLAR (ÖZƏL)

  • By admin
  • 24 Fevral 2017 14:14

IMG-20170224-WA0004

Lerikdə dünən günorta saatlarında qəfil gələn qar uçqununun yaşayış evinin üzərinə düşməsi nəticəsində faciəli şəkildə həlak olan Lerik rayonunun Orand kəndindəki Mustafayevlər ailəsinin üzvləri bu gün günorta saatlarında yaşadıqları kəndin qəbristanlığında dəfn olunublar.

Gununsesi.info xəbər verir ki, mərhumlarla vida  mərasimində ailənin yaxınları ilə yanaşı bütün  kənd ictimaiyyəti, rayon rəsmiləri, hüquq muhafizə orqanlarının təmsilçiləri iştirak edib. Xatırladaq ki, rayon FHK-nın sədri Habil Məlikov dəfn xərclərinin rayon icra hakimiyyəti tərəfindən qarşılanacağını bildirib. Dünən hadisə yerinə FHN-nin cənub regional mərkəzinin əməkdaşları da baş çəkib və ailənin sağ qalan üzvlərinə müvəqqəti məskunlaşmaq məqsədilə 2 çadır verilib. Mərkəzdən  verilən məlumata görə, hazırda ərazidə küləkli hava müşahidə olunduğundan çadırları qurmaq mümkün olmayıb və ailə qohumlarının evinə yerləşdirilib. Qəzalı ev barədə akt tərtib olunub və FHN-nin müvafiq strukturlarına göndərilib.

Qeyd edək ki, uçqun altından  yeganə salamat çıxarılan 8 aylıq Elcan Zöhrab oğlu hazırda Lerik rayon Mərkəzi xəstəxanasında müalicə alır. Xəstəxananın baş həkimi Mübariz Ağayevin verdiyi məlumata görə, uşaq bütün müayinələrdən keçrilib. Müxtəlif dərəcəli xəsarətlər alan uşağa lazımi tibbi yardım edilib. Hazırda uşağın vəziyyəti qənaətbəxşdir.

Qar uçqunu baş verən vaxt Əhliman Mustafayev həyətdə olub. O uzaqdan tonlarla ağırlıqda olan qar topasının evinin üstünə gəldiyini görəndə vahimə ilə qışqırıb. Lakin hadisə o qədər ani baş verib ki, o ailə üzvlərinə kömək edə bilməyib.

Uçqun nəticəsində 3 otaqlı ev qəzalı vəziyyətə düşüb,1 otaq ailə üzvləri birlikdə tamamilə məhv olub.

Qar uçqununa məruz qalan evdə Qasım və Zöhrab Mustafayev qardaşları ailələri ilə birgə yaşayıblar.  Uçqun nəticəsində ölənlər bunlardır:

  1. Qaynana – 1961-ci il təvəllüdlü Şövkət Mustafayeva;
  2. Gəlin – 1994-cü il təvəllüdlü İlahə Mustafayeva;
  3. 2015-ci il təvəllüdlü  Zəhra Qasımqızı;
  4. 2016-cı il təvəllüdlü Uğur Qasımov.

Qeyd edək ki, Orand kəndi Lerikin ən ucqar yaşayış məntəqəsidir.

IMG-20170224-WA0006 IMG-20170224-WA0003 IMG-20170224-WA0002 IMG-20170224-WA0001 IMG-20170224-WA0000 IMG-20170224-WA0007

Esmira İsmayılova

Gununsesi.info