Gununsesi.info report-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Səbuhi Sadıqov ifadə verib.
O bildirib ki, klinikada cərrah işləyib. Şahid söyləyib ki, klinikada aparılan araşdırmalar zamanı müstəntiq tərəfindən dindirilib: “İşlədiyim dövrdə ancaq maaş almışam. O da nağd şəkildə mühasibatlıqdan verilib. 2013-cü ildə isə klinikadan ayrılmışam”.
Daha sonra digər şahid Nigar Əlizadə dindirilib. O, klinikada mama-ginekoloq olaraq çalışdığını və maaşı nağd şəkildə mühasibatlıqdan aldığını deyib.
N.Əlizadə maaşdan əlavə görülən işə görə faiz də aldığını qeyd edib.
Prosesdə məlum olub ki, Leyla Şıxlinskaya məhkəməyə məktub göndərib. O, işlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərib.
Hakim isə bildirib ki, həmin müraciət qəbul edilmir və növbəti dəfə ona bildiriş göndəriləcək: “Leyla Şıxlinskaya məhkəməyə dəvət ediləcək”.
Məhkəmənin növbəti iclası aprelin 13-nə təyin edilib.
Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar.
Klinikanın keçmiş işçiləri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır. Bu iş üzrə istintaqı əvvəlcə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb.
Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilən zaman Ş.Abbasova himayəsində 2 azyaşlı uşaq olduğunu deyib.
S.Qasımova da himayəsində iki azyaşlı uşaq olduğunu, Tibb Universitetində həkim işlədiyini bildirib.
A.Hüseynova subay olduğunu, lakin himayəsində bir azyaşlı uşaq olduğunu qeyd edib.
M.Hüseynova bildirib ki, ailəlidir, himayəsində iki azyaşlı uşaq var, hazırda həmin klinikada qeydiyyatçı işləyir.
Y.Abdullayeva isə söyləyib ki, himayəsində iki azyaşlı uşaq var və həmin klinikada qeydiyyatçı vəzifəsində çalışır.