Leyla Şıxlinskayanın klinikası ilə bağlı məhkəmədə şahidlər ifadə verib

Leyla Şıxlinskayanın klinikası ilə bağlı məhkəmədə şahidlər ifadə verib


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Şıxlinskayanın klinikasının mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən sabiq baş mühasibi Şəhla Abbasova və klinikanın əməkdaşları – Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın, Polad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda şahidlər dindirilib.

Namiq Mustafayev ifadəsində deyib ki, Neftçilər Xəstəxanasında göz həkimi işləyir. O, Leyla Şıxlınskaya klinikası ilə də əməkdaşlıq etdiyini, əməliyyat etdikdən bir həftədən sonra kassadan pulu aldığını deyib: “Hər əməliyyatın qiyməti var. Məndə əmək haqqı kartı olmayıb. Təxminən ayda 7-8 min manat pul almışam”.

Təqsirləndirilən Ş. Abbasova isə onun dediklərini təsdiq edib. Deyib ki, rəsmi sənədlərdə həmin şəxsin 180 manat əmək haqqı aldığı qeyd edilib: “Bizdən kart sisteminə keçməyi tələb etmişdilər. Biz də bütün işçilərin adına əmək haqqı kartı açmışdıq. Lakin orada maaş az göstərilirdi”.

Şahid Pərviz Səmədov isə uşaq cərrahı olduğunu deyib. Bildirib ki, əmək haqqı kartı olmayıb və aylıq maaş alıb.

Şahid Nuriyyə Qədirova klinikada ginekoloq kimi çalışdığını deyib: “Mən həmişə maaşımı vaxtında almışam. Mənim əmək haqqı kartım olmayıb. Lakin pulumu həmişə vaxtında almışam”.

Klinikada mühafizənin rəisi işləyən İlqar Həsənov istintaq zamanı verdiyi ifadəni təsdiq edib.

Proses yanvarın 30-da davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir. Klinikanın fəaliyyəti ilə bağlı açılan cinayət işi ilə bağlı məlum olur ki, adı çəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.

Leyla Şıxlinskaya mətbuata bu işdə heç bir günahının olmadığını bildirib: “Onlar əvvəl mənim pulumu kəsdilər. Klinikadan mənə pul çatmırdı. 700 min manatdan çox vəsaiti ələ keçiriblər və istintaq da bunu sübuta yetirib”.

Gununsesi.info

COMMENTS