
Heç bir infeksiya olmadan boyun, qoltuqaltı və qasıqda olan şişkinliklər kiçilməyib, əksinə gündən-günə böyüyürsə, diqqət edin. Ələ gələn və 1 santimetrdən çox olan bu şişkinliklər limfa düyünləri şişinin əlaməti ola bilər.
Limfomanın 4 əhəmiyyətli əlaməti
Edilməli ən önəmli şey isə təşvişə düşmədən hematoloqa müraciət etməkdir. Çünki limfoma müalicə olunabilən xəstəlikdir. Nə qədər erkən diaqnoz qoyularsa, müalicə şansının da bir o qədər çox olduğunu bildirən Acıbadem Universiteti Sümük İliyi Nəqli Mərkəzinin məsul şəxsi və Acıbadem Kozyatağı Xəstəxanasının Hematologiya mütəxəssisi prof. dr. Siret Ratip limfomanın simptomları, növləri və müalicə üsulları haqqında məlumat verir.
“Limfoma xəstələrindən çox, xəstə olmayanlar yoxlanışa gəlirlər”
Limfa düyünləri bədənin ən vacib müdafiə mexanizmlərindən biridir. Bədənimizdəki minlərlə limfa düyünü, infeksiyalara və xəstəliklərə qarşı müqavimət göstərməyimizə imkan verən immun sisteminin ən vacib hissəsidir. Yaşanan infeksiyalar zamanı limfa düyünləri böyüyür. Xəstəlik bitdikdə isə yenidən əvvəlki ölçülərinə qayıdır. Bu, tamamilə normal bir mexanizmin göstəricisidir. Limfoma isə limfa düyünlərinin bədxassəli şişləridir. Lakin bir çox insan yaşadığı qulaq-burun-boğaz infeksiyası zamanı boynunda yaranan şişkinliyin limfoma olduğundan şübhələnərək həkimə müraciət edir. Belə vəziyyətdə “xəstələrdən daha çox, xəstə olmayanlar böyük qorxu ilə bizə gəlirlər” deyə bildirən prof. dr. Siret Ratip limfomanın ən əhəmiyyətli əlamətlərini aşağıdakı kimi izah edir.
Limfomanın ən əhəmiyyətli əlamətləri
1. Limfa düyünlərində getməyən və böyüməyə davam edən şişkinlik
Xüsusilə, boyun, qoltuqaltı və qasıq nahiyəsində heç bir infeksiya olmadan meydana gələn və böyüməyə davam edən, adətən ağrısız olan şişkinlik.
2. Qeyri-iradi və sürətli arıqlama
6 ay müddətində rejim və s. kimi prosedur olmadan insanın normal çəkisinin təxminən 10%-ni itirməsi.
3. Gecə tərləmələri
Xüsusilə, isti havalarda gecə tərləməsi normaldır. Ancaq limfomanın əlamətləri arasında olan gecə tərləmələrində insan pijamalarını, hətta yataq mələfələrini dəyişmək ehtiyacı hiss edir.
4. Yüksək temperatur
Mənşəyi bilinməyən və hər hansı bir infeksiyaya bağlı olmayan qızdırma.
Radiasiya və kimyəvi maddələr səbəb ola bilər
Qanın çata bildiyi hər yerdə yarana bilən limfa şişlərinin böyük əksəriyyətində bir səbəb aşkar edilmir. Bununla belə, limfoma xəstələrinin kiçik bir hissəsində əsas səbəblər arasında əvvəllər radioterapiyaya məruz qalma, kimyəvi maddələr, misal üçün benzol tərkibli maddələr və viral infeksiyalar kimi səbəblər ola bilər. Böyük bir hissədə limfa düyünlərinin içindəki fəaliyyətdən məsul olan genlərdə təsadüfən bir qırılma olduğu müəyyən edilir. Oradakı hüceyrələr sanki müstəqilliklərini elan edir, çoxalır və digər limfa düyünlərinə yayılır.
Xəstəliyin bir çox növü var
Limfomalar Hodgkin və Non-Hodgkin limfoma olaraq iki növ olsa da, Non-Hodgkin limfomaların onlarla növü var. Non-Hodgkin limfomalar da yayılma olaraq növlərinə görə üç fərqli şəkildə hərəkət edə bilirlər. Onlardan birində xəstəlik çox sürətlə böyüyür və sürətlə irəliləyir. Xəstə dərhal xəstəxanaya yerləşdirilməli olur. Başqa bir variantı aylar və həftələr ərzində orta sürətlə irəliləyir. Başqa bir növü isə daha yavaş irəliləyir və hətta ömür boyunca müalicə tələb etmir. Üç əsas qrupun içində də onlarla növ limfoma aşkar edilir. Ona görə də araşdırmalar çox ətraflı aparılmaldır.
Prof. dr. Siret Ratip:
“Kimyaterapiya və kök hüceyrə transplantasiyası ilə müalicə mümkündür!”
Limfomanın müalicəsində kimyaterapiya və kök hüceyrə transplantasiyası kimi üsullardan istifadə edilir. Müalicə üsulları növlərinə görə fərqli olsa da, limfoma müalicə olunabilən bir xəstəlikdir. Lakin hər xəstəlikdə olduğu kimi limfomanın müalicəsində də erkən diaqnozun böyük əhəmiyyəti var. Hodgkin limfomaların 1 və 2-ci mərhələsində 5 illik sağlam həyat müddəti 80%, 3 və 4-cü mərhələsində isə təxminən 60%-dir. Non-Hodgkin limfomalarda isə sağ qalma nisbətləri xəstəliyin növünə görə dəyişir və təxminən 60 faizi tamamilə xilas ola bilir. Müalicəyə cavab verməyən xəstələrin təxminən 30%-ə yaxını xəstənin özündən toplanan yüksəkdozalı kimyaterapiya və kök hüceyrə transplantasiyası ilə xilas ola bilər. Bundan əlavə, son 10 ildə hazırlanmış bir çox yeni dərman sayəsində müalicənin uğurlu keçməsində ümidverici nəticələr gözlənilir.
Gununsesi.info