Litva rəsmilərinin Azərbaycana səfəri başa çatıb

  • By admin
  • 12 Fevral 2022 12:05

Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin rəhbərinin ölkəmizə səfəri başa çatıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Avropa İttifaqının “Avropa Qonşuluq Siyasəti” planı çərçivəsində həmin quruma üzv ölkələrin Avropa dövlətlərinin müvafiq təsisatlarının iş təcrübəsinin öyrənilməsinə yönəldilmiş “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Tvininq” layihəsi çərçivəsində Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin rəhbəri-tərəfdaş ölkənin layihə rəhbəri Jidrunas Bartkus və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

Nümayəndə heyətinin Baş prokurorun müavini Elmar Camalovla görüşü keçirilmiş, görüşdə Baş prokurorun müavini qeyd edib ki, “Avropa Qonşuluq Siyasəti” planı çərçivəsində həmin quruma üzv ölkələrin Avropa dövlətlərinin müvafiq təsisatlarının iş təcrübəsinin öyrənilməsinə yönəldilmiş “Tvininq” layihəsinin həyata keçirilməsi Azərbaycanda cinayət yolu ilə əldə edilmiş aktivlərin bərpası üzrə fəaliyyətin daha da təkmilləşdirilməsinə gətirib çıxaracaq.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun yeni inzibati binası ilə tanış olmuş, 44 günlük Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereyasındakı eksponatlar, ən müasir cihaz və avadanlıqlarla təchiz edilmiş kriminalistika otağı, beynəlxalq tədbirlərin, mətbuat konfranslarının keçirilməsi üçün nəzərdə tutulmuş konfrans zalları, müasir hüquq ədəbiyyatı, normativ-hüquqi aktlarla zənginləşdirilən, digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilən kitabxana qonaqların marağına səbəb olub.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin fəaliyyəti ilə tanış olan nümayəndə heyəti əməkdaşların səmərəli fəaliyyəti üçün bütün imkanların yaradıldığını, yaradılan şəraitin işin daha da keyfiyyətli həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Bundan sonra, “Tvininq” layihəsi çərçivəsində Litva və Azərbaycandan olan komponent liderlərinin iştirakı ilə layihə üzrə 6 aylıq iş planının hazırlanması, iş planında nəzərdə tutulan komponentlərin müzakirəsi həyata keçirilib.

Gununsesi.info