
BMT sel fəlakətində 11 mindən çox insanın həyatını itirdiyi Liviyada ortaya çıxacaq xəstəliklərin “ikinci böhrana” səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Liviya səlahiyyətliləri, çirklənmiş su içən yüzlərlə insan arasında ishalın yayıldığını bildirib.
Gununsesi.info xəbər verir ki, BMT-nin Liviyadakı Dəstək Missiyası (UNSMIL) ölkədə suyun çirklənməsindən xüsusilə narahat olduqlarını qeyd edib. Missiya bildirib ki, ölkədə xəstəliklərin yaranmasının qarşısını almaq üçün BMT-nin doqquz agentliyi fəaliyyət göstərir.
Liviya Xəstəliklərlə Mübarizə Mərkəzinin rəhbəri Hayder əl-Saeih bildirib ki, həftə sonu Dernada ən azı 150 nəfər çirkli su içdikdən sonra ishal olub. Ölkənin şərqindəki administrasiyanın səhiyyə orqanları ortaya çıxan xəstəliklərə qarşı peyvənd proqramının başladığını açıqlayıb.
Ölkənin Qızıl Aypara Cəmiyyəti Dernada təxminən 11,300 adamın öldüyünü açıqlayıb. Qeyd edilib ki, 10 min nəfər itkin düşüb və onların da öldüyü təxmin edilir. Bu arada Ümumdünya Səhiyyə Təşkilatı ölkəyə 28 ton tibbi ləvazimat göndərib.
Təbii fəlakətdən zərər çəkənlər Benqazi və Tobruk şəhərlərinə təxliyə edilərkən, könüllülər dağıntılar altında sağ qalanları axtarır. İnfrastrukturun dağıdılması və zəif koordinasiya yardımın ən çox zərər çəkmiş ərazilərə çatdırılmasını çətinləşdirir.
Digər tərəfdən YUNESKO Dərnənin şərqindəki qədim Yunan-Roma şəhəri Kirenenin xarabalıqlarının vəziyyətindən narahat olduğunu açıqlayıb. “Associated Press”ə göndərilən məlumatda qeyd edilib ki, “UNESCO yerdə arxeoloqlarla təmasdadır və peyk təsviri qrupu zərərin nə ola biləcəyini müəyyən etməyə çalışır”.
Qeyd edək ki, Kirene Liviyada YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilmiş beş obyektdən biridir.
Səid Əhmədli
Gununsesi.info