Londonun azərbaycanlı rəssamı: “Bakıda bunu etsən, arxasında başqa məna axtaracaqlar” -FOTO

12 ildir Londonda yaşayan azərbaycanlı rəssam Nailə Hazellin rəsm əsərləri bu gün adlı-sanlı qalereyalarda sərgilənsə də, uğura gedən yolu rəvan olmayıb. Gənc yaşda həyat yoldaşını itirən rəssam, Bakıda qala bilmədiyi üçün iki övladı ilə birlikdə sıfırdan yeni bir həyata başlayıb.

Bu gün ölkəmizi dünya səviyyəli sərgilərdə təmsil edib pillə-pillə şöhrətin zirvəsinə doğru addımlayan Nailə Hazell Publika.az-ın suallarını cavablandırıb.

– Nailə xanım, əvvəlcə həyat yolunuza nəzər salaq, bizi özünüzlə tanış edin.

– Rəssam Nailə Zülfüqarova. İngiliscə çox çətin tələffüz olunduğundan, soyadımı dəyişib Hazell etməyə qərar verdim. Əslində Zülfiqarova rəhmətlik həyat yoldaşımın soyadıdır, qızlıq soyadıma qayıtmaq uzun və yorucu proses olduğundan belə bir ləqəb götürdüm. Həm də Hazell ingilis dilində qədim bir addır.

 Nə zaman və nə üçün rəssam olmağa qərar verdiniz?

– Uşaqlıqdandan rəsm çəkməyə meylli olmuşam. Özümü rənglərin dili ilə ifadə etməyi sevirdim. Duyğularımı sözlə dilə gətirməyə həmişə çətinlik çəkmişəm. Bu istedadımı məktəbdə müəllimlər də hiss edirdi. Anam deyirdi ki, Nailə karandaşı əlinə alan kimi işi bitirir. İndi də beləyəm. Odur ki, mənə verilən bu bacarığı qiymətləndirməyə bilməzdim. Rəssam olmaq ən böyük arzum idi.

16 yaşımda bir gündəliyim var idi, ona üç ən böyük arzumu yazmışdım. Nə pul, nə var-dövlət, nə də ailə qurub uşaq sahibi olmaq istəyirdim, ancaq rəssam olmaq arzusu ilə yaşayırdım. Üç arzu haqqımın üçü də rəssam olmaq istəyimlə bağlı idi. O dəftəri hələ də saxlayıram. Yeri gəlmişkən, indi də həyatımda baş verən əlamətdar hadisələri dəftərə köçürürəm.

Xüsusilə o vaxtlar rəssamların maddi durumu və qazancı pis olduğundan valideynlərim qarşı çıxırdılar. Atam tərcüməçi olmağımı istəyirdi. Atama-anama qulaq asmadım, özümə müəllim tapdım, sonra onun dəstəyi ilə akademiyaya hazırlaşdım və qəbul oldum. Həm bakalavr, həm də magistratura təhsilimi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında almışam. Amma Bakıda rəssam işləmədim, Təhsil Nəşriyyatında işə düzəldim, kitabları illüstrasiya edirdim.

– Nailə xanım, Londona gedişiniz necə oldu?

– Bu, uzun bir hekayədir. 2007-ci ildə həyat yoldaşımı itirdikdən sonra Bakıda yaşaya bilməyəcəyimi anladım. Azərbaycanda yaşamaq çox çətin idi. Tanışlarım sayəsində uşaqlarımla birlikdə Londona köçdüm və burda sıfırdan yeni bir həyata başladım. 2 oğlum var, biri 16, o biri 15 yaşındadır.

Azərbaycanda həyatım pis deyildi, nəşriyyatda işləyirdim, yaxşı qazanırdım, səyahətlər edirdim. Amma sənətkar olaraq formalaşmamışdım, akademiyanı yeni bitirmişdim. Sonra ailə qurdum, iki övlad dünyaya gətirdim. Yoldaşım da rəssam idi, magistraturanı birlikdə oxumuşduq, 2007-ci ildə o, rəhmətə getdikdən sonra dünyam dağıldı… Gələcəyə dair bütün planlarım tamamilə dəyişdi. 2009-cu ildə Londona köçməyə qərar verdim. 2010-cu ilin dekabrın 23-də artıq Bakı ilə sağollaşdım.

Nəşriyyatda kurrikulum üçün kitablar hazırlayanda iş gec saatlara qədər uzanırdı. Atam hirslənirdi ki, niyə evə gec gəlirsən. Azərbaycanda qadının, həm də dul qadının üzərinə qoyulan məsuliyyət və yük ağırdır. Belə bir gərginlikdə yaşamaq olmurdu. Valideynlərim mənə görə çox narahatlıq keçirirdi, var gücləri ilə məni ətraf-mühitin neqativ təsirindən qorumaq istəyirdilər. Dul qadın və 2 övlad anası olduğuma görə, üstümdə daha çox əsirdilər.

Londona köçmək böyük bir addım idi, bu qərarı vaxtında verdiyim üçün çox məmnunam. Burda istədiyim həyatı yaşayıram, azad insanam, cəmiyyətin neqativ fikirlərindən və basqılarından tamamilə uzaq və azad bir həyat sürürəm. Ən əsası işimə qarışan yoxdur, heç kim ailəm haqqında danışmır.

– Londonda təhsilinizi davam etdirmədiniz?

– Davam etdirməyi düşünürdüm, ailəmə və uşaqlarıma baxmalı və işləməli idim deyə, alınmadı.

Londonda təhsil sistemi onunla fərqlənir ki, rəssamlar daha azaddır. Tələbələr fərqli materiallardan istifadə edirlər, yaradıcı mühitdə ideya və fantaziyalar heç bir sərhəd tanımır, daha çox axtarışda olur, dünya sənəti ilə daha yaxından maraqlanırlar. Azərbaycanda oxuyanda bizə limit qoymuşdular, ancaq bəlli məşhur rəssamların həyat və yaradıcılığını öyrənirdik. Modern art bilgilərimiz geniş deyildi, sırf akademik mövzuları işləyirdik. Əlbəttə ki, bütün bunların mənə öz üslubumu tapmaqda faydası oldu. Ancaq çətinə düşdüyüm vaxtlar da olur, akademiyada aldığım təhsil məni çərçivədən kənara çıxmağa qoymur, bəzən abstrakt mövzulara müraciət etməyə qorxuram. Qorxuları aradan qaldırmağa çalışıram.

Görürəm ki, Londonda təhsil çox sadələşdirilib, tələbələr fikirlərini çox rahatlıqla kətan üzərinə köçürə bilirlər. Eyni zamanda görürəm ki, burdakı tələbələrin akademik üslubu mənimsəməyə ehtiyacları var. Azərbaycan və İngiltərənin təhsil prinsiplərini qarışdırıb tələbələrimə yeni bir texnika öyrədirəm.

– Nailə xanım, necə bir dünyada yaşayırsınız, rəssamın gündəlik ruh halını bizim üçün necə ifadə edərdiniz?

– Dəyişkəndir, ona görə ki, həm də anayam, atasız 2 oğul böyüdürəm. Eyni zamanda, yatanda, yemək bişirəndə belə sənəti düşünürəm. 24 saatım sənətlə bağlıdı, beynimdə daim nəsə çəkib-pozuram. Bununla belə uşaqların qeydinə qalıram. Həyatsevər olsam da, insanların bir-birinə olan münasibəti, dünyada son illərdə baş verən hadisələr məni həmişə düşündürür və narahat edir. Amma ümidimi itirmirəm, inanıram ki, hər qaranlığın sonu bir işıqdır və ona çatmaq üçün hərəkət etmək lazımdır. Özümə borcum var, söz vermişdim ki, peşəkar bir rəssam olacam, ruh halımı da bu istiqamətdə kökləyirəm.

Səhərlər yuxudan tez dururam, idman edirəm, sonra qəhvə içib emalatxanaya qaçıram. Ora çatana qədər məni bürüyən inam, həyəcan və yaradacağım əsərlərin gücü motivasiya edir. Bəzən qəmli olsam da, o da bir əsər yaratmağa ilhamlandırır. Gündəlik əhval-ruhiyyəm ümumilikdə yüksək olur. Burda insanlar fərqlidir, hər kəs bir-birinə təbəssümlə baxır. Sadəcə kiminsə üzünə baxıb “Sabahın xeyir” deməsi kifayətdir ki, ovqatın yüksəlsin. Təəssüf ki, Azərbaycanda belə ənənə yoxdur, Bakıda tanımadığın adama baxıb gülsən, arxasında başqa məna axtaracaq…

– Sənətə gələn hər bir insan müəyyən mərhələlərdən keçir. Rəssamlıqda sizin çətinliyiniz nə olub?

– İngiltərəyə köçəndən sonra 6 il rəssamlıqdan uzaq qaldım. Uşaqlarımı böyüdə bilmək üçün başqa işlərdə çalışdım. Artıq dəli olmağa başlayırdım, ətrafımda yaradıcı insan yox idi, başqa iş sahibləri idilər. Muzeyə və qalereyalara getmək, fırçalardan, rəsm janrlarından danışmaq onlara maraqlı deyildi. Yağlı boya toksik olduğuna görə, evdə istifadə etmək olmazdı. 6 il sonra studiya kirayə götürdüm, çox bahalı idi, qorxurdum ki, pulunu ödəyə bilməyəcəm. Amma sifarişlər qəbul etməyə, rəssam qrupları və təşkilatlarına yazılmağa başladım. Yaradıcılığım damla-damla inkişaf etməyə başladı, çətinliklər həmişə və hər yerdə var. Sənətinə qoyduğun həvəs və enerjini düzgün istifadə edə bilirsənsə, problemlər müəyyən zamandan sonra azalmağa doğru gedəcək və onu uğur əvəz edəcək.

Bəzən yeni mövzu tapmaq üçün qələmlərimi, dəftər və kitablarımı özümlə götürüb şəhərdən kənara çıxıram. Gündəlik qayğılardan uzaqlaşıb özümlə tək qalıram ki, üzərində işləyə biləcəyim yeni mövzular haqda düşünüm. Bu, mənə rahatlıq verən bir iztirabdır. Belə əzablardan zövq alıram.

– Bəs rəssamı nə darıxdırır?

– Rəssam heç vaxt darıxmır. Həqiqətən də darıxmağa vaxtım da yoxdur, ya rəsm çəkirəm, ya şeir yazıram, ya kitab oxuyuram, həmişə məşğulam.

– Yaradıcılığınızda ifadəli baxışlar, gözlər mühüm yer tutur. Və bu energetika qarşısında insanı qarşısıalınmaz bir kədər bürüyür. Nədir bu sirr? Qəhrəmanlarınızın gözləri kimi və nəyi axtarır?

– Tutduğumuz əşyalar həmişə havada qalır, heç nəyə 100 faizlik toxuna bilmirik, hər şey uçma vəziyyətindədir. Əlinlə nə qədər sıxsan da, yenə də bir boşluq var. “Repelling” dəf etmək, itələmək, “embracing” isə qucaqlamaq və sarılmaq deməkdir. Yaradıcılığım da bu prinsip üzərində qurulub.

Hər gözdə bir məna yatır, insanla üzbəüz oturub 5 dəqiqə onun gözlərinə baxsan, səndə qəribə hiss əmələ gələcək. Siz danışmadan da bir-birinizi oxumağa başlayacaqsınız, onda sözlərə ehtiyac qalmır, hətta o gözün içində sənə olan nifrəti də, sevgini də hiss edir və sualları görürsən. Odur ki, əsərlərimdə bir-birinə toxunan obrazlar çəkirəm, çünki biz bunları gündəlik həyatda göstərmirik. Amma ağlımızda var. Məsələn, dalaşanda, kimisə incitmək istəyirsən, yaxud sevəndə sarılmaq istəyirsən.

Həmçinin həyat təcrübələrimi də öz işlərimə yönəldirəm. Həyatımın firavan keçdiyini deyə bilmərəm. Valideynlərim arasındakı söz-söhbətlər məndə travma qoymuşdu. Uşaqlıq travmalar bəzən öz ailəmə təsir edir… Sonra çox sevdiyim həyat yoldaşımı cavan yaşda itirdim. Onsuz bir həyat təsəvvür edə bilmirdim… Londonda sıfırdan yenir bir həyata başlqamaq, əlbəttə ki, asan olmadı. İnanıram ki, hər insan bir nağıl qəhrəmanıdır. Sevgini necə paylaşırıq, necə qəbul edirik, bunlar çox önəmlidir. Həmişə istəyirdim ki, yoldaşım xoşbəxt olsun, özünü gözəl ata hiss edə bilsin. Ona dəstək olmaq istəyirdim, amma bu şans əlimdən alındı. Dağılan və yola getməyən ailələri görürəm… Bir-birimizin dilini tapmaq çox çətindir. Əsərlərimdə tez-tez bu mövzulara toxunuram, buna da itələmək və sarılmaq adını vermişəm.

Bu yaxınlarda sərgimdə iştirak edən bir nəfər mənə yaxınlaşıb “Oğlan niyə orda uzanıb, burda nə demək istəmisiniz?” soruşdu. Cavab olaraq “Əsərim haqqında danışmayacam, istəyirəm ki, gözün içinə baxıb, özün haqqında fikirləşəsən. Özünü o bədənin yerinə qoy və o gözdən bizə doğru baxmağa çalış. Orda nəyi görürsən?” dedim.

– Çəkdiyiniz əsərlərdə obrazların dili ilə insanlara, dünyaya başqa hansı mesajı çatdırmaq istəyirsiniz?

– Bir-birimizi dinləməyi, qiymətləndirməyi, hörmət etməyi və dil tapmağı bacarmalıyıq. İstəyirəm ki, hər kəs öz kimliyini tanısın. Məişət qayğılarına başımız o qədər qarışır ki, məqsəd və hədəflərimizi unuduruq. Həm də emosionallığımızı vurğulayıram, biz həqiqətən də emosional “heyvanlarıq”. İstəyirəm insanlar vaxtında ayılsınlar və kim olduqlarını görsünlər. Hər bir baxışın arxasında mərhəmət, xeyirxahlıq yatır. Həyatın gözəl tərəflərini göstərməyə çalışıram ki, insanlar o anı, o saniyələri və dəqiqələri yaşaya və dəyərləndirə bilsinlər. Diqqətsizliyimiz üzündən bir çox fürsət və imkanları əlimizdən qaçırırıq.

– Bəs həyatınızda hansı rəngin yoxluğunu hiss edirsiniz? Bu yoxluğu necə doldurursunuz?

– Studiyada olmayan rəngim yoxdur, metafora mənasında desək, günəş sarısı ilə dəniz mavisi üçün darıxıram. Londonun havası daim dumanlı, buludlu, boz və tutqundur, dəniz çox uzaqdadır, günəşi də çox az-az görürük. Gələcəyimi isti, qumlu sahili olan bir ölkədə görürəm. Burda da köçəri bir quşam, Londonda çox qalmağı düşünmürəm.

– Həm daxilən, həm də ruhən özünüzü hansı rəssama yaxın hesab edirsiniz?

– Sevdiyim rəssamlar çoxdur, hər rəssamın öz janrı var. Əslində daxilən biz rəssamlar bir-birimizə bağlıyıq, həm də bir-birimizə lazımıq. Rəssamların görüşü çox həyəcanlı keçir, ümumilikdə paylaşacaq çox fikirlərimiz var, demək olar ki, eyni yollardan keçirik. Rəssamların dili də eynidir.

– Azərbaycanda sərgi təşkil etməyi düşünürsünüz?

– Təklif gəlsə, bəlkə dəyərləndirərəm. Yaxın zamanlarda belə bir planım yoxdur, başım yaradıcılığımı inkişaf etdirməyə qarışıb. Əsərlərim çox olsa da, işləri sürətləndirməyə ehtiyac var. Təkliflər çoxdur deyə, işlərim sərgilərə səpələnir və əlimdə əsər qalmır.

– Maraqlıdır ki, ingilislər azərbaycanlı rəssama necə münasibət göstərir, ayrı-seçkilik hiss etmisiniz?

– Belə bir problemim olmayıb, əksinə əcnəbi dostlarım mənə hörmət edir və mənimlə qürur duyurlar.

– Çəkdiyiniz əsərlərin qiymətləri ilə maraqlana bilərikmi? Ən bahalı əsərinizi neçəyə satmısınız?

– Ən bahalı əsərim, təxminən 5 min funt sterlinqə satılıb. Qalereyada isə böyük işlərim 9 min funt sterlinqə satışa qoyulmuşdu.

– Rəsmin qiymətli olmasına təsir edən amillər nələrdir?

– Əvvəllər qiymətlər ucuz idi, qalereyalarla işləməyə başlayandan qiymətlər qalxıb. Bir çox beynəlxalq sərgilərdə iştirak etmişəm, mükafatlar almışam, bütün bunlar CV-mə daxil edildiyi üçün əsərin qiymətinə təsir edir.

– Təəssüf ki, Azərbaycanda rəssamlar əsərlərindən istədikləri qazancı əldə edə bilmirlər. Bu barədə nə deyə bilərsiniz?

– Bu, həssas nöqtədir və rəssamların deyil, ölkənin və təhsilin problemidir. Cəmiyyətdə sənət və rəsm nümunələrinə maraq aşılanmır. Muzeyə gedirlərmi, kitab oxuyurlarmı, teatra gedirlərmi? Bizdə incəsənət ölmüş bir dünyadır, 12 il əvvəl belə idi. Bu illər ərzində nə qədər inkişaf etdiyimi bilmirəm. Londonda isə ailələr qalereya və sərgilərə gedirlər, getməsələr də xəbərləri oxuyurlar, sənət yarışmaları təşkil olunur, ən əsası rəssamların işlərinə qiymət verirlər. Bunları Bakıda hiss etmirəm. Azərbaycanlı rəssamların üslubu da çox aşağıdır. Hamı çox milli tərzdə işləməyə üstünlük verir, yenilik və individuallıq gətirən azdır. Bu yay Bakıya gələndə bizim qalereyaları gəzdim, təəssüf ki, həyəcanlanmadım.

Dəyişiklik lazımdır, xaricdən müəllimləri dəvət etmək olar, uşaqlar yeni üslublarla və beyinlərlə tanış olmalıdır. Bu, ciddi iş tələb edir. Rəssamlar ona görə istədiklərini qazana bilmirlər ki, insanlarda ona tələbat yoxdur. Şansım gətirdi ki, bura gələ bildim. Bilirəm ki, Bakıda qalsaydım, mənə maraq oyanmayacaqdı. Çünki portretləri və insanları işləyirəm. Azərbaycanda sərgi etməməyimin səbəbi, əslində budur, kiminsə əsərimi alacağını və ya qiymətləndirəcəyinə dair ümidim yoxdur.

Neqativə kökləmək istəmirəm, amma görünən odur ki, sənətə sevgi hələ daha çox aşılanmalıdır. Bu sevgi baxça və məktəndən başlamalıdır. Xəbərlərdə və televiziyalarda bu barədə daha çox məlumat verilməlidir ki, bu maraq oyansın.

Onu da deməliyəm ki, bizdə başqa sosial problemlər də çox olduğundan, sənətlə maraqlanmağa vaxt ayıra bilmirlər.

– Sonda ən qəribə və ya ən dözülməz xüsusiyyətinizi etiraf edə bilərsiniz?

– İnsanlarla söhbət edəndə gözüm hansısa rənglərə ilişir, o saniyələr məndə donur. İnsanın üzündəki hansısa kölgə, hansısa hərəkəti diqqətimi çəkir. Bu zaman “Aa, tərpənmə, şəklini çəkməliyəm” deyirəm. Çünki onu bir əsər kimi görürəm və onu rəsmə çevirirəm. O anı qaçırmamaq üçün insanların sözünü ağzında qoyuram. Nədən danışdığımızı unutsaq da, ortaya çox gözəl bir əsər çıxır.

Həm də çox səbirsizəm və buna nifrət edirəm. Bu xüsusiyyətim həmişə başıma bəladır. Bəlkə də əsərlərimi çox tez çəkib bitirməyim də səbirsizliyimlə bağlıdır. Hər günü ömrün sonuncu günü kimi yaşamalı olduğumuza inanıram…

Aytən Məftun