
ABŞ yenidən alovla mübarizə aparır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu dəfə alov 28 nəfərin ölümünə səbəb olan əvvəlki yanğınların şimalına qalxıb.
Kaliforniyanın Los-Anceles şəhərində Castaic gölünün ətrafında başlayan Hughes yanğını qısa müddətdə geniş əraziyə yayılıb.
3 min hektardan çox ərazini əhatə edən yanğında bölgədə 50 mindən çox insan təxliyə əmri və ya xəbərdarlıq edilib.
Kaliforniyanın cənubunda yüksək yanğın riski səbəbindən qırmızı bayraq xəbərdarlığı davam edir.
Səlahiyyətlilər yanğının Kastaik şəhərini təhdid etdiyini və 31 min insanın təxliyə edilməsini əmr etdiyini bildirdi. 23 min insana istənilən vaxt təxliyə əmrinə hazır olmaq barədə xəbərdarlıq edilib.
Anceles Milli Meşəsindəki San Qabriel dağları alov səbəbindən ziyarətçilər üçün bağlanıb.
Bölgəyə həm qurudan, həm də havadan müdaxilə edilir, lakin yanğın hələ də nəzarət altına alınmayıb.
Yanğın hələ yaşayış məntəqələrinə çatmayıb, tələfat və xəsarət alanlar barədə məlumat verilmir.
Milli Meteoroloji Xidmət həftəsonu yağış yağacağını açıqlayıb. Bunun alovla mübarizəni xeyli asanlaşdıracağı gözlənilir.
ABŞ Prezidenti Donald Tramp yanvarın 19-da verdiyi açıqlamada Ağ Evə qayıtdıqdan sonra ilk səfərinin yanvarın 24-də yanğınlardan zərər çəkmiş Cənubi Kaliforniyanı əhatə edəcəyini bildirib.
Los-Ancelesin Pacific Palisades bölgəsində yanvarın 7-də səhər saatlarında başlayan və xüsusilə Eaton, Hurst, Sunset və Woodley bölgələrində sürətlə ətraf ərazilərə yayılan meşə yanğınlarında indiyədək ən azı 28 nəfər həyatını itirib.
Minlərlə hektar ərazini məhv edən yanğınların vurduğu ümumi zərərin və iqtisadi itkilərin 250-275 milyard dollar olduğu təxmin edilir.
Orxan Saffari