“Lotu Quli”nin ən yaxın silahdaşını güllələyən KİLLERLƏR HƏBS OLUNDU - FOTO

  • By admin
  • 27 Oktyabr 2017 17:36

“Lotu Quli” ləqəbi ilə tanınan “qanuni oğru” Nadir Səlifov azadlığa buraxılan günü Sankt-Peterburqda onun ən yaxın silahdaşı Elşən Əmircanlı kimi tanınan Elşən Məmmədovu güllələməkdə şübhəli bilinən killerlər həbs olunub.

Gununsesi.info-nun pressday.az-a istinadən verdiyi məlumata görə, o, sentyabrın 11-də Tbilisidə özünün Toyota Land Cruiser avtomobilində öldürülüb.

Killerlər avtoritetin avtomobilinə 8 güllə atıblar, onlardan biri onun üçün ölümcül olub.

Bu cinayətin sifarişçilərindən biri kimi əvvəlcə Rafiq Masallilı kimi tanınan Rafiq Eyvazovun adı çəkilib. Bu ehtimalın ortaya çıxmasına səbəb Eyvazovun 2016-cı ilin dekabr ayında Qulinin təşkilatçılığı ilə qanlı divanına görə qisas alması göstərilirdi.

Rafiq Masallılını o vaxt möhkəm döyərək qulağını qopartmşdılar. Bundan sonra “qanuni oğru” ona divan tutanların hər birindən qisas alacağına söz vermişdi.

2017-ci ilin aprel ayında Rafiq Masallılının adamları Qulinin silahdaşlarından birini, 42 yaşlı Cabir Həsənovu öldürüblər. Onu Sankt-Peterburqun Lenin prospektində güllələmişdilər. Yerli hüquq-mühafizə orqanları tezliklə killeri – 42 yaşlı Azərbaycan vətəndaşı Nazim Nüsrətovu saxlaya bilmişdilər.

Üstündən cəmisi bir ay keçəndən sonra, bu ilin may ayında Odessada Qulinin daha iki etibarlı adamının – İlham Hacıyev və Oqtay Arxalın olduğu avtomobil atəşə tutulmuşdu. O zaman hər iki şəxs yüngül xəsarətlərlə canlarını qurtata bilmişdilər.

Güllələnən Elşən Məmmədova gəldikdə, məhz o Rafiq Masallılını özünün restoranına dəvət etmiş, ona stol açmış, sonradan nümayişkaranə divanı təşkil etmişdi. Burada baş verən hadisə kamera ilə çəkilərək yalnız kriminal aləmdə yox,həm də İnternetdə yayılmışdı.

Gürcüstan KİV-ləri o zaman yazırdılar ki, Elşən Məmmədovun aradan götürülməsinin kökündə “qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) güllələnməsi dururdu. Bunun əsaslı təsdiqi – saxlanılan şübhəlilərin Rövşən Lənkəranskinin yaxın ətrafındakı Emin Əhmədov, Hüseyn İskəndərov və Mehman Əmiraslanovun olmaları idi.

Polislər cinayətkarları VAZ 2114-də saxlayıblar. Avtomobilin salonunda 8 güllə ilə tapança, eləcə də əl qandalları, maska və xüsusi əlcək paketləri aşkarlanıb. Ələ keçirilən silah artıq ekspertizaya göndərilib. Sankt-Peterburq əməliyyatçıları iddia edir ki, saxlanılanlar yeni sifarişli qətlə hazırlaşırdılar.

Emin Əhmədov kriminal avtoritet və Moskvada bizneslə məşğul olan Zaur Əhmədovun, Rövşən Lənkəranskinin faktiki varisi – qardaşıdır. Əhmədov həm də Canıyevin əmisi oğludur. 

Gununsesi.info