Lotu Qulinin qətlinin sifarişçisi AÇIQLANDI

  • By admin
  • 02 Sentyabr 2020 09:04

Avqustun 19-da Türkiyənin Antalya şəhərindəki otellərdən birində qətlə yetirilən məşhur kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) qardaşı, “Namiq Bakinski” kimi tanınan Namiq Səlifovun “oğru” titulundan məhrum edilməsinə dair bu günlərdə KİV-lərə ötürülən “proqon” saxtadır.

Gununsesi.info xəbər verir ki, həmin “proqon”un altında imzası olan oğruların nə hamısı birlikdə, nə də ayrı-ayrılıqda N.Səlifovun tituldan məhrum edilməsinə dair həbsxanalara “proqon” göndəriblər.

Xatırladaq ki, həmin “proqon”un altında “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov başda olmaqla bir sıra qanuni oğruların adları yer almışdı. Lakin məlum oldu ki, həmin “proqon” bir il əvvəl olub və daha sonra “qüvvəsini itirib”. Namiq Səlifovun kriminal imperiyasının başına keçdiyi haqda xəbərlərdən sonra bu “sənəd” ortaya atılıb.

Qulinin öldürülməsinin arxasında Rövşən Lənkəranskinin qardaşı, Azərbaycan gömrüyünün polkovnik rütbəli keçmiş əməkdaşı Namiqin və Moskvada fəaliyyət göstərən əmisi oğlu Zaur Əhmədovun (“Zayka”) dayandığı deyilir. Onlar istənilən yolla qardaşlarının qisasını alacaqlarına and içmişdilər.

Lakin Quli Rövşənin ölümünə görə heç vaxt günahı üzərinə götürməmişdi. Heç bir qanuni oğru, o cümlədən Rövşən Lənkəranskinin dostları onu bu qətlə görə birbaşa ittiham etməmişdilər. Ona görə də əgər Rövşənin öldürülməsi iki qanuni oğrunun toqquşmasının nəticəsidirsə, indiki halda Qulinin qətli Lənkəranskinin qohumlarının qan qisasıdır.

O da bildirilir ki, həmin “proqon”da adları göstərilən oğruların hamısının Quli ilə bu və ya digər formada münaqişəsi olub, amma Quli onlarla açıq münaqişəyə getməyib. Bununla belə Qulinin qətlinin Quram, Badri və Şakro ilə bağlı olduğu haqda versiya dərhal ortaya atılıb.

“Praym Kraym” yazır ki, Qulinin qatili Xaqan Zeynalov (Xan Əhmədlinski) xüsusi olaraq onun ətrafına yerləşdirilməmişdi, amma Qulinin etibarlı adamına çevriləndən sonra ələ alınıb. Onu bu işə nə vadar edib, bilinmir. Qatil Qulini öldürməklə şan-şöhrətə, yoxsa sanballı qonorara ümid edirdi, bu məlum deyil, amma görünən odur ki, cinayətdən sonra ələ keçməklə onun planları pozulub.

Sayt mənbəyə istinadən bildirir ki, sifarişçiyə aparan izləri itirmək üçün Xanı onun cinayət ortağı – sürücü Amir Həmidli aradan götürməliydi. Həmidlini Xana Rövşən Lənkəranskinin qohumları calaşdırıb, amma Antalya-Dənizli yolunda onları polis saxladığına görə sürücü Xanı öldürə bilməyib. Habelə deyilənə görə, Xaqan Zeynalov qətlə görə vəd olunan qonorarı almayıb. Bəzi məlumatlara görə, o, şəxsi nifrət zəminində Qulini öldürməyə razılaşıb, lakin protokolsuz söhbətlərdə qətli muzdla törətdiyini inkar etmir. Üstəlik iddia olunur ki, Xan daha sonra sifarişçi kimi “Kvejoyeviç” ləqəbli gürcü qanuni oğru Quram Çxladzenin adını çəkməlidir. Kvejoyeviç ötən ilin avqustunda Antalyada Quli ilə söhbət zamanı onun adamı, “Arman Dikiy” ləqəbli qazaxıstanlı “fraer” (“oğru” adı almağa can atan) Arman Cumqaldiyev tərəfindən döyülmüşdü. Quli isə onu cəzalandırmaqdan imtina etmişdi.

Namiqə gəldiksə isə onu nüfuzdan salmağa yönələn saxta “proqon” kriminal aləmin liderlərinin ona qarşı iddiasının olmadığını göstərmiş olub. İndiyədək Qulinin yüksək avtoritetini qəbul edərək Namiq onun kölgəsində qalmağa məhkum idi. O, hələ 16 yaşında Quliyə atəş açan şəxsə tapançanın darağını boşaltmaqla böyük qardaşının hörmətini qazanıb. Bildirilir ki, Qulinin azadlığa çıxmasında da qardaşının xidmətləri olmuşdu. Amma o, “oğru” statusu alandan sonra bəzi məsələlərdə qardaşı ilə fərqli mövqe ortaya qoyub. Namiq qardaşına nisbətən kompromslərə meyillidir, amma publik şəxs deyil. İndi onun qardaşının işini davam etdirməkdən başqa yolu qalmır… (Virtualaz.org)

Gununsesi.info