Trampın təmsilçisi ilə görüşdən sonra Belarus prezidenti Aleksandr Lukasenko 123 siyasi məhbusu azad edib.
Gununsesi.info xəbər verir ki, onların arasında məşhur müxalifətçi Mariya Kolesnikova da var.
Belarus KİV-lərinin yazdığına görə, ümumilikdə 123 siyasi məhbus azadlığa çıxıb. Onların arasında Böyük Britaniya, ABŞ, Litva, Ukrayna, Latviya, Avstraliya və Yaponiya vətəndaşları da var. Azad edilənlərin tam siyahısı hələlik açıqlanmayıb, lakin Ukrayna Prezidenti Vladimir Zelenski onların arasında beş Ukrayna vətəndaşının olduğunu bildirib.
12–13 dekabr tarixlərində Minskdə Aleksandr Lukaşenkonun ABŞ-ın xüsusi nümayəndəsi Con Koul ilə danışıqları baş tutub. Bu görüşlərdən sonra ABŞ nümayəndəsi Vaşinqtonun Belarus kaliumuna tətbiq edilən sanksiyaları ləğv etdiyini açıqlayıb. Əvvəlki dəfə də Belarusda siyasi məhbusların azad edilməsi Lukaşenko ilə Koulun görüşündən sonra baş vermişdi.
11 sentyabrda Belarus həbsxanalarından 52 nəfər azadlığa çıxmışdı. Onların arasında “Belarus beyin mərkəzi” (“Беларусь головного мозга”) Telegram kanalının yaradıcısı İqor Losik və keçmiş prezidentliyə namizəd Nikolay Statkeviç də olub. Sonuncu daha sonra Belarusdan getməkdən imtina etmişdi.

Gununsesi.info













