“Aleksandr Lukaşenko demokrat deyil, ancaq Belarusun müstəqilliyini kimsəyə güzəştə getmək niyyətində deyil”
Rusiya ilə Belarus arasında yaranmış gərginlik, nəticədə Minskin Kremlin müəllifi olduğu Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatından (KTMT) çixmaq məsələsini gündəmə gətirib. Vəziyyət hətta, o, həddə çatıb ki, artıq Belarus lideri Aleksandr Lukaşenkonun bu gün Avrasiya İqtisadi İttifaqı və KTMT, həmçinin, Moskva ilə münasibətləri barədə rəsmi bir bəyantla çıxış edəcəyi gözlənilir.
Gununsesi.info Rusiya-Belarus və Lukaşenko-Putin arasında yaranmış gərginliklə bağlı millət vəkili, politoloq Rasim Musabəyova müraciət edib.
Millət vəkili öncə bildirib ki, Lukaşenkonun iki ölkə arasında yaranmış vəziyyətlə bağlı bu gün ciddi bir bəyantının olacağı gözlənilir və o, bəyanatı gözləmək lazımdır:
“Görək Lukaşenkonun bəyanatı hansı yöndə olacaq”.
Buna baxmayaraq millət vəkili R.Musabəyov bildirib ki, Belarusla Rusiya arasında bir neçə ildir gərginlik yaşanır.
“Bu gərginlik əsasən iqtisadi sahə ilə bağlıdır. Belə ki, Belarus Rusiyadan ucuz qiymətə neft və qaz almaq istəyir və Moskva da bu məsələdə güzəştə getmir. Baxmayaraq ki, Belarus Rusiyadan aldığı nefti özündə emal edib, baha qiymətə xaricə satırır. Bundan xeyli gəlir götürür. Odur ki, indi Belarus lideri iki ölkə arasında yaranmış durumdan yararlanaraq gözünü Qərbə dikib və onlardan həm maddi və həm də mənəvi dəstək gözləyir”- deyə, millət vəkili vurğulayıb.
R.Musabəyov onu da bilidib ki, burada ikinci bir məqam var:
“Bu da ondan ibarətdir ki, Rusiyanın Ukraynaya qarşı davranışı Belarus lideri Aleksandr Lukaşenkonu və ölkə rəhbərliyini ciddi narahat edir. Belarus lideri yaxşı anlayır ki, Kreml Ukraynanı sındırıb özünə tam tabe etdikdən sonra, Belarusla daha asan bacaracaq”.
Moskva ilə Minsk arasında gərginlik davam edərsə, Kremlin Lukaşenkonu devirməsi, Belarusu da Ukraynanın taleyi gözləməsi məsələsinə aydınlıq gətirən millət vəkili bildirib ki, Lukaşenko Kremlin onu devirmək planının gündəmə gəlməsindən ehtiyatlanır.
“Aleksandr Lukaşenko demokrat deyil, ancaq Belarusun müstəqilliyini kimsəyə güzəştə getmək niyyətində deyil”- deyə, R.Musabəyov bildirib.
Mürtəza
Gununsesi.info