SOCAR ilə Rusiyanın “Lukoil” şirkəti arasında uzunmüddətli müqavilə imzalanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” adlarını açıqlamadığı üç ayrı mənbəyə istinad edərək, məlumat yayıb.
“Reuters” bildirir ki, “Lukoil” şirkəti müqavilə çərçivəsində SOCAR-ın Türkiyədəki “STAR” neft emalı zavodunda emal olunmaq üçün ayda 200 min barrel xam neft verəcək. Yazılandan belə aydın olur ki, neft emalından əldə olunan məhsullarının satışını Rusiya tərəfindən müəyyən edilmiş şirkət satacaq, bu şirkətin də “Lukoil’un törəmə şirkəti “Litasco” olacağı bildirilir.
Agentlik qeyd edir ki, Moskvanın 2022-ci ildə Ukraynada “xüsusi hərbi əməliyyat” adlandırmasından sonra Avropa İttifaqının sanksiyalarına əməl etmək üçün əksər avropalı neft emalı müəssisələrinin xam neft idxalını dayandırmasından sonra saziş “Lukoil”a Rusiya limanlarına yaxın olan başqa bir müştəri verəcək.
Türkiyə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib və Rusiyadan neft və qaz idxal etməyə davam edir.
Bununla belə, STAR neft emalı zavodu Moskva ilə iş üzrə beynəlxalq maliyyə məhdudiyyətlərindən yaranan fəsadlar səbəbindən bu yay Rusiya xam neftinin idxalını azaltmalı olub.
LSEG Eikon məlumatlarına görə, emal zavodu avqust-sentyabr aylarında alışı tamamilə dayandırmadan əvvəl bu ilin əvvəlində Ural neftinin idxalını azaldıb, onu oxşar keyfiyyətdə olan və hələ də Rusiya limanlarından yüklənən Qazaxıstanın KEBCO nefti ilə əvəz edib.
LSEG məlumatları göstərir ki, “STAR” 2022-ci ildə gündə orta hesabla 100.000 barel Ural nefti alıb, lakin bu il indiyədək 50.000 bareldən azdır.
“Reuters”in mənbələrinin bildirdiyinə görə, “Lukoil” oktyabr ayından etibarən Ural neftini “STAR”a tədarük etməyə başlayacaq və stansiyanın gücünün yarısına bərabər olan sutkada 100 min barel tədarük edəcəyi gözlənilir.
LSEG məlumatlarına görə, “Lukoil” tərəfindən alınan üç tanker – “Azure Celeste”, “Ocean Faye” və “Sea Fidelity” – sentyabrın sonu və oktyabrın əvvəlində hər 100 min ton Ural nefti yüklədikdən sonra Primorskdan Türkiyəyə yola düşüb. Mənbələrdən birinin dediyinə görə, tankerlər yeni təchizat müqaviləsi çərçivəsində ilk göndərişlərdir.
Mənbələrin bildirdiyinə görə, “Lukoil” həmçinin SOCAR-a 1,5 milyard dollar kredit verəcək. Qeyd olunur ki, Azərbaycan şirkəti son on il ərzində “STAR”ın tikintisi üçün külli miqdarda kredit götürüb.
“Reuters” qeyd edib ki, məsələ ilə bağlı nə “Lukoil”, nə “SOCAR”, nə də “STAR” şərh sorğularına cavab verməyib. Mənbələr tədarük müqaviləsinin müddətini və ya kredit şərtlərini bilmədiklərini söyləyib.
“Lukoil” 2014-cü ildən Rusiyanın enerji sektoruna qarşı ABŞ-ın bəzi sanksiyalarına məruz qalıb, lakin 2022-ci ildən bəri başqa şirkətlərə qarşı tətbiq edilən sərt tədbirlərdən yayınıb. Şirkətin ticarət qolu “Litasco” hələ də Bolqarıstan və Rumıniyadakı Avropa İttifaqı ölkələrinin neft emalı zavodlarına neft tədarük edir Cenevrə və Dubayda ofisləri var.
2018-ci ildə istismara verilən “STAR”da ilk növbədə Ural və ya Kərkük kimi xam neftin emalı üçün nəzərdə tutulub. LSEG məlumatlarına görə, Rusiya neftinin idxalını azaltdıqdan sonra o, Qazaxıstan, Qərbi Afrika və İraq neft qiymətlərinə arxalanır.
Gununsesi.info