Martın 13-də “Lukoyl” qısa açıqlama verərək şirkətin rəhbər işçilərindən birinin ölüm xəbərini yayıb.
Gununsesi.info xəbər verir ki, məlumatda şirkətin vitse-prezidenti Vitali Robertus 54 yaşında qəflətən vəfat etdiyi qeyd olunub.
Robertusun ölümünün səbəbi ilə bağlı heç bir təfərrüat verilməyib.
Vitse-prezidentin Nijni Novqorod vilayətinin Kstovo şəhərində “Lukoyl-Nijneqorodnefteorqsintez” neft emalı zavoduna hücum nəticəsində öldüyü də ehtimallar sırasında yer alıb. Bu barədə “Kanal 24″ə xüsusi xidmət orqanlarındakı mənbələr məlumat verib.
Martın 12-də səhər saatlarında Rusiyanın Nijni Novqorod vilayətinin Nijni Novqorod yaxınlığındakı Kstovo şəhərindəki “Lukoyl” neft bazası pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Orada yanğın baş verib.
Ukrayna xüsusi xidmət orqanlarındakı həmsöhbətlər bildiriblər ki, “Lukoyl”un vitse-prezidenti Vitali Robertus neft emalı zavodunda baş verən partlayışlar zamanı ölə bilərdi.
Telekanal qeyd edir ki, hadisələrin bu inkişafı tamamilə mümkündür, çünki bir gün əvvəl Rusiya mediası Robertusun ölüm səbəbini açıqlamadan xəbər vermişdi.
Lakin hazırda Robertusun hücum nəticəsində ölməsi ilə bağlı təfərrüatlar müəyyənləşdirilir. Qeyd edək ki, bu, son iki ildə dördüncü belə haldır.
Vitali Robertus “Lukoyl”da 30 ildən çox işləyib, bundan əlavə, radio ilə idarə olunan modellər sinfində Rusiyanın və dünyanın dəfələrlə çempionu olub. Mətbuatın yazdığına görə, Robertus səhhətindən şikayət etməyib.
2022-ci ilin mayında “Lukoyl”un keçmiş top-meneceri, 43 yaşlı milyarder Alexander Subbotin ölü tapılıb. Rəsmi versiyaya görə, o, infarkt keçirib.
2022-ci ilin sentyabrında “Lukoyl”un Direktorlar Şurasının 67 yaşlı rəhbəri Ravil Maqanov vəfat edib. Rəsmi versiyaya görə, o, müalicə aldığı xəstəxananın pəncərəsindən yıxılıb. Eyni zamanda, şirkət özü Maqanovun ağır xəstəlikdən sonra dünyasını dəyişdiyini bildirib.
Direktorlar Şurasının rəhbəri 2023-cü ilin oktyabrında 66 yaşında vəfat edən Vladimir Nekrasov olub. Şirkətin məlumatına görə, ürək çatışmazlığından dünyasını dəyişib.
Analitiklər müəmmalı ölümləri müharibənin əvvəlində “Lukoyl”un Ukrayna ilə hərbi əməliyyatlara son qoymaq üçün danışıqlar aparmaq ideyası ilə çıxış etməsi ilə əlaqələndirirlər ki, bu da Putinə şirkətin ona sadiq olmayacağına dair siqnal olub.
Gununsesi.info