Məcburi köçkün ailəsinin ürək dağlayan faciəsi - FOTOLAR+VİDEO

  • By admin
  • 22 Fevral 2017 15:12

16900021_1255370867851528_1084762666_n

Ağdam rayonunun Əlağalı kəndindən məcburi köçkün ailəsi artıq 1 həftəyə yaxındır ki, küçədə qalıblar. Müvafiq dövlət qurumlarına müraciət etsələr də, binəva ailənin dərdinə hay verən yoxdur.

Qeyd edək ki, fevralın 12-də Bakının Xətai rayonunda Naxımov küçəsində yaşayan Həsənov Mirov və ailəsinin yaşadığı vaqon  yanaraq külə dönüb.

M.Həsənov Gününsəsi.info-ya bildirir ki,  həmin vaqonda 2015-ci ildən bəri yaşayır: “Heç burada yaşamağa icazə vermirdilər, bu vaqonu da çox çətinliklərlə tikmişəm. Mehriban Əliyevanın qəbuluna düşəndən sonra icra nümayəndəsi icazə verdi”.

Vaqon fevralın 12-də səhər saat 6:30 elektirik naqillərinin qısa qapanması nəticəsində yanıb. Həmin vaxt Mirovun həyat yoldaşı gecə növbəsində işdə olub. Qonşuların yardımı ilə Mirov və  3 yaşlı övladı xilas ola biliblər.

Mirovun həyat yoldaşı Rüxsarə Həsənova isə göz yaşları içində dərdini deməyə dövlət qurumu qalmamasında  şikayət edir. Deyir ki, ölkənin bir vətəndaşı olaraq,  2 kiçik övladı ilə birlikdə küçələrdə qalıb, amma onlarla maraqlanan yoxdur: “Bizi qınayırları ki, niyə vaqonda yaşayırsınız? Dəfələrlə müraciət etmişəm ki, bizə yataqxanalarda bir mənzil verin yaşayaq. Mənə cavab verirlər ki, Bərdə qeydiyyatındayam. Birincisi, Bərdə deyil, Ağdamım Əlağalı kəndində qeydiyyatdayam. İkincisi, o kənd hazırda işğal altındadır.  Toprağımı geri alsınlar, mən də gedib evimi kəndimdə tikim. Bərdəli deyiləm ki, orada yaşayım. İcra əlinə bayraq alıb ki,  burada qeydiyyatımız yoxdur. Ətrafda tikilən bu evlərin heç birinin qeydiyyatı yoxdur, nə yaxşı onların pulunu alıb icazə verə bilirsən?”

Həsənovlar ailəsi dəfələrlər İlham Əliyeva, Mehriban Əliyevaya, hətta Ağdamın deputatı Bəxtiyar Sadıqova müraciət etsə də, məcburi köçkünlərin evlə təminatına heç bir yardım göstəriliməyib.

“Qarlı havada əlimdə körpə uşaqla Ağdamın deputatı Bəxtiyar müəllimin qəbuluna düşmüşəm ki, küçədə qalmışıq yardım etsin, bizə ağzına gələnini dedi”,- deyir R.Həsənova

Həsənovlar  hal-hazırda qonşunun evinə sığınıblar.

“Kirədə qalmağa pulum yoxdur. Zülmlə-zillətlə yığdığım bütün əşyalarımin hamısı yandı. Ev tikməyə isə icra icazə vermir: Bizə deyirlər ki, akt yazıdrıb, sizi Azərbaycandan sildirərik.  Akt yazdırıb sildirənsinizsə, torpağımızı alın biz də ora gedək.  Akt yazdırıb çıxartdıransınızsa, elə erməniləri çıxardın da. Bu necə dövlətdir ki, adi məmuru bizə hədə-qorxu gəlir.

İndi oğlum böyüyəndən sonra deyəcəklər ki, əsgər getsin. Amma heç kim deməyəcək ki, soyuqda-istidə vaqonda onu  necə böyütmüsən?”,- deyə R.Həsənova söyləyir.

Məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovla əlaqə saxladıq. E.Qədimov araşdırma aparacaqlarını söylədi.

Ümid edirik, hökumət küçədə gecələməyə məhkum olan məcburi köçkün ailəsinin dərdinə çarə qılacaqlar.

16933932_1255370497851565_538178718_n

Vüsalə Rüstəmova

Gununsesi.info