Məcburi köçkün ana qanunsuz həbs edildiyini iddia edən oğlu üçün PREZİDENTDƏN KÖMƏK İSTƏYİR

  • By admin
  • 26 Sentyabr 2017 13:52

hebs3fe26ab0

Qubadlı rayonundan olan məcburi köçkün ana oğlunun qanunsuz həbs edilməsi ilə bağlı ölkə başçısından kömək istəyir. Qubadlı rayonundan məcburi köçkün olan Ədibə Qasımova Gununsesi.info-ya bildirib ki, oğlu Məftun Bayramovun barəsində Bakı Şəhər Prokurorluğunda aparılan cinayət işi ilə bağlı baş verən qanunsuzluqlarla əlaqədar artıq bütün hüquq-mühafizə orqanlarına etdiyi şikayətlərin heç bir nəticəsi olmadığını görüb son ümid yeri kimi ölkə rəhbərliyinə müraciət etmək məcburiyyətində qalıb.

M.Bayramova qarşı Bakı Şəhər Prokurorluğunda aparılan istintaqla bağlı Cinayət Məcəlləsinin 149.2.5-ci (zorlama), 150.2.5-ci (seksual xarakterli hərəkətlər), 182.2.2-ci maddələri ilə ittiham verilib. Ona görə ki, guya o, Fidan (ad şərtidir) adlı qızı 2015-ci ilin sentyabr ayında köməksiz vəziyyətə salaraq zorlayıb və ona qarşı digər seksual xarakterli hərəkətlər edib.

Ədibə Qasımovanın bildirdiyinə görə, reallıqda həmin qızla oğlu Məftun sevgili münasibətlərində olub, münasibətləri 1 il davam edib və ər arvad münasibətlərinə kimi gəlib çıxıb. Rəsmi nikah olmasa da dini kəbin kəsdiriblər. Münasibətdə olduqları müddət ərzində həmin qız məftunun həyat yoldaşı qismində respublikanın müxtəlif rayonlarında – Cəlilabadda, İsmayıllıda, Şirvanda Məftunun tanışlarının, dostlarının evində qonaqlaşıblar. Hətta dostlarının qohumları da onları ər arvad qismində öz evlərinə aparıb.

Bütün bu faktlar həmin şəxslərin ifadələri ilə tam təsdiq olunur. İşin vacib məqamı ondan ibarətdir ki, Fidan Məftunun arvadının əmisi qızıdır və hər iki ailə onların münasibətlərindən xəbər tutduqdan sonra, Məftunun qayınatası ilə qızın atası arasında, yəni iki qardaş arasında münasibətlər pozulub və qızın atasının Məftundan qisas almaq məqsədilə əsassız şikayətləri və sifarişi əsasında Məftun həbs edilib.

Ədibə Qasımova oğlunun həbsinin sifarişli və qanunsuz olmasını onunla əsaslandırır ki, 2016-cı ilin dekabr ayında edilmiş ilkin şikayətlər Binəqədi Rayon Prokurorluğunda araşdırılıb və Məftunun əməlində cinayət tərkibi olmaması təsdiq olunduğundan cinayət işinin başlanması rədd edilib: “Bundan sonra məlum olmayan səbəblərdən, hər hansı yeni sübut əldə edilmədiyindən Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanmış və müstəntiq Cavid Abasov hər hansı yeni sübut əldə etmədən 2017-ci ilin avqust ayının 14-də oğlumu həbs edib”.

Ədibə Qasımova həmçinin onu da bildirir ki, baş vermiş haqsızlıqla bağlı dəfələrlə Bakı Şəhər Prokurorluğunun rəhbərliyinin qəbuluna girib, öz şikayətini ona çatdırmaq istəsə də, ona imkan verilməyib. Ölkə başçısı İlham Əliyev bütün çıxışlarında dövlət məmurlurına xalqın problemlərinin vaxtında araşdırma aparılmasına dair göstəriş verməsinə baxmayaraq, Ədibə Qasımova ona münasibətdə ölkə rəhbərinin göstərişinin icra olunmamasından narahatçılıq keçirir və bu məqsədlə bütün baş verənlərlə bağlı artıq Prezidentə şikayət etdiyini də bildirir. O, ümid edir ki, tezliklə haqq öz yerini tapacaqdır.

Gununsesi.info