Məcburi köçkünlər üçün tikilən binada ev almağa 45 min AZN ödəmək lazımdır?

  • By admin
  • 28 Mart 2018 16:30

Bakı ətrafı qəsəbələrdə məcburi köçkünlər üçün tikilən binalarda mənzillərin satılması ilə bağlı indiyədək xeyli adam haqqında cinayət işləri qaldırılıb, hökmlər verilib. Bu qəbildən olan daha bir cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsində araşdırmalar başlayıb.

Məcburi köçkünlər üçün dövlətin puluna tikilmiş evlərin satılmasına görə məhkəmə önünə çıxarılan iki nəfərə birlikdə 19 il həbs cəzası verilib. Bakı  Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərdən Rabil Rəhimov 10 il, Şəfayət  İsmayılova isə 9 il azadlıqdan məhrum edilib. Lakin onlar hökmdən narazı qalaraq, apellyasiya şikayəti veriblər.

Gununsesi.info xəbər verir ki, adları çəkilən şəxslər məcburi köçkünlər üçün nəzərdə tutulmuş binadan mənzil alacaq şəxslərin siyahısına saldırmaq adıyla adamlardan pul alıb onları aldatmaqda günahlandırılırlar.

Cinayət işinin materiallarına görə, 14 zərərçəkmişdən ümumilikdə 143 min 500 manat pul alınıb. Ayrı-ayrılıqda adamlar 4 mindən 45 min manata qədər pul veriblər.

Zərərçəkmişlər deyib ki, onlar həmin binalardakı mənzillərin satılması, məcburi köçkünlərin adlarının siyahılara pulla salınması haqda başqalarından da eşitdiklərinə görə istənilən məbləği verməyə razılaşıblar.

Zərərçəkmişlər iddia edir ki, təqsirləndirilən şəxslərin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin vəzifəliləri ilə əlaqələri var.

Məhkəmədə hər iki şəxs özünü təqsirli bilsə də, deyiblər ki, ziyanın məbləği şişirdilib. Yəni hər zərərçəkmişin verdiyi məbləğ onların iddia etdiyi və ittihamda yazılan rəqəmdən xeyli az olub. O da məlum olub ki, təqsirləndirilən şəxslər pulların bir hissəsini ödəyiblər.

Məhkəmədə zərərçəkmişlər onlara dəymiş ziyanın tam ödənilməsini istəyiblər.

Gülər

Gununsesi.info