“Məcburi köçkünlük şəraitində qadınların səlahiyyətləndirilməsi” tədbiri keçirilib -SUMQAYITDA

  • By admin
  • 22 Noyabr 2016 14:15

ombudsman

BMT Baş Məclisinin 1999-cu ildə elan etdiyi 25 noyabr – qadınlara qarşı zorakılığın ləğv olunması uğrunda beynəlxalq mübarizə günü kimi qeyd olunur. 25 noyabr tarixindən başlanılan və 10 dekabr – Beynəlxalq İnsan Hüquqları gününədək davam etdirilən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyanın əsas məqsədi qadınlara qarşı törədilən zorakılığın insan hüquqlarının kobud pozulması kimi təbliği istiqamətində yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirmə işinin aparılıb.

Bu haqda Gununsesi.info-ya Ombudsman mətbuat xidmətindən məlumat verilib.  Bütün dünyada olduğu kimi ictimaiyyətin diqqətini həmin problemə yönəldən tədbirlər Azərbaycanda da hər il həyata keçirilir. Belə ki, ölkəmizdə də həmin kampaniyanın rəsmi açılışı keçirilib.

Həmin gün Ombudsman Aparatının BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyi ilə birgə yerli icra hakimiyyətinin, bələdiyyə, hüquq mühafizə, səhiyyə və başqa dövlət qurumlarının nümayəndələri, eləcə də hakimlərin iştirakı ilə 21 noyabr 2016-cı il tarixdə Sumqayıt şəhərində təlim keçirilib.

Tədbiri çıxış sözü ilə açan Azərbaycan Respublikasının İnsan Hüquqalı üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova müasir dövrdə həm dövlət qurumlarının fəaliyyətində həm də ailədə qadın və uşaqların ən yaxşı maraqlarının təmin olunmasının prioritet kimi tanındığını, belə ki əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirilən sosial, iqtisadi və hüquqi islahatlar nəticəsində insan hüquqlarının daha səmərəli müdafiəsi, o cümlədən BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasına uyğun olaraq qadınların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş bir sıra mühüm qanunların, dövlət proqramlarının qəbul edildiyini vurğulayıb.

Ölkəmizdə bütövlükdə insan hüquqlarının müdafiəsi və təmini üzrə üç mühüm strateji sənəd – İnsan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı (1998), Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə ilk Milli Fəaliyyət Planı (2006) və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində ilk Milli Fəaliyyət Proqramı (2011), milli qanunvericiliyin daha da təkmilləşdirilməsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər diqqətə çatdırılmışdır. Milli Fəaliyyət Proqramının 2.15-ci bəndində qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, bu cür zorakılığın qurbanları üçün hüquqi müdafiə vasitələrinin, zəruri kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması sahəsində tədbirlərin səmərəliliyinin artırılmasının təsbit olunduğu, bu sahədə aidiyyəti icra qurumları tərəfindən müvafiq tədbirlər görüldüyü bildirilib.

E.Süleymanova ölkənin ayrı-ayrı bölgələrində əhali arasında bu istiqamətdə  maarifləndirmə və məlumatlanma işlərinin apardığını söyləmişdir. O, tarixi əhəmiyyətli Vyana, Qahirə, İstanbul və Pekin konfranslarında iştirakını, adı çəkilən beynəlxalq tədbirlərin də əhalinin, o cümlədən qadınların problemlərinə həsr olunduğunu diqqətə çatdırıb.

Avropa Şurasının Uşaqların cinsi istismar və sui-istifadədən müdafiəsinə dair Konvensiyasının ölkəmiz tərəfindən imzalandığını nəzərə alaraq, Müvəkkilin təklifi ilə bu konvensiyanın Milli Məclis tərəfindən ratifikasiya edilməsini, həmçinin “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunmasını təklif etdiyi diqqətə çatdırılıb.

O, qeyd edib ki, cəmiyyət inkişaf etdikcə ölkəmizdə qadınların hüquqlarının təmin olunması, onların idarəetmədə iştirakı və fəallığının daha da artması müşahidə olunur. Bu gün Azərbaycan qadınları parlamentdə, dövlət və yerli özünüidarəetmə orqanlarında çalışır, idarəetmədə və qərar qəbuletmədə fəal iştirak edirlər. Ölkəmizin yerli özünüidarəetmə orqanlarına seçilmiş namizədlərin son seçkilərdə 35 faizini qadınlar təşkil etmiş, bu göstərici əvvəlki seçkilərə nisbətən artmışdır. Müvəkkil xüsusilə yerli özünüidarəetmə orqanlarında çalışan qadınların bacarıqlarının artırılmasının önəmini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Müvəkkil, həmçinin, BMT tərəfindən 2015-ci ilin sentyabr ayında qəbul edilmiş və özündə 17 məqsədi birləşdirən 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə milli fəaliyyət planının hazırlanması, milli prioritet sahələrin müəyyən edilməsinin əhəmiyyətini, habelə hər iki sənəddə gender bərabərliyi və qadın hüquqlarının təmin olunması ilə bağlı məqsədlər özünə yer tapmışdır. Ölkə Prezidentinin müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığı diqqətə çatdırılıb.

BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis dünyada məcburi köçkünlərin vəziyyəti, onların qarşılaşdıqları problemlər, rəhbərlik etdiyi qurumun mandatına uyğun olaraq qadınlara yönəlik fəaliyyətləri, qadın və uşaq hüquqlarının təmin olunmasının və zorakılıqla mübarizənin tədris proqramlarına daxil edilməsinin, habelə Azərbaycanda qadın hüquqlarının təmin edilməsi və məişət zorakılığı ilə mübarizə sahəsində əldə edilən uğurlarla yanaşı, bir sıra problemlərin mövcud olmasını nəzərə alaraq, birgə fəaliyyətin gücləndirilməsi istiqamətində məqsədyönlü işlərin aparılmasının vacibliyini vurğulanıb.

Ombudsman Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova tədbirdə çıxış edərək, qadınlara qarşı zorakılığın səbəbləri, növləri, qarşısının alınması yolları və mənfi təsirləri, habelə qadın hüquqlarının təmini və müdafiəsi ilə bağlı Ombudsmanın çoxşaxəli fəaliyyəti, o cümlədən məişət zorakılığı və erkən nikahların qarşısının alınması sahəsində maarifləndirmə və digər tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib.

Tədbirdə şəhərin baş psixiatrı, baş narkoloqu, yerli icra hakimiyyəti, hüquq-mühafizə, məhkəmə orqanlarının nümayəndələri, habelə qadın məsləhətxanasının və uşaq poliklinikasının baş həkimləri,  bələdiyyə üzvləri çıxış edərək, bu problemə münasibətləri, vəzifələri və görüləcək işlər üzrə təklif və tövsiyələr səsləndirmişlər. Nəticədə qadın hüquqlarının təmin olunması və məişət zorakılığının aradan qaldırılmasında birgə əməkdaşlıq edilməsi qənaətinə gəlinib.

Gülnaz Qənbərli

Gununsesi.info