Mədəniyyət Nazirliyindən “Gününsəsi”nin tənqidlərinə reaksiya - ƏHMƏD CAVADIN 130 İLLİYİ İLƏ BAĞLI...

  • By admin
  • 21 Noyabr 2022 09:37

Azərbaycanın Mədəniyyət Nazirliyi “Gununsesi.info”nun “Başı korrupsiyaya qarışan Anar Kərimov Əhməd Cavadın yubiley tədbirlərini unudub – PREZİDENT SƏRƏNCAMI NİYƏ İCRA OLUNMUR?” başlıqlı tənqidinə reaksiya verib.

Qeyd edək ki, adıçəkilən yazıda Azərbaycan Prezidentinin mili-istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubiley tədbirlərinin keçirilməsi barədə sərəncamının Mədəniyyət Nazirliyi tərəfindən icra olunmamasından bəhs olunub.

HTML tutorial

BUNA DA BAX:

Başı korrupsiyaya qarışan Anar Kərimov Əhməd Cavadın yubiley tədbirlərini unudub

 Tənqidlərimizlə bağlı Mədəniyyət Nazirliyinin baş redaktorumuzun adına  göndərdiyi cavab məktubunu olduğu kimi təqdim edirik: 

 

Hörmətli, Pərviz müəllim! 

Prezident İlhamƏliyev tərəfindən 20 aprel 2022-ci il tarixində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim ƏhmədCavadın 130 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalanıb.

Sərəncamda Azərbaycan Respublikasının #MədəniyyətNazirliyinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan YazıçılarBirliyinin təkliflərini nəzərə almaqla, görkəmli şair Əhməd Cavadın 130 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb. Diqqətinizə çatdırırıq ki, dövlət başçısının sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi ilə Elm və Təhsil Nazirliyi tərəfindən Yazıçılar Birliyinin təklifləri əsasında Əhməd Cavadın yubileyi ilə bağlı Tədbirlər planı hazırlanıb.

Mədəniyyət Nazirliyinin Tədbirlər planına uyğun olaraq Azərbaycan Milli Kitabxanası tərəfindən “İstiqlal şairi Əhməd Cavad” adlı elektron məlumat bazası, eləcə virtual sərgi və elektron daycest hazırlanaraq istifadəçilərə təqdim olunub.

Milli Kitabxana tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırlanan “Əhməd Cavad” fundamental biblioqrafiya kitabı çap prosesindədir.

Respublika Gənclər Kitabxanası tərəfindən “Əhməd Cavad – 130” adlı virtual sərgi və videomaterial hazırlanıb. Eləcə də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və 15 Regional Mədəniyyət İdarəsi üzrə Mərkəzləşdirilmiş Kitabxana Sistemləri, digər mədəniyyət müəssisələri – muzeylər, Heydər Əliyev mərkəzləri, mədəniyyət evləri, musiqi və incəsənət məktəbləri tərəfindən Əhməd Cavadın 130 illiyi ilə bağlı silsilə tədbir və layihələr həyata keçirilib. Mayın 5-də, Əhməd Cavadın anadan olmasının 130-cu ildönümündə Mədəniyyət Nazirliyinin dəstəyi ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təntənəli yubiley tədbiri keçirilib. Nazirliyin tabeliyində olan Hüseyn Cavidin Ev-Muzeyi tərəfindən Beynəlxalq Türk Akademiyası ilə birlikdə “Eyni amal uğrunda ortaq taleyi bölüşənlər – Əhməd Baytursunlu, Hüseyn Cavid və Əhməd Cavad” mövzusunda beynəlxalq elmi konfrans təşkil edilib. Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Sözün repressiyası” sənədli filmi çəkilib. Noyabrın 16-da təqdimatı olan filmdə Əhməd Cavad da daxil olmaqla repressiya qurbanı olmuş 31 yazıçı, şair, ədəbiyyat xadimi xatırlanır, bəzilərinin faciəvi tarixçəsi danışılır. Dövlət Gənc Tamaşaçılar Teatrında Əhməd Cavadın 130 illiyinə, repressiya qurbanı olmuş görkəmli ziyalılara və onların ailə üzvlərinə ithaf olunan tamaşa hazırlanır. VIII Bakı Beynəlxalq Kitab Sərgisi (5-9 oktyabr) çərçivəsində nazirliyin dəstəyi ilə Əhməd Cavadın şeirlərinin özbək və Azərbaycan dillərində nəşrinin təqdimatı keçirilib.

Mədəniyyət Nazirliyin dəstəyi ilə Ankarada TÜRKSOY tərəfindən Əhməd Cavadın 130 illiyi ilə tədbirlər proqramı həyata keçirilib, o cümlədən şairin şeirlərinin Türkiyə türkcəsində nəşrinin təqdimatı olub. Ankarada Azərbaycan Mədəniyyət Nazirliyi, TÜRKSOY və Etimesqut Bələdiyyəsinin işbirliyi ilə təşkil olunan tədbirlər çərçivəsində Əhməd Cavadın adı verilən küçənin açılış mərasimi keçirilib.

Mayın 5-də, Əhməd Cavadın doğum günündə Ankaranın Etimesqut rayonu ərazisindəki Türk Tarix Muzeyi və Parkında Azərbaycanın istiqlal şairinin heykəlinin açılışı olub. Ankarada keçirilən “Paytaxt Mədəniyyət Yolu Festivalı” çərçivəsində Türkiyə Prezident Administrasiyası Simfonik Orkestrinin konsert salonunda Əhməd Cavadın 130 illiyinə həsr olunmuş musiqi axşamı təşkil edilib.

Ankaradakı Azərbaycan Evində “Əhməd Cavad – Türk ruhunun söz bayrağı” adlı kitabın təqdimatı keçirilib. Təqdimat Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycanın Türkiyədəki Səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, TİKA və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun birgə təşkilatçılığı ilə gerçəkləşib.

Astanada yerləşən Beynəlxalq Türk Akademiyası Əhməd Cavadın 130 illiyi ilə bağlı tədbirlər keçirir.

Nazirlik bu tədbirlərə də dəstək verib. Astana yaxınlığındakı “ALJİR” memorial-muzey kompleksində “Əhməd Cavad – 130” adlı anım tədbiri və sərgi olub.

Bütün bu tədbirlər mediada geniş şəkildə işıqlandırılıb. Həmçinin Mədəniyyət Nazirliyinin nəşrləri olan “Mədəniyyət” qəzeti və “Mədəniyyət/Culture” jurnalında, eləcə də tabe qurumların elektron resurslarında Əhməd Cavadın yubileyi ilə əlaqədar silsilə materiallar, araşdırma yazıları dərc olunub.

2022-ci ilin sonunadək bu mövzuda tədbir və layihələr davam edəcək.

 

P.S. Mədəniyyət Nazirliyinin saytımızda dərc olunan tənqidlərə reaksiyasını müsbət dəyərləndirsək də yuxarıda qeyd edilən Ankaradakı tədbirlərin Türkiyə hökuməti tərəfindən təşkil olunduğunu bildiririk. 

Həmçinin, tədbirlər planının ölkənin bütün hüdudlarını əhatə etməməsi və bu tədbilərin ölkə KİV-lərində geniş şəkildə yayılmamasının da şahidiyik. 

 

Afət Abbasova

Gununsesi.info