“Mədəniyyət Nazirliyinin itə də borcu var” - Xalq artisti naziri "yıxıb-sürüdü"

“Mən dövlətin daxili işlərinə qarışmıram, dövlətin öz işləri var. Amma konkret olaraq, mənim sahəmə aid olan işə qarışıram və ilk gündən də qarışmışam. Çünki mən ömrümün 60 ilini bu sahəyə ithaf etmişəm və ölənə kimi də həyatım buradadır. Kino mənim taleyimdir, ikinci ailəmdir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Xalq artisti, tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyov deyib. O dəfələrlə Mədəniyyət Nazirliyinin tənqid olunduğunu, amma bundan nəticə çıxarmadığını bildirib:

HTML tutorial

“Anar Kərimov nazir təyin olunduğu vaxt ən gözəl mövqedə mən olmuşam. Mən o cənaba 3 dəfə rəsmi müraciət etmişəm ki, “Cənab nazir, xoş gəlmisən, səfa gətirmisən. Amma sən kino mədəniyyətindən çox uzaq bir adamsan. Eybi yoxdur, təyin ediblər cavan oğlansan, amma mən şəxsən öz xidmətimi təklif edirəm. Bu gün mənim kimi yaşayan kino sahəsində iki-üç təcrübəli ağsaqqalımız var. Sən bizimlə görüş, müəyyən məsələlər var. Biz sənə kömək edə bilərik, istiqamət verə bilərik”. Amma, o, mənim heç bir müraciətimə cavab vermədi. Hətta, mənə bir dəfə nazirlikdə işləyən adam dedi ki, o, çox yüksək mədəniyyətli adamdır. İngiltərədə Oksford Universitetini qurtarıb, ingilis dilində ləhcələrlə danışa bilir. Dedim ingilis dilini bilirsə, getsin ingilis dilindən dərs desin. Söhbət kino mədəniyyətindən, kino tarixindən, kino kimi ağır bir sahədən gedir. Mən ilk gündən Əbülfəz müəllimin vaxtında da gecə-gündüz dava etmişəm ki, kinonun Mədəniyyət Nazirliyində olması yolverilməzdir. Kinonun Mədəniyyət Nazirliyinə heç bir aidiyyatı yoxdur və heç vaxt da olmayıb. Kinonun ayrıca, müstəqil özünün öz idarəçilik sistemi, öz komitəsi var. Böyük sənət əsərləri də orada yaranıb. Çünki bilavasitə o komitənin işində olan insanlar təmsil olunublar, onlar rəhbərlik ediblər. Mən dedim, özüm də eşitdim. Bunlar nə özləri bilir, nə də biləndən məsləhət alırlar. Bu da nəticəsidir. Bəli, bu hələ başlanğıcdır. Təsadüfi adamları gətirib aid olmayan yerlərə qoyandan bunun nəticəsi nə olmalı idi ki? Nəticəsi gəlib dəyir, yalnız xalqın mədəniyyətinə, xalqın tarixinə”.

Şeyx Əbdül əlavə edib ki, onlar fərdi adamlardır və fərdi adamların da törətdikləri böyük əməl böyük mədəniyyətimizə, böyük ideologiyamıza belə zərbələr vurur:

“Mən onlara da acıyıram. Mən istəyirəm kosmonavt olum. Bəyəm, mənim istəməyimlədir?! Acıyıram ki, cavan oğlanlardır, hamısı xaricdə təhsil almış şəxslərdir. Hər kəs öz aidiyyatı üzrə yerbəyer olsaydı, Azərbaycana gözəl xeyir verə bilərdirlər. Təsadüfi region və qohumluq marağına növbəti böyük bir kadrımızı da itiririk. Qardaş, işi bilənə tapşırın da… Çünki kino spesifik bir sahədir. Düzdür, bu gün uşaqlar filmlər çəkirlər də, işləyirlər də. Amma ayrılan 6 milyon hesabına çəkilmir filmlər. Altı milyon köçürülür Mədəniyyət Nazirliyinə, Mədəniyyət Nazirliyinin itə də “borcu” var. Ondan qalan, çox üzr istəyirəm, tula payını da kinostudiyaya “tullayırlar”. Bu gün fanatiklər kino çəkirlər, ona-buna yalvara-yalvara. Onlar kino mədəniyyətinə həyatına qurban verən fədailərdir. Allah qorusun onları. Heyf sağlamlığım imkan vermir, yoxsa gedib onlara nökərçilik edərdim. Onlar kinonu dağılmağa qoymurlar“.

Gununsesi.info