21-23 mart tarixlərində Qətər Dövlətinin Doha şəhərində 7-ci “DİMDEX-2022” Beynəlxalq Dəniz Müdafiə Sərgi və Konfransında iştirak etmək üçün işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyevin “Barzan Holdings” şirkətinin prezidenti Nasser Hassan Al Naimi ilə görüşü baş tutub.
Görüş zamanı Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələri ilə “Barzan Holdings” şirkətinin müəssisələri arasında müdafiə təyinatlı məhsulların birgə istehsalı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Qeyd edək ki, 2008-ci ildən etibarən təşkil edilən, Yaxın Şərq və Şimali Afrika regionunda ən nüfuzlu dəniz müdafiə sərgisi olan DİMDEX sərgisində ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Türkiyə, Cənubi Koreya və s. ölkələrin aparıcı şirkətləri dəniz müdafiəsində yeni texnologiyaları, hərbi gəmiqayırma avadanlıqları, dəniz müdafiəsi sisteminin köməkçi və dəstək texnologiyalarını nümayiş etdirirlər.
“DİMDEX-2022” Beynəlxalq Dəniz Müdafiə Sərgi və Konfransı öz işini martın 23-dək davam etdirəcək.
Gununsesi.info