Məhəbbət Vəliyeva məktəb direktorlarına ciddi tapşırıq verdi- QIŞA HAZIR OLUN

Məhəbbət Vəliyeva məktəb direktorlarına ciddi tapşırıq verdi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib.

Gununsesi.info xəbər verir ki, görüşdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, idarənin struktur bölmə rəhbərləri, məktəb direktorları, direktorun təlim–tərbiyə işləri üzrə müavinləri və müəllimlər iştirak ediblər.

BŞTİ-nin təşkilatçılığı ilə keçirilən görüşdə məktəb idarəetməsi, tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlığı, IX sinif şagirdləri üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçiriləcək monitorinq, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması və digər məsələlər müzakirə olunub.

Tədbirdə M. Vəliyeva təhsil sahəsində aparılan islahatlardan, qarşıda duran vəzifələrin icrası istiqamətində görülən işlərdən, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlardan danışıb. Həmçinin BŞTİ-nin müdiri noyabrın 25-də IX sinif şagirdləri üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçiriləcək monitorinq barədə geniş məlumat verib.

Görüşdə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı” və “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəxri fərmanı” ilə təltif olunmuş bir qrup təhsil işçisinə mükafatlar təqdim edilib.

M. Vəliyeva təhsil işçilərini təbrik edib, onlara təhsil sahəsində yeni nailiyyətlərin qazanılması istiqamətindəki səmərəli fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, təhsilin inkişafındakı xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə 13 müəllim “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 23 müəllim “Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı”, bir müəllim isə BŞTİ-nin fəxri fərmanı ilə təltif olunub.

Təhsil işçiləri müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib, onların əməyinə verilən dəyərə görə minnətdarlıqlarını ifadə edib, bundan sonra da üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini söyləyiblər.

Gununsesi.info

COMMENTS