
Qadınların bəzisi açıq-saçıq geyinir. Azərbaycanda da belələri az deyil. İsveçrədə və bir çox Avropa ölkəsində qadınlar sadə və abırlı geyinməyə üstünlük verirlər. Əndamı çöldə qalan xanımlara bu tərəflərdə nadir hallarda rast gəlmək olar…
Sirr deyil ki, bu məsələ ailələrdə ciddi-söz söhbətə səbəb olur. Xüsusən ailənin kişiləri gənc xanımları bundan çəkindirməyə çalışırlar. Hədə-qorxu və təhdidlə müşahidə olunan qırğınlar da olur. Hətta bu işə görə qətllər də törədilir…
Dünyanın əfsanəvi boksçusu Məhəmməd Əli də oxşar problem yaşayıb.
Belə ki, onun qızları da olduqca açıq-saçıq paltar geyinməyə üstünlük verib.
Qızlarından biri bu məsələ ilə bağlı xatirələrində belə bir əhvalatdan bəhs edir.
“Səyahətdən geri döndük. Uzun yolçuluqdan sonra nəhayət evə çatanda sürücü kiçik bacım Leylanı və məni atamın otağına qədər müşayiət etdi. Atam həmişəki kimi qapının arxasında gizlənib bizi qorxutmaq üçün gizlənmişdi. Biz atamızla uzun-uzadı qucaqlaşıb öpüşdük.
Atam bizim geyimimizə diqqətlə baxdı. Sonra məni dizinin üstündə oturtdu və heç vaxt unuda bilməyəcəyim anlar yaşadım. O, düz gözlərimin içinə baxdı və dedi: “Allahın dünyada dəyərli yaratdığı hər şey örtülüdür və onlara sahib olmaq çox çətindir.
Brilyantları haradan tapırıq? Yerin dərinliyindən, orada gizlənib qalır və qorunurlar.
İnciləri haradan tapırıq? Onlar da okeanın dibində, örtülmüş və gözəl bir qabıqla qorunurlar.
Qızılı haradan tapırıq? Mədənin içinə enirik. Lay və qaya təbəqələri ilə örtülmüş yerdən qızıl çıxır. Yerin dərinliyindəki qızıla çatmaq üçün çox çalışmalısan.
Sonra qətiyyətli gözləri ilə mənə baxdı: “Sizin vücudunuz müqəddəsdir. Siz brilyant və mirvarilərdən çox qiymətlisiniz və siz də əlçatmaz olmalısız”…
Boksçu deyib, keçməyin. Heç antik yunan filosofları da belə qızıl xırdalamayıb…
P.S. Yazı jurnalist Elbəyi Həsənlinin sosial şəbəkə hesabından götürülüb.
Gununsesi.info