Bu sualı mənə 5 il öncə də vermişdilər.
2018-ci ildə “Cümhuriyyət dövründə dil siyasəti” adlı bir yazı oxumuşdum. Alim 4 səhifəlik məqaləsində görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin adını 4 variantda yazmışdı:
1. Məhəmməd Əmin Rəsulzadə
2. Məhəmmədəmin Rəsulzadə
3. Məmməd Əmin Rəsulzadə
4. Məmmədəmin Rəsulzadə
Bunu ona görə xatırladıram ki, “mübahisə” təkcə sözügedən adın yazılışı ilə bağlı deyildir.
Əvvəla, dilimizdə “Məmməd” adı qadağan edilməyib. Hər iki ad (Məhəmməd və Məmməd) işlənir.
Söhbət böyük şəxsiyyətin adından gedirsə, rəsmi sənədlərdə yazıldığı kimi (Məhəmməd Əmin Rəsulzadə) yazılmalıdır.
5 il öncə bu məsələni müzakirəyə çıxaranda tanınmış tədqiqatçılardan biri yazmışdı ki, “Əmin” sözü “Məhəmməd” adına bitişik yazılmalıdır, çünki üçlü ad ənənəsi (məs.: Ömər Faiq Nemanzadə, Sultan Məcid Qənizadə, Məhəmməd Əmin Rəsulzadə və b.) bizim dilə yaddır.
Məncə, tarixə və tarixi şəxsiyyətlərimizin ad və soyadlarına bu şəkildə yanaşma doğru deyildir.
Tədiqatçının fikrindən belə aydın olur ki, o, Ömər Faiq adının Ömərfaiq, Sultan Məcid adının Sultanməcid, Məhəmməd Əmin adının Məhəmmədəmin yaxud da Məmmədəmin şəklində yazılmasını tərcih edir.
İmla məsələlərini başqa sahənin mütəxəssisləri də müzakirə edə bilərlər.
Sonucda önəmlisi tarixi şəxsiyyətlərimizin irsini böyük sevgi ilə bugünkü gəncliyə və gələcək nəsillərə çatdırmaqdır.
Şahlar Göytürk,
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin şöbə müdiri,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Gununsesi.info