Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyi açıldı – FOTO

  • By admin
  • 07 Mart 2024 16:47

Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyi açılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə tanınmış jurnalist Vahid Mustafayev məlumat verib.

O qeyd edib ki, muzeyin açılışı 5 Mart 2024-cü il İstanbul M.Ə. Rəsulzadə və Türk Dünyası Konfransı və 6 Mart, eyniadlı konfransın Ankarada keçirilən toplantısında baş verib.

“Fürsətdən istifadə edərək, konfransların keçirildiyi İstanbul və Ankara Universitetlərinin rektorluğu və tələbələrinə, bundan əlavə, Türkiyədə M.Ə.Rəsulzadə tərəfindən yaradılan “Azərbaycan” dərnəyinə bütün “Rəsulzadə Ev-Muzeyi” ictimai qrupu adından ürək dolu təşəkkürümü bildirirəm.

M.Ə. Rəsulzadənin Ev-Muzeyinə həsr olunmuş onlayn-resursu təqdim edərək, biz müasir tamaşaçılara Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılardan olan Milli Şuranın rəhbəri barədə toplaya bildiyimiz bütün sənəd, foto, video və xatirə əşyalarının kolleksiyalarını göstərməyə çalışırıq.

Əziz dostlar, digər muzeylərdən fərqli olaraq bu muzeydə siz hər şeyi daha da yaxından izləyə bilər, onu böyüdə bilərsiniz, kitabları aça bilərsiniz, oxuya bilərsiniz. Sənədlərə gəldikdə, onları nüsxələndirə və lazım olan hissələri kopiyalayaraq istifadə edə bilərsiniz. Ekspozisiyaları sakit gəzmək lazım deyil. Rəsulzadənin dostu olan dahi Üzeir Hacibəyovun “Sənsiz” kompozisiyasının sədalarının altında dolaşa bilərsiniz. İstəmirsinizsə, başqa bir musiqi və ya musiqisiz, muzeylə tanış ola bilərsiniz.

Yüzlərlə fotoşəkil və sənədlər Süni İntellekt vasitəsi ilə təmizlənərək muzeyimizdə müxtəlif ölçülərdə, yüksək keyfiyyətlə bütün istifadəçilərə açıqdır. İstifadə edin – elmi işlərdə və hətta məktəblərdə divar qəzetlərini yaratmaqda istifadə edin.

Virtual muzey tam interaktivdir. Əldə etdiyiniz məqalə və fotolarla ekspozisiyaları zənginləşdirmək istəyirsinizsə, bizimlə e-maillə əlaqə saxlayaraq, bizim bir parçamız olaraq M.Ə.Rəsulzadənin Muzeyini zənginləşdirə bilərsiniz.

Hamını və əsasən “Rəsulzadə Ev-Muzeyi” ictimai-qrupu, başda əziz Solmaz xanım Rüstəmova-Tohidi olmaq şərti ilə, yüzlərlə üzvümüzə həm təşəkkür edir, həm də ürəkdən təbrik edirəm!

Konfranslar çox yüksək səviyyədə keçdi, bütün Türkiyə ictimaiyyəti və əsasən tələbə gənclərlə Bakıdan gətirdiyimiz M.Ə.Rəsulzadə irsi, yeni elmi tədqiqatlar, Ev-Muzeyi layihəsi ilə bölüşdük və Türkiyə professurasının mülahizələrini dinlədik. Tədbirlər yüksək peşəkar və məhsuldar şəraitdə keçdi”, – deyə o bildirib.

Sonda bütün konfrans iştirakçıları rəhmətlik, əzizimiz Məhəmməd Əmin Rəsulzadənin məzarında onun rəhmətə getməsinin 69-cu ildönümünü anıb.

Gununsesi.info