MƏHƏRRƏM İNCƏ İKİNCİ ECEVİT OLA BİLƏCƏKMİ?  – ABŞ, CHP olan yerdə İncəyə stavka edərmi?

Məhərrəm İncə 8 fevral 2021-ci ildə 1978-ci ildən üzvü olduğu Respublika Xalq Partiyasından (CHP) çıxdı və yeni partiya yaratmağa başladı. 18 sentyabr 2021-ci ildə Ankarada yeni yaratdığı Məmləkət Partiyasının qurultayını keçirdi və yekdilliklə partiyanın sədri seçildi. Bununla da Türkiyədə siyasi partiyaların sayı 117-yə çatdı.

İncə maraqlı siyasətçidir. 4 may 1964-cü ildə Türkiyənin Yalova şəhərində anadan olub. Yalova şəhəri həmişə Atatürkçülərin sol cinahının qalası olub. Ancaq maraqlıdır ki, hazırda AKP-nin Yalovadan millət vəkili var. İncənin ata tərəfi əslən Rizə və Balkanlardandır. Valideynləri İncənin həkim olmasını istəyirdi, ancaq İncə müəllim peşəsini seçdi. O, Bursa şəhərində yerləşən Uludağ Universitetinin Təhsil Fakültəsinin fizika müəllimi bölümündən məzun olub. Uzun zaman müxtəlif liseylərdə fizika müəllimi və lisey müdiri, hətta “Yalova” futbol klubunun mətbuat katibi işləyib. Əvvəldə qeyd edildiyi kimi, İncə 1978-ci ildən CHP üzvü olub. Özünün dediyi kimi, o, Atatürkçü CHP-li olub və sosialist ideyaların tərəfdarı olaraq antiimperializm siyasi xəttini tutub. İncə Yalovada Atatürkçü dərnəyinin və CHP Yalova şəhər təşkilatının sədri olub. 1995-ci ildə CHP-nın siyahısıyla Yalova millət vəkilliyinə namizəd kimi seçkidə iştirak etsə də, məğlub olub. CHP 2002-ci il seçkilərində yenidən Yalovadan İncənin namizədliyini irəli sürüb və bu dəfə qalib gəlib.

Maraqlıdır ki, İncəyə dəstək verən şəxsən CHP lideri Deniz Baykal özü olub. Bir zamanlar Baykala dəstək verən Bülent Ecevit olmuşdu, hətta onu nazir də təyin etmişdi. 12 sentyabr hərbi çevrilişindən sonra isə Ecevitlə Baykalın yolları ayrıldı. Onu da demək lazımdır ki, ABŞ hər zaman Ecevitlə Baykala dəstək verib. Sonradan oyun qaydaları dəyişib və ABŞ hər iki siyasətçinin üstündən xətt çəkib…

 

 

Gələk İncəyə. İncə parlamentə daxil olandan sonra sərt çıxışlar edib. Ərdoğanı tənqid etməklə məşhurlaşıb. Baykalın sədrliyi dövründə CHP-nin parlament fraksiyasının sədr müavini olub. CHP-yə yeni sədr seçildikdən sonra Kamal Kılıçdaroğluna dəstək verib, amma hər zaman Baykal xəttində olub. Kılıçdaroğlu ilə normal münasibətlər qura bilib. Onu da qeyd edək ki, İncə həmişə praqmatik siyasət aparmağa çalışıb. İncə-Kılıçdaroğlu münasibətləri və Baykal xətti CHP təmizlənənə qədər normal davam edib. Ancaq Baykal xəttində olanların özlərinin də dediyi kimi, sonradan əsl Atatürkçülər partiya vəzifələrindən uzaqlaşdırıldı. İncə bundan sonra Kılıçdaroğlunun yerinə göz dikməyə başladı. Təbii ki, bu işdə onun arxasında Baykal dururdu. Çünki Kılıçdaroğlu artıq Baykalı saymırdı. 2014-cü ildə İncə CHP parlament fraksiyasının sədr müavinliyindən istefa verdi və CHP sədrliyinə namizədliyini irəli sürdü. 5 sentyabr 2014-cü ildə CHP-nin XVIII qurultayında İncə qurultay üzvlərinin 415 səsini qazanmasına baxmayaraq, məğlub oldu. Qurultayın sonunda isə o, Kılıçdaroğlunu sədr kimi qəbul etdiyini və hər zaman partiyası üçün canla-başla işləyəcəyini bildirdi. İncə 2015-ci il parlament seçkilərində iştirak etdi və yenidən Yalova millət vəkili seçildi. Amma İncənin partiyası bu seçkilərdə qalib ola bilmədi. Bundan sonra İncə Kamal Kılıçdaroğluna qarşı açıq müxalif mövqe tutdu və növbədənkənar qurultay keçirilməsini tələb edərək, bunun üçün imzatoplama kampanıyası keçirdi. Ancaq yetərli sayda imza yığılmadığı üçün İncənin bu siyasi gedişi uğursuz oldu. Buna baxmayaraq, İncə Kılıçdaroğluna qarşı müxalif mövqeiyini davam etdirdi. 2018-ci il 24 iyun tarixində Türkiyədə prezident seçkiləri keçirildi. Bu seçkidə müxalifətdən vahid namizədin iştirakı nəzərdə tutulmuşdu. CHP-nin namizədi kimi Kılıçdaroğlunun adı hallanırdı, onun hətta Abdulla Güllə də gizlin görüşləri olmuşdu. Meral Akşener Gülə qarşı olduğuna görə sonradan Gülün namizədliyi gündəmdən düşdü və Meral xanım özü seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürdü. CHP də seçkilərdə ayrıca iştirak etmək qərarına gəldi və partiyanın namizədi Məhərrəm İncə oldu. Ancaq Kılıçdaroğlunun planına əsasən Meral Akşener seçkidə öz namizədliyini irəli sürür və ikinci tura keçirdi. Çünki onun ikinci tura qalacağına inamı çox güclü idi. İkinci turda isə CHP Akşenerə dəstək verməli idi. Çünki Kılıçdaroğlu İncənin uğur qazanacağına inanmırdı. Kılıçdaroğlunun məqsədi həm də İncənin CHP-dəki müxalif qrupunu məğlub etmək idi. Ancaq seçkilərdə İncənin çox səs toplaması və CHP tarixində ilk dəfə 30 faiz səs alması, üstəlik, Meral xanımın da az səs toplayaraq məğlub olması Kılıçdaroğlunun planını alt-üst etdi. Bundan başqa, seçki gecəsi İncəyə doğru-düzgün məlumatlar verilmirdi ki, bu da planın tərkib hissəsi idi. Nəticədə seçki bitdikdən sonra İncə partiyanı sərt tənqid edərək, növbədənkənar qurultay tələb etdi. Ancaq Kılıçdaroğlu İncənin tələblərini rədd etdi.

 

 

İncə CHP-nin müxalif qanadına rəhbərlik etməyə davam edirdi. 4 sentyabr 2019-cü il tarixində o, mətbuata verdiyi müsahibədə 2023-cü ilin prezdent seçkilərində yenidən CHP-dən namizəd olmaq istədiyini bildirdi. 2020-ci ilin 25-26 iyul tarixlərində CHP-nin qurultayı keçirildi. Ancaq İncə partiya sədrliyinə namizəd kimi bu qurultayda iştirak etmədi. Bundan başqa İncənin ətrafında müxtəlif söz-söhbətlər gəzirdi. Əsas məsələ onun “saray”la, yəni Ərdoğanla görüşməsi və ondan dəstək alması iddiaları idi. Kılıçdaroğlu bu iddiallardan İncəyə qarşı bacarıqla istifadə etdi. Sonuncu qurultayda İncənin adamları partiya vəzifələrindən uzaqlaşdırıldı.

Bunu da xatırlatmaq yerinə düşər ki, 2019-cü il bələdiyyə seçkilərində İncə CHP üçün önəmli işlər görüb və ona dəstək verib. Hətta İstanbul şəhərinin rayonlarında CHP namizədlərinin qalib gəlməsində böyük rol oynayıb. İncə bir müddət CHP-ni tərk etməsini gizlədib, bu barədə məlumatları inkar edirdi. Ancaq o, 2020-ci ilin 4 iyununda Sivas Qurultayının ildönümündə Sivasda tədbirlər keçirdi və bundan sonra CHP sıralarını tərk edəcəyini bildirdi. 8 fevral 2021-ci ildə İncə CHP-dən rəsmən çıxdı və Məmləkət Partıyasının qurulmasını elan etdi.

İncə CHP-ni tərk edəndə maraqlı səbəblər açıqladı. Onların arasında Azərbaycanla da bağlı səbəblər vardı. O, CHP-də “Türkiyə niyə Azərbaycana dəstək verdi” deyənlərlə birlikdə olmaq istəmədiyni bildirdi. Ancaq İncə özünün əvvəlki siyasi karyerası zamanında CHP daxilində heç zaman Azərbaycanın haqq işinə dəstək verməyib. Lakin 44 günlük Vətən Müharibəsi dönəmində CHP Türkiyənin dövlət maraqları üçün Azərbaycana dəstək verdi.

Təbii ki, İncənin partiya sıralarını tərk etdiyi zaman gətirdiyi səbəblər qeyri-ciddi idi. Əslində onun istefası daha çox özünün səsləndirdiyi yox, aşağıdakı səbəblərlə bağlı idi:

1. İncə artıq CHP-də nufuzunun qalmadığını görürdü.

2. Kılıçdaroğlunun son qurultayada qalib gəlməsi İncənin tam məğlub olması demək idi.

3. Kılıçdaroğlu əvvələr İncənı çox sıxışdırmırdı, ancaq prezident seçkilərindən sonra onun üzərindən xətt çəkdi.

4. Əsas səbəblərdən biri – İncənin Ərdoğandan dəstək alması iddiası onun CHP-dəki nufuzuna zərbə vurdu.

5. İncə CHP-ni hətta partiyadan millət vəkilliyinə namizədlik şansının olmadığını gördüyündən istefa verdi.

İncənin partiyasının uğur qazanmaq şansı varmı? 

Xatırlatmaq yerinə düşər ki, Kılıçdaroğlunun CHP-yə sədrliyi dövründə partiyadan ayrılıb siyasi təşkilat quranlar olub. Bunlardan huquqşünas Əminə Ülkər Tarhan CHP-dən 2014-cü ildə ayrılaraq “Anadolu” Partiyasını qurdu, ancaq uğuruzluğa duçar oldu. Hazırda bu partiya rəsmən mövcud deyil. İkinci belə partiya keçmiş diplomat, hazırda Ərdahan millət vəkili olan Öztürk Yılmaz tərəfindən qurulub. O, CHP-dən çıxarıldıqdan sonra 2020-ci ildə “Yenilik” Partiyasını yaradıb. Ancaq bu partiyanın da uğur qazanma şansı demək olar kı, yoxdur.

Gələk İncənin uğur qazanmaq şansına. İncə partiyasının 18 sentyabrda keçirilən qurultayında Türkiyə vətəndaşı kimi öz siyasi platformasını açıqladı və siyasi, sosial-iqitisadi planlarını təqdim etdi. Hazırda Türkiyə parlamentində İncənin partiyasından üç millət vəkili var. İncə populist fikirlər səsələndirir. Anti-imperializm xəttində tez-tez ABŞ-ı hədəf alır və milli ruhdan danışır. Hələlik İncənin Türkiyə siyasi həyatında uğur qazanmaq şansı demək olar kı, yoxdur. Bunun da əsas səbəblərindən biri onun solçu olmasıdır. Solçu olması İncəyə ona görə maneədir ki, indiki CHP dura-dura Qərb ona dəstək verməz. Sağ cinahdan isə İncəyə əsasən islamçılar səs verməz. Buna da səbəb İncənin içki aludəçisi olmasıdır.

Bəs millətçilər səs verərmi? Onlar da səs verməz. 

Çünki İncə siyasi karyerasında türkçülərə qarşı olan ilk CHP-li siyasətçilərdin biridir. O, parlament kürsüsündən “Türkiyədə kürd problemi var” deyib. Ancaq hazırda İncə HDP-ni təndiq edir və onlarla məsafə saxlayır. Böyük ehtimalla İncə bununla siyasi gediş edir. Bunun da səbəbi bu dövrdə ona seçici səsinin lazim olmasıdır. “HDP ilə masaya oturmaram” deyir, ancaq şərt də qoyur – “terrordan uzaq durun, dəstək verməyin, dialoqa hazıram”.

Hazırda Türkiyənin siyasi həyatında maraqlı hadisələr baş verir. Pandemiyanın dünya dövlətlərinə vurduğu zərərlər Türkiyədən də yan keçməyib, iqtisadiyyatında problemlər var, hər gün qiymətlər yüksəlir, işsizlik artıb. Bu da Ərdoğanın müxalifləri üçün bəhanədir. Hər gün Ərdoğanı sərt tənqid edirlər. Bu müxaliflərin içərisində İncə də var. Hazırda Türkiyədə suriyalılar problemi var. İncə, partiyası seçkidə qalib gələrsə və ya özü prezident seçilərsə suriyaylıarı öz vətənlərinə geri göndərəcklərini bildirib. Bunu digər siyasətçilər də deyirlər, ancaq buna baxmayaraq, seçkilərdə məğlub olurlar. Hazırda İncə öz partiyasını təşkilatlandırmaqla məşğuldur. Onun əsas məqsədi prezident seçkilərində iştirak etmək və qalib gəlməkdir. Ancaq bu, hələ ki, real görünmür. İncə Türkiyənin hər cinahından səs ala biləcəyini deyir, ancaq bu da real görünmür. Ona öz keçmiş partiyasından belə dəstək verənlər demək olar kı, azdır.

İncənin ikinci Ecevit olmaq şansı varmı?

Yəqin ki, yox. Ona görə ki, Ecevitə ABŞ dəstək vermişdi. Hətta ABŞ Ecevitin dövründə Türkiyə ordusunun Kiprə daxil olmasına belə göz yumdu. Sonra Ecevit CHP-dən ayrıldı, ABŞ ona dəstək verdi və DSP quruldu, Ecevit iqtidar oldu. Daha sonra Ecevit ABŞ-ın bəzi istəklərinə boyun əymədi və növbədənkənar seçkilərdə məğlub olaraq, siyasətdən getdi.

Türkiyəni 2002-ci ildən bü günə qədər sağ cinah təmsilçisı olan partiya idarə edir. ABŞ İncəyə dəstək verməz. Çünki ABŞ daha Türkiyədə sol cinahın iqtidar olmasını istəmir. Hazırkı CHP-də ABŞ-a meylli qüvvələr var. İncənin isə Qərbdəki dünya güclərindən dəstək almaq şansı, hələ ki, yoxdur. Bir zamanlar Ecevitin siyasətə gəlməsinə İsmət İnönü dəstək oldu, sonra Ecevit İsmət Paşanı məğlub etdi. Ecevit Baykalı siyasətə gətirdi, sonra Baykal Ecevitə rəqib oldu, sonda CHP-dən ayrıldı. Baykal Kılıçdaroğluna dəstək verdi, nəticədə özünün artıq CHP-yə siyasi təsir imkanlarını itirdi. İncəyə gəlincə, onun siyasi karyerasının necə bitəcəyini demək cətindir. Ancaq bunu demək olar kı, İncə CHP-ni tərk etdiyinə peşman olacaq.

Teymur Qasımlı