Məhbusların məzuniyyətə buraxılması ənənəsi genişləndirilməlidir - DEPUTAT

  • By admin
  • 11 İyun 2024 12:21

“Azərbaycanda məhkumların məzuniyyətə buraxılması ənənəsi var. Ancaq hesab edirəm ki, bu davamlı xarakter almalıdır”.

 

Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev dövlətin cəza icra siyasəti ilə bağlı sualı şərh edərkən deyib.

Qeyd edək ki, bugünlərdə  “Avropa Şurasının 2023-cü il üçün Həbsxana Əhalisinə dair İllik Cəza Statistikası” dərc edilib. Bu siyahıda Azərbaycan məhbus sayına görə, Avropa Şurasına üzv ölkələr içərisində öndə gedir.

Deputat xatırladır ki, prezidentin hələ bir neçə il öncə məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair fərmanından sonra bu sahədə müsbət dəyişikliklər baş verib.

Qeyd edək ki, Azərbaycanda məhkəmələrin həbsə daha çox meyilli olması, alternativ cəza növlərini seçməməsi məhkəmə-hüquq sistemimizin mövcud durumu kimi dəyərləndirilir.

 

Naqif Həmzəyev isə bu fikirlə qismən razılaşır: “Ola bilər ki, kimsə hansısa vəzifə cinayətində ittiham olunur. Onun barəsində araşdırma gedir və istintaqa cəlb olunub. Ancaq həmin vaxt artıq şəxs bu qurumda çalışmır. Bu isə o deməkdir ki, həmin cinayəti yenidən törətmək imkanı yoxdur. Həmin şəxsi məhkəməyə qədər azadlıqda saxlamaq mümkündür. Mən bu halları daha çox avtoqəzalara münasibətdə görürəm”. 

Azərbaycanda həbsdə azadlığa çıxan şəxslərin yenidən cinayətə meyilli olmaması məsələsinə də toxunan deputat hesab edir ki, burada islah məsələsini xüsusi yer tutur: “Məsələn, məhbuslara azadlıq hissini, azadlıqda yaşamağın daha gözəl olmasını aşılamaq lazımdır. Bəzi inkişaf etmiş ölkələrdə məhbuslar tez-tez məzuniyyətə buraxılır. Bizdə də bu ənənə var. Amma hesab edirəm ki, davamlı hal almalıdır. Penitensiar Xidmətdəki rəhbər dəyişikliyindən sonra bu sahədə müsbət məqamları görmək mümkündür. Hesab edirəm ki, cəzaçəkmə müəssisələrində müxtəlif dil və peşə kurslarına da xüsusi diqqət yetirmək lazımdır”.

Günay Mahirqızı

Gununsesi.info