Münxen prokurorluğu dizel qalmaqalına aidiyyəti olması şübhəsi ilə “Audi” avtomobil konserninin idarə heyətinin bir neçə üzvü barəsində inzibati xəta haqqında iş başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə idarənin nümayəndəsi məlumat verib. Söhbət nəzarət öhdəliklərinin top-menecerlər tərəfindən pozulması ehtimalından gedir. Amma söhbətin məhz kimdən getməsi barədə məlumat verilmir.
Şirkətin İnqolştadtakı nümayəndəsi bildirib ki, prokurorluq inzibati icraatın başlanması barədə “Audi” rəhbərliyini məlumatlandırıb. İqtisadiyyat yönümlü “Manager Magazin” jurnalı daha əvvəl yazıb ki, “Audi” şirkətinin idarə heyətinin dörd üzvü yaxın vaxtlarda öz vəzifələrini tərk edəcək. Şirkətin mətbuat xidməti bu informasiyanı şərh etməkdən boyun qaçırıb.
Prokurorluq hələ bu ilin martında fırıldaqçılıq və mötəbər olmayan reklamdan istifadə şübhəsi ilə “Audi” əleyhinə cinayət işi qaldırıb. Bu zaman söhbət ABŞ-da və Avropada satılan dizel avtomobillərinin işlənmiş qazlar üzrə məlumatlarının qəsdən azaldılmasından gedib.
İyulun əvvəlində bu cinayət işi çərçivəsində “Audi” mühərriklərinin işlənib hazırlanması şöbəsinin sabiq rəhbəri tutulub. Hazırda o, ilkin həbs kamerasında saxlanılır və cinayət polisinin əyalət idarəsinin əməkdaşları tərəfindən dindirilir.
Gununsesi.info