
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günortadan sonra davam etdirilib.
Gununsesi.info-nun məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A. Çovdarov səhhətinin pis olduğunu deyib və iclasın təxirə salınmasını istəyib. Məhkəmə onun xahişini nəzərə alaraq, iclası yanvarın 30-dək təxirə salıb.
***
13:46
Yanvarın 25-də Sabunçu rayon məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Gununsesi.info-nun xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərdən Səlim Məmmədovun vəkili Cavid Rzazadə vəsatətlə çıxış edib.
O, müdafiə etdiyi şəxsin pensiya hesabının üzərinə qoyulan həbsin ləğvini istəyib. Lakin məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra Akif Çovdarovun vəkili Kamandar Nəsibov vəsatətlə çıxış edib. Bildirib ki, müdafiə etdiyi şəxsin səhhəti pisdir. O, iclasın təxirə salınmasını istəyib.
Hakim deyib ki, Akif Çovdarovla bağlı təyin edilən ekspertizada suallardan biri də onun iclasda iştirakı ilə bağlıdır: “Sual qoyulub ki, Akif Çovdarovun iclaslarda iştirak etməsinə səhhətinin imkan verib-verməməsi müəyyən edilsin. Həmin rəy gələnə kimi vəsatət baxılmamış saxlanıb”.
İclasda çıxış edən zərərçəkmiş Mübariz Məmmədov isə hər hansı şikayət və tələbinin olmadığını, istintaq zamanı verdiyi sonuncu ifadəni təsdiq etdiyini deyib.
Proses günün ikinci yarısında davam edəcək.
Gülnaz Qənbərli
Gununsesi.info