Məhkəmə fəaliyyətində süni intellektin tətbiqinə dair beynəlxalq konfrans keçirildi – FOTOLAR

  • By admin
  • 16 Noyabr 2019 17:49

Dünyada yeni texnologiyaların inkişafı, cəmiyyət həyatının müxtəlif sahələrində süni intellektdən və robot texnikasından istifadə müasir dövrün reallıqlarındandır.

Azərbaycanın məhkəmə-hüquq sistemində müasir texnologiyaların tətbiqi üzrə əldə etdiyi uğurlar beynəlxalq ictimaiyyətin də böyük marağına səbəb olub. Dünyada süni intellektin və robot texnikasının geniş tətbiqi beynəlxalq və milli hüququn qarşısında ciddi məsələlər qoyur. Ölkəmizin nailiyyətlərini dünya ölkələri ilə paylaşmaq, həmçinin məhkəmə-hüquq sahəsində süni intellektin və informasiya texnologiyalarının tətbiq olunmasına dair beynəlxalq təcrübəni öyrənmək məqsədilə, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) və Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun 15 noyabr tarixində Bakıda təşkil etdiyi “Süni intellekt və insan hüquqları” adlı beynəlxalq konfrans məhz sözügedən məsələlərə həsr olunub.

 Azərbaycan Respublikası Birinci Vitse-prezidentinin köməkçisi Gündüz Kərimovun giriş sözü ilə açılan beynəlxalq konfransda süni intellektin məhkəmə və özəl icra sistemlərində tətbiqinə dair Avropada mövcud olan təcrübələr, rəqəmsallaşma sahəsindəki son yeniliklər, eləcə də Azərbaycanın milli qanunvericiliyi və bu sahədəki perspektivlər, qarşıda duran vəzifələr, rəqəmsal ədliyyəyə keçid kimi mühüm mövzular ətrafında maraqlı müzakirələr aparılıb.