Məhkəmə Hüquq Şurasına dair beynəlxalq tələblər - AÇIQLAMA

  • By admin
  • 06 İyun 2023 00:53

Azərbaycanın Məhkəmə-Hüquq Şurasının sədrinin dəyişəcəyi barədə söhbətlər yayılıb.

Uzun illərdir ki, ədliyyə naziri Fikrət Məmmədov qanunsuz olaraq bu postu tutub.

Məhkənə hakimiyyətin müstəqil qolu olduğundan ədliyyə nazirinin bu postu tutması nə qanunlara, nə də məntiqə sığır.

Tanınmış vəkil Aqil Layic Gununsesi.info-ya Məhkəmə Hüquq Şurasına dair beynəlxalq tələblərin nədən olduğunu açıqlayıb.

 

“Bizdə bu olmazsa hakimlərin müstətilliqindən söhbət gedə bilməz. Ən azından institusional olaraq bu müstəqillik kənardan görünməlidir.

1. Məhkəmə Hüquq Şurasının üzvləri inzibati vəzifə tutmayan hakimlərdən formalaşmalıdır, bu gizli və şəffaf seçki yolu ilə hakimlər tərəfindən seçilməlidir, bu hakimlər isə inzibati vəzifə tutmamalıdır, sədr və ya sədr müavinləri olmamalıdır.

2. İcra qurumun rəhbərinin, Ədliyyə Nazirinin Məhkəmə Hüquq Şurasının sədri olması qəbul edilən deyil. Uzun illərdin buna dair beynəlxalq çağırışlar, hətta AİHM-nin qərarları olub.

3. Apellyasiya məhkəməsinin sədrləri də həmçinin üzv ola bilməməlidir.

4. Məhkəmə Hüquq Şurasında Ali Məhkəmənin sədrinin təmsil olunması sadəcə non-sensdir. Hüququn ümumi prinsiplərinə ziddir. Təsəvvür edin ki, Şuranın qərarlarının yeganı mübahisələndirilə bildiyi instansiya Ali Məhkəmənin Plenumudur ki, Ali Məhkəmənin sədri isə həm Şuranın qərarında iştirak edir, həm də bu qərardan şikayətə özü baxır. Nemo judex in causa sua- heç kim özünün yer aldığı qərarın mübahisələndirilməsinə hakim ola bilməz.

5. Məhkəmə Hüquq Şurasının tərkibində vəkillər, deputatlar, prokurorluq və administrasiya təmsil edilməməlidir. Baxmayaraq ki, həmin orqanların özlərinin intizam işlərində hakimlər təmsil edilmir. Onların qərarların qəbulunda iştirakları olmasa da, qərarların nəticələrinə təsir etmək, müzakirələrdə iştirak etmək məsələsi də olmamalıdır.

6. Məhkəmə Hüquq Şurasının gizli yolla seçilmiş sıravi hakimlərdən ibarət üzvləri rotasiya qaydasında hər ildən bir sədr olmalıdır.

7. Sivil ölkələrdə məhkəmə aktları dövlət adına deyil, xalq adına qəbul edilir, məhkəmə institutu da xalqındır, icra hakimiyyətinin deyil. Xalq isə bu institution əsas silahı olan Məhkəmə Hüquq Şurasının inzibati orqanlardan formal asılı olmadığını görməli, hakimlərin müstəqilliyində inzibati resursların sıfırlandığını hiss etməlidir.

Mais

Gununsesi.info