Məhkəmə təcrübəsinin vahidliyi beləmi formalaşdırılır? - HAFİZ HƏSƏNOV YAZIR

Məhkəmə təcrübəsində Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaları və Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qəraı ilə təsdiq edilmiş Qaydaları Konstitusiyadan və Mənzil Məcəlləsindən üstün tutulur.

Hüquqlarını müdafiə etdiyim Yasəmən Musayevanın əri II Qarabağ müharibəsində şəhid olub. İki azyaşlı uşağı ilə mənzillə ehtiyacı olan bu gənc xanım şəhid ailəsi kimi mənzil uçotuna alınması üçün Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiytinə (İH) müraciət edib. Lakin Nərimanov Rayon İH onu mənzil uçotuna almayıb və buna əsas kimi Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”na və Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qəraı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitnin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və bölüşdürülməsi Qaydalarının 7-ci və 8-ci bəndlərini göstərib. Həmin bəındlərin mızmununa görə bu Qaydalar qəbul edilənədək Bakı şəhərində 5 il, bu Qaydaların qəbulundan sonra isə, 7 il daimi qeydiyyatı olan (yaşayan) şəxslər Bakı şəhərində mənzil uçotuna alına bilər.

HTML tutorial

Bakı Şəhər Nərimanov Rayon İH-nin bu hərəkəti (cavabı) qanunsuz hesab edilərək adıçəkilən şəhid ailəsinin mənzil uçotuna alınması öhdəliyinin Bakı Şəhər İH-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət edilib.

Lakin Bakı İnzibati Məhkəməsi Nərimanov Rayon İH-nin hərəkətini qanuni hesab edib və bunun üçün Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”na və Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qəraı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitnin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və bölüşdürülməsi Qaydalarının 7-ci və 8-ci bəndlərini əsas göstərib.

Bakı İnzibati Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına verilən apellyasiya şikayəti də Azərbaycan SSR Nazirlər Sovetinin və Bakı Şəhər Xalq Deputatları Sovetinin adıçəkilən qərarları ilə təsdiq edilmiş Qaydalara əsaslanmaqla təmin edilməyib və Bakı İnzibati Məhkəməsinin qərarını qüvvəsində saxlayıb. Bu qərardan verilən kassasiya şikayəti də, AR Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən təmin edilməyib və buna əsas kimi yenə də həmin Qaydalar əsas tututlub.

Qeyd edirik ki, bu cür hallar artıq kütləvi xarakter daşıyır və Bakı şəhərinin digər rayonlarında da adıçəkilən Qaydalara uyğun olaraq Bakı şəhərində müvafiq olaraq 5 və ya 7 il qeydiyyatı olmayan şəxslər Bakı şəhərində demək olar ki, mənzil uçotuna alına bilmirlər. Bu işlər üzrə məhkəmələr də, iddia tələblərini təmin etmirlər və bütün məhkəmə instansiyaları bu cür işlər üzrə Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”na və Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qəraı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitnin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və bölüşdürülməsi Qaydalarının 7-ci və 8-ci bəndlərini tətbiq edirlər.

Hesab edirik ki, məhkəmələr tərəfindən adıçəkilən Qaydalara istinad edirlərək Bakı şəhərində mənzil uçotuna alınmaq üçün 5 və ya 7 il daimi qeydiyyatda olma tələbi qanunsuzdur və bu cür hallar mənfi xarakterli vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına gətirib çıxara bilər.

Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinə görə, bu Konstitusiya qəbul edildiyi günədək Azərbaycan Respublikasının ərazisində qüvvədə olan qanunlar və başqa normativ hüquqi aktlar bu Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlayır.

Konstitusiyanın 28-ci maddəsində hər kəsin Azərbaycan ərizisində sərbəst hərəkət etməsi və özünə yaşayış yeri seçə bilməsi hüququ nəzərdə tutulub. Həmçinin, Konstitusiyada mənzillə təmin olunma ilə bağlı Azərbaycanın heç bir ərazisində daimi yaşama (qeydiyyat) faktına dair birbaşa və ya dolayısı ilə tələb nəzərdə tutulmayıb.

Bu müddəalara əsasən belə nəticəyə gəlmək olar ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalar və Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş Qaydalar Konstitusiyaya zidd olduğundan Konstitusiyanın Keçid müdəalarının 8-ci bəndinə uyğun olaraq hüquqi qüvvəsi yoxdur. Eyni zamanda Konstitusiyanın 71-ci maddəsinin II hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

Bununla bağlı onu da qeyd edirik ki, Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş Qaydalar “Noramtiv hüquqi aktlar haqqında” Konstitusiya Qanununa görə normativ hüquqi akt deyil, normativ xarakterli aktdır.

Bunlardan başqa “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun 5-ci maddəsinə görə Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir.

AR Mənzil Məcəlləsinin 3.2.-cü maddəsinə görə vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsində isə, vətəndaşların mənzil uçotuna götürülməsi üçün ümumiyyətlə, daimi yaşama tələbi yoxdur. Mənzil Məcəlləsinin 53-cü maddəsində yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina üçün əsaslarda müvafiq rayonun, şəhərin ərazisində hər hansı müddətdə yaşamama kimi əsas nəzərdə tutulmayıb.

Bütün bunlardan çıxış edərək hesab edirik ki, məhkəmələr Konstitusiyaya və Mənzil Məcəlləsinə zidd olan Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaları və Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qəraı ilə təsdiq edilmiş Qaydaları Konstitusiyadan və Mənzil Məcəlləsindən üstün tuturlar.

29 noyabr 2019-cu il tarixdə Mülki Məcəlləy və İnzibati Prosessual Məcəlləyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair yeni normalar daxil edilib və bu normalar müsbət xarakterli məhkəmə təcrübəsinin vahidliyinin formalaşması məqsədi daşıyır. normalar gətirilib. Lakin indiki halda bu cür işlər bu məqsədlərə zidd olaraq mənfi xarakterli vahid məhkəmə təcrübəsinin formalaşmasına gətirib çıxara bilər.

Hafiz Həsənov
Vəkil