“Məhkəmələr daha çox azadlıqdan məhrumetmə cəzası verir ki, bu da səmərəli nəticələrə gətirib çıxarmır” - ƏLİMƏMMƏD NURİYEV

  • By admin
  • 15 Fevral 2017 13:50

elimemmed

  “Hesab edirəm ki, sərəncam bütövlükdə kompleks islahat xarakteri daşıyacaq”

“Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalaması zərurətindən danışarkən, ilk növbədə qeyd etmək lazımdır ki, bu sərəncam cinayət təqibi və cəzaların icrası sahəsində hüquqi islahatların yeni mərhələsidir”.

Bu haqda Gununsesi.info-ya Prezident yanında Əfv Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev  sözügedən sərəncamı şərh edərkən belə deyib.

Ə.Nuriyev hesab edir ki, Prezidentin bu sərəncamı son 12 ildə  penitenisiar sahədə cəzaçəkmə  maarifləşdirilməsiylə bağlı aparılan  islahatların növbəti mərhələsinə start verir:

“ Yeni islahatlar bir tərəfdən  hazırda ictimai münasibətlərdə  və cəmiyyətin həyatının  bütün sahələrində baş verən sürətli dəyişiklikləri  şərtləndirirsə, digər tərəfdən isə mövcud problemlərin səmərəli həllini  zəruri edir. Bu baxımdan, Prezidentin bu təşəbbüsü  həm  müasir dövrün tələblərini nəzərə alır, həm də innovasiyalar üçün  yeni imkanlar yaradır. Eyni zamanda  müasir innovasiyaya yeni yanaşmanı, dünya təcrübəsindən yaralanmağı təqdim edir”.

O, qeyd edib ki, 2016-cı ilin may ayınadək növbəti amnistiya verilənədək,  Azərbaycan hər 100 min nəfərə düşən məhbus sayına  görə, Avropada qabaqcıl yerləri tuturdu: “Heç şübhəsiz ki, ölkə başçısı tərəfindən  verilən sərəncamda nəzərdə tutulan  tədbirlər, probasiya xidmətinin yaradılması bu problemi əhəmiyyətli dərəcədə həll etməyə imkan yaradır. Digər tərəfdən isə alternativ cəzaların tətbiqi ilk növbədə  fərdin, vətəndaşın maraqlarını əsas tutmağa imkan verəcək. Bu da öz növbəsində  bütünlüklə cəmiyyət və dövlətin cəza siyasətində kollektiv maraqların  fərdin maraqlarıyla balanslaşmasını təmin etməyə imkan verəcək”.

Bu sərəncamda  alternativ cəzaların geniş  tətbiqindən bəhs edildiyini deyən Ə.Nuriyev qeyd edib ki, Prezident sərəncamda  dövlət orqanlarına tapşırıqlar və tövsiyələr verir ki,  bu istiqamətdə qanunvericiliklə bağlı dəyişiklikləri hazırlayıb təqdim etsinlər.

“Xüsusi ilə nəzərə alsaq ki, Azərbaycanda  alternativ cəza institutunun tətbiqi geniş yayılmayıb, daha çox  azadlıqdan məhrumetmə cazaları məhkəmələr tərəfindən tətbiq olunur, heç  şübhəsiz ki, bu zaman  bu, bütün hallarda  nə səmərəli effektli nəticələrə, nə də şəxsin  islah edilməsinə gətirib çıxarır. Əslində, şəxs cəzaçəkmə  müəssisəsinə daxil olduqdan sonra, o, yeni bir sürmədəniyyəti özündə formalaşdırmağa çalışır. Çünki  orada fərqli bir mədəniyyət var və  bu da gələcəkdə azadlığa çıxandan sonra yeni cinayətlərin törədilməsinə əlavə imkanlar yarada bilər.O baxımdan da hesab edirəm ki, alternativ cəzalarla bağlı sərəncamda verilən tövsiyə və tapşırıqlar təqdirəlayiqdir.  Xüsusilə də Prezident sərəncamda göstərir ki,  alternativ cəzaların tətbiq edilməsi  genişlənməlidir. Əgər Azərbaycan təcrübəsinə baxsaq görərik ki,  qeyd etdiyim kimi, bizdə daha çox məhkəmələr tərəfindən  azadlıqdan məhrumetmə cəzası verilir. Bu, bütün hallarda səmərəli nəticələrə gətirib çıxarmır.

Ona görə də maksimum həddə  şəxsi cəmiyyətdən təcrid etmədən onun islahına nail olmaq vacib bir məsələ kimi sərəncamda qoyulub. Bu istiqamətdə də qanunvericiliyin təkmilləşdirilməsi prezident tərəfindən  qoyulub. Eyni zamanda,  az ağır və xüsusilə  ağı, böyük ictimai təhlükə törətməyən cinayətlərin, cinayət etmiş şəxslərə münasibətdə  müstəsna hallarda həbs-qətimkan tədbirlərinin  keçirilməsi məsələsinin diqqətlə araşdırılması  da sərəncamda tapşırıq olaraq qoyulub.

Təəssüf ki, yenə də məhkəmələr tərəfindən  yalnız şəxs cinayət  törətdikdə, onun barəsində həbs- qətimkan tədbiri seçilir. CPM-də daha çoxsaylı həbs- qətimkan tədbirləri,  prosessual  məcburetmə tədbirləri var. Məsələn,  girovun tətbiqi, ev dustaqlığı,  zaminliyə vermə, şəxsin zaminliyə verilməsi, başqa yerə getməmək barədə iltizamın alınması və s. amma bu kimi  qətimkan tədbirlərindən  istifadə olunmur. Bunun istifadə olunmaması şəxsin müvəqqəti  olaraq,  penitensiar  müəssisələrinə daxil olmasına  gətirib çıxarır.   Prezident sərəncamda qeyd edib ki, yalnız müstəsna hallarda , diqqətlə araşdırıldıqdan sonra, az ağır böyük ictimai təhlükə etməyən şəxslər barəsində həbs- qətimkan tədbiri seçilir. Eyni zamanda,  Prezident qanunvericilikdə bu istiqamədə də  bir sıra dəyişikliklərin  edilməsini tövsiyə edir. Göstərir ki, ayrı-ayrı cinayətlərin sanksiyalarında alternativ  cəzaların tətbiqi imkanları genişləndirilsin.

Başqa bir  məsələ Prezident tərəfindən bəzi əməllər və hərəkətlərə görə,  cinayət sayılan  əməllərin dekriminalaşdırılması təklif olunub. Bu da onda irəli gəlir ki,  artıq iqtisadi fəaliyyət sahəsində edilən cinayətlərə  dekriminallaşdırmanın vacibliyi qeyd olunub.

Yeri gəlmişkən  qeyd edim ki, Azərbaycan  CPM-də  38 maddədə iqtisadi  fəaliyyət sahəsində  baş verən cinayət tərkibi nəzərdə tutulub. Güman edirəm ki,  sərəncamda verilən tapşırıqlara görə, eyni  zamanda dekriminalşdırma – yəni   əməlin cinayətsizləşdirilməsi,  əmələ görə  cinayət cəzasının nəzərdə tutulmaması, eyni zamanda maddi ziyan dəymiş işlər üzrə, xüsusilə də  maddi ziyan ödənilərsə, tərəflərin barışığı olarsa, həmin şəxslər barəsində də azadlıqdan məhrumetmə cəzsının tətbiq edilməsi məhdudlaşdırılır. Bu da öz növbəsidə cəmiyyət üçün yüksək səviyyədə arzuolunan məqamdır”-deyə, o, bildirib.

Sərəncamda probasiya ilə bağlı məqamlara da aydınlıq gətirən Ə.Nuriyev qeyd edib ki, yenilikərin ediləcəyi probasiya sahəsi də təqdirəlayiqdir:

“Sərəncamın əsas məqsədlərindən biri də cinayət törətmiş şəxsləri cəmiyyətdən təcrid etmədən islah olunmasını təmin etmək üçün zəruri şəraitin yaradılmasıdır. Məhz, bu məqsədə nail olmaq üçün ixtisaslaşmış yeni qurumun Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin yaradılmasına qərar verilib. Probasiya  termini  hüquq nəzəriyyəsində  şəxsin müəyyən şərtlərə riayət etməsi müqabilində cəzadan azad edilməsi mənasında istifadə edilir. Azərbaycanda Probasiya institutunun tətbiqi çox vacibdir. Çünki bu zaman şəxsin  həm məhkəməyə qədər, həm də məhkəmədən sonra fəaliyyətinə  nəzarət yetiriləcək.  Dünyanın bir sıra ölkələrində yaradılıb və səmərəli işləyir. Bu institun yaradaılması gələcəkdə həm cinayətkarlığa qarşı mübarizədə  etibarlı üsul olacaq, eyni zamanda, bu xidmətlər şərti məhkumetmə zamanı məhkumun hökmlə müəyyən edilmiş şərtlərə riayət etməsinə nəzarət , habelə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasını təmin edən qurum olacaq.

Ölkəmizdə yaradılacaq probasiya xidmətinin əsas vəzifələri azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş və ya şərti məhkum edilmiş şəxslərlə işin təşkilini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq, bu fəaliyyətə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin etmək olacaq.

Müasir dövrdə texnoloji nailiyyətlər insanı həbs etmədən onun davranışına tam nəzarəti həyata keçirməyə imkan verir və dünyanın bir sıra ölkələrində penitensiar sahədə elektron nəzarət sistemləri geniş tətbiq olunur. Bu çox əhəmiyyətli vasitədir. Elektron nəzarət vasitələrinin tətbiqi – məhkumun və ya təqsirləndirlilən şəxsin yerləşdiyi yeri müəyyən etməyə və onun yerdəyişmələrini qeydə almağa imkan verən texniki vasitənin həmin şəxsin üzərində yerləşdirilməsindən ibarətdir.

Bu vasitələr çox vaxt qolbaq və ya saat formasında hazırlanır, xüsusi çiplərlə təhciz edilir və rabitə şəbəkələrinə qoşulur. Eyni zamanda məhkumların əmək fəaliyyətinə cəlb olunması məsələsinin sərəncamda xüsusi qeyd edilməsi də müsbət haldır və təqdirə layiqdir. Bu,  çox önəmli məsələdir.  Məhkularla bağlı məşğullun artırılması çox vacib məsələdir.  Bu hal məhkumların yeni peşələr yiyələnməsinə də gətirib çıxara bilər.

Əmək məşğulluğu məhkum azadlığa çıxandan sonra da artıq onda  xoşagəlməz vərdişlərin tədricən yox olmasına gətirib çıxara bilər. Cəzaçəkmə müəssisələrində məhkumların ictimai faydalı əməyə cəlb olunması məqsədilə həmin müəssisələrdə yeni istehsal sahələrinin yaradılmasına dair də sərəncamda tapşırıqlar verilib. Bu işə sahibkarların bu sahəyə cəlb edilməsinin təşviq olunması üçün tədbir görülməsinin zəruri olduğunu göstərir.

Prezident  sərəncamda şəxslərin azadlıq hüququnu ön plana çıxararaq,  həbs edilən və azadlıqdan məhrum edilən şəxslərin sayının artması ilə bağlı narahatçılığını da bildirib.Penitensiar müəssisələrdə saxlanılan şəxslərin yemək, tibbi-sanitariya, maddi-məişət təminatına nəzarətin gücləndirilməsinə dair ayrıca göstərişlər verilib. Inanıram ki, sərəncamda göstərilənlər  və edilən tövsiyyələr həyata keçirilərkən bütün bunlar detallı nəzərə alınacaq.  Düşünürəm ki,  bu, bütün məqamları nəzərə alan sərəncamdır.

Hesab edirəm ki, sərəncam bütövlükdə kompleks islahat xarakteri daşıyacaq.  Bu baxımdan da hesab edirəm ki, sərəncamın bir tərəfdən cəzanın humanistləşdirilməsinə  cinayət-hüquq siyasətinin liberallaşdırılmasına gətirib çıxaracaq,  digər tərəfdən isə vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı şəkildə  müdafiəsi üçün əlavə imkanlar yaradacaq.

Sərəncamın iqtisadi faydası da çox olacaq. Çünki Azərbaycanda  hər məhkumun qidalanması və saxlanması üçün günlük ortalama olaraq  büdcədən 7 AZN vəsait ayrılır. Odur ki, sərəncamdan irəli gələn tələblər Azərbaycanda  məhkumların günlük qidasının yaxşılaşdırılması  istiqamətində də  müsbət təsir  göstərəcək.  Çünki bu da çox böyük vəsaitdir.

Şübhəsiz ki, sərəncamın tətbiqi məhkumların sayının azalmasına gətirib çıxaracaq. Bu da büdcədən ayrılan vəsaitlərin qənaətinə gətirib çıxaracaq. Eləcə də, sərəncam məhkumların daha yaxşı idarə edilməsində də öz töhfəsini verəcək.  Bu da Penitenisiar Xidmətin əməkdaşlarının daha effektiv və səmərəli  idarəetməsinin keyfiyyətinin yüksəldilməsinə təsir göstərəcək”.

Gülnaz Qənbərli

Gununsesi.info