
Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsi Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsd cinayətindən sonra həbs edilən qonşusu Yunis Quliyevə bəraət verib.
Gununsesi.info-nun xəbərinə görə, bununla bağlı məhkəmə prosesində maraqlı bir məqam üzə çıxıb.
Belə ki, məhkəmə araşdırması zamanı məlum olub ki, Yunis Quliyev həbs edilən zaman dövlət tərəfindən təyin edilən 7 saylı Vəkil Bürosunun vəkili Vüqar Əhmədovun prosesdə iştirakı formal xarakter daşıyıb.
Məhkəmədə aydın olub ki, Vüqar Əhmədov ümumiyyətlə, Yunis Quliyevin dindirilməsində iştirak etməyib.
Dindirmə və işdəki sənədlərin tədqiqindən sonra dövlət hesabına təyin olunmuş vəkil Vüqar Əhmədovun müdafiə prosesində iştirakı şübhə altına alınıb.
Məhkəmə belə nəticəyə gəlib ki, adıçəkilən vəkil sənədlərə sonradan imza atıb. Beləliklə, şəxsin polis bölməsində vəkilsiz qalmadığı görüntüsü yaradılıb.
Bu faktla bağlı Gununsesi.info-nun əməkdaşı vəkil Vüqar Əhmədovun özüylə danışıb.
Onunla əməkdaşımızın dialoqunu olduğu kimi təqdim edirik:
– Salam Vüqar müəllim. Necəsiniz?
-Təşəkkür edirəm, çox sağolun. Buyurun, eşidirəm.
–Yəqin ki, məlumatınız var. Bakı Ağır Cinayətlər Məhkəməsi Yunis Quliyevə bəraət verib. Məhkəmə araşdırması zamanı sizin dindirmə prosesində iştirakınızın olmadığı, amma sənədlərə sonradan imza atdığınız üzə çıxıb. Bu hərəkətinizi necə qiymətləndirirsiniz?
– Vallah, mən bilmirəm, nə danışırsınız. Siz səhv adama zeng etmisiniz e…
(Telefonun dəstəyini asır-red)
Göründüyü kimi, Azərbaycanda öz peşə etikasına və qanunçuluğa bu cür münasibət sərgiləyən vəkillər də mövcuddur. Ümid edirəm ki, Vəkillər Kollegiyası konkret məhkəmə hökmünə daxil edilən bu məqamı araşdıracaq və Vüqar Əhmədov barəsində ciddi tədbir görəcək.
Vəkillər Kollegiyasının məsələ ilə bağlı mövqeyini işıqlandırmağa hazırıq.
Mövzuya qayıdacağıq.
Elmar Elnuroğlu
Gununsesi.info