Məktəbli kimi tərk etdiyim Şuşaya, indi nənə kimi qayıdıram

44 günlük Vətən Savaşını qalibiyyətlə geridə qoymağımızın 4-cü ilində xalqımızın tarixində yeni sevincli günlər yaşanmaqdadır. 

Bir neçə gün əvvəl “Böyük Qayıdış” proqramına uyğun olaraq, bir qrup Şuşa sakini öz yurdlarına döndü.

Onlara bu sevinci yaşadan ölkə başçısı da bu tarixi günlərdə şuşalılarla birlikdə idi.

Prezident və xanımı Şuşa sakinləri ilə görüşündə 32 ildən sonra onları öz doğma torpaqlarında salamlamaqdan qürur hissi keçirdiyini dedi.

“Bu gün Şuşa sakinləri Böyük Qayıdışın sevincini yaşadılar. 36 ailədən 136 nəfər artıq həyatının qalan hissəsini öz yurdunda keçirəcək. Doğma yurduna qovuşan Şuşa sakinlərinə yeni mənzillərin açarları təqdim olunub. Ailələr yeni mənzillərin açarlarını sevinc hissi ilə alıblar. Növbəti həftə daha bir köç karvanı da Şuşaya yola salınacaq”.

Ölkə başçısının Şuşa sakinləri ilə görüşünün əhəmiyyətindən danışan Prezidentin Şuşada xüsusi nümayəndəsi Aydın Kərimov Gununsesi.info-ya açıqlamasında bildirib ki, şuşalılar üçün bundan böyük sevinc yoxdur.

Onun sözlərinə görə, Şuşa öz sakinlərini müasir, bütün infrastrukturun yaradıldığı gözəl bir şəhər kimi qarşılayır.

Gələcək planlar barədə danışan Aydın Kərimov əlavə edib ki, yeni salınan yaşayış kompleksindı  növbəti yay aylarında avqustun ortasındək 370 ailə tam məskunlaşacaq: “Bununla da bu il üçün olan mənzil məskunlaşması proqramı tamamlanacaq. Daha iki yaşayış kompleksinin inşasına ən qısa müddətdə başlanılacaq. Ehtimal edirik ki, bizim tikinti bütün proseslərimiz düzgün aparılsa, biz gələn ilin sonuna bundan da daha çox sayda ailələri mənzil ilə təmin edəcəyik”.

 

“Mən Şuşadan çıxanda 8-ci sinifdə oxuyurdum. Bugün isə 48 yaşım var. İllər öncə qoltuğumda məktəb kitabı, məktəb çantası ilə o torpaqlardan çıxan bir uşaq idim, indi isə  artıq nənə kimi öz vətənimə qayıdıram” 

Bunu isə  Gununsesi.info-ya danışan Bakı şəhəri Yasamal rayonu 286 saylı tam orta məktəbin tarix müəlliməsi Təranə Salahova deyir.

Şuşaya dönmək arzusunun hər bir şuşalının ən böyük diləyi olduğunu vurğulayan Təranə Salahova bu günü görməyən insanlar üçün üzüldüyünü deyib: “Şuşa həsrəti ilə çox insanlar bu dünyadan köçdü. 

Heyf ki, uşaq olmuşuq və  o gözəllikləri dərk etməmişik. O yerlərin necə gözəl və səfalı olduğunun fərqinə varmamışıq. Bu gün mən dərk edirəm ki, bütün bunlar üçün bizim böyüklərimizin ürəyi Şuşa ilə daima döyünüb. Şuşa həsrəti ilə alışıb-yanan nə qədər  şuşalılar var ki, o torpaqları görmədən dünyasını dəyişdi. Vətən deyə-deyə getdilər.

Ora gedəndə özümə söz verdim ki, ağlamayacam. Nə qədər özümə söz verdimsə bacarmadım. Artıq Şuşaya yaxınlaşdıqca qəhər məni boğurdu. Dağıdılmış evləri gördükcə onların əvvəlki vəziyyəti gözlərimin önündə canlanırdı. Dünyasını dəyişən anamla gedib geyim aldığım mağazaların yanından keçdikcə daha da qəhərlənirdim. Hələ avtovağzalın qarşısındakı dondurma mağazasıni demirəm. Bir sözlə Şuşaya dönüşümdə bütün uşaqlıq xatirələrim canlandı. 

Şuşanı qarış-qarış gəzdim. Nənəmgilin evinə getdim. Onun bir vaxtlar baxdığı pəncərəyə baxıb keçmiş günləri xatırladım. Əmimlərimin evinə getdim. Məktəbimin yanından keçdim. Məktəbdən qayıdanda “Şor bulaq“dan içdiyim o sərin sudan bir daha daddım. Çox heyfslənirəm ki, anam da bu günləri görə bilmədi.  Çox sevinirəm ki, bu gün bizə də ev verdilər. Vaxtilə gənc olan şuşalılar, bu gün belləri bükülü halda, saçları ağarmış halda öz evlərinə qayıdırlar.

 Hər biri dərdlidir, hər birinin qəlbində vətən həsrəti var. Bu gün şuşalılar bir-birinə doğmadır. Hətta tanımadığım insanlar  belə bir-birinə doğmalıq ilə rəftar edir. Sanki illərlə itirdiyimiz doğmalarımızı bu gün o torpaqlarda tapmağa çalışırıq”.

Şuşanın müasir şəhər kimi yenidən qurulmasına sevinən Təranə xanım deyir ki, bu şəhər dünyanın ən gözəl şəhərlərindən biri olacaq: “Bizə bu sevinci yaşadan dövlətimizin başçısına, bu torpaqlar uğurunda canından keçən şəhidlərə, qazilərimizə borcluyuq”.

 

Şəbnəm Rəhimova

Gununsesi.info