Məlahət İbrahimqızı: “Avropa Parlamentinin bəzi üzvləri məsuliyyətsizdir”

  • By admin
  • 25 Aprel 2024 16:43

“Avropa Parlamentinin bəzi deputatlarının Azərbaycandan neft-qaz alışının dayandırılmasına dair çağırışları onların məsuliyyətsizliyindən xəbər verir. Bu adamlar dərk etmir ki, neft-qaz satışı dövlətlər arasında beynəlxalq kontraktlarla həyata keçirilir və bu prosesdə tərəflərin öhdəlikləri var”.

 

Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin YAP-dan olan üzvü Məlahət İbrahimqızı Avropa Parlamentinin sonuncu toplantısında Azərbaycanda insan haqlarının durumuna dair müzakirələr zamanı parlamentarilərin Avropa İttifaqı ölkələrinin Azərbaycandan neft-qaz alışını dayandırması çağırışını şərh edərkən söyləyib.

Deputatın sözlərinə görə, Avropa Parlamentində bəlli siyasi qruplar Azərbaycana qarşı qisasçılıq hissi ilə yaşayırlar: “Avropa Parlamentinin müzakirəsinə çıxarılmalı olan o qədər məsələ var ki, amma nədənsə onların işi yalnız Azərbaycanladır. Mən bu çağırışları ciddi qəbul etmirəm. İndiki məqamda isə bu reallıqdan çox uzaqdır. Azərbaycanın Avropa İttifaqının enerji təminatındakı rolu barədə  Serbiyanın, Macarıstanın dövlət başçılarının fikirlərini xatırlayın. Ona görə də hesab edirəm ki, həmin şəxslərin dedikləri də ciddi qəbul olunmur”. 

 

Afət Abbasova

Gununsesi.info