Məlahət İbrahimqızından Bakını “İsgəndər”lə hədələyən deputata cavab - BU ÇIXIŞLARLA RUSİYANIN DÜŞMƏNLƏRİNİN SAYINI ARTIRIR

  • By admin
  • 01 Aprel 2022 12:57
“Aleksandr Şerinin  Azərbaycan və Yaponiya haqqında sərsəm fikirləri yenə də Azərbaycan ictimaiyyyətində həddsiz dərəcədə ciddi etiraza və narazılığa səbəb olub.  Mən onun belə bir fikir işlədəcəyinə təəccüb etmədim. Çünki, bu şəxs dəfələrlə Azərbaycan və Türkiyə haqqında mənfi çıxışlar edib”. 
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin üzvü Məlahət İbrahimqızı Rusiya Dövlət Dumasının deputatı   Aleksandr Şerinin Azərbaycanı “İsgəndər”lə hədələməsinə münasibətində söyləyib.
Qeyd edək ki, Şerin Rusiyanın “Realist” informasiya agentliyinə müsahibəsində bunları deyib: ““Kimsə Rusiyanın güclü və zəif tərəflərini hiss etməyə çalışırsa, o zaman yaxşı işləyən “Kalibre” və “İskəndər”lər  hiss edəcəklər. Hazırki prosesdə fürsətdən istifadə edən bəzi dövlətlər hiyləgərcəsinə Rusiya ilə münasibətləri gərginləşdirməyə çalışır, bəzi həll olunmamış ərazi məsələləri ilə bizi şantaj edirlər. Bununla bağlı həm Yaponiyadan, həm də Azərbaycanın nazirlik və idarələrindən müvafiq bəyanatlar verilir. Mən Tokio və Bakıya xəbərdarlıq edirəm. Rusiyanın müxtəlif istiqamətlərdə və dövlətinin sərhədlərində öz ölkəsinin tam təhlükəsizliyini təmin etmək üçün bütün qüvvə və vasitələri var. Əgər kimsə bizim döyüş effektivliyimiz və dövlətimizin Ukrayna istiqamətində qüdrəti barədə nəticə çıxarmağa çalışırsa, demək istəyirəm ki, ehtiyatlar hətta cəlb olunmayıb, ən güclü silah növləri isə hələ istifadə olunmayıb”.
Məlahət İbrahimqızı isə deyir ki, Şerin  kimi ermənipərəst siyasətçilər  Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək istəyən insanlardır: “Bu insanlar öz dövlətini sevməyən insanlardır, bu insanlar öz dövlətinə xəyanət mövqeyində durandır. Bu gün hamıya məlumdur ki, Rusiya-Azərbaycan  hətta 22 fevraldan öncə də yüksək strateji tərəfdaşlıq münasibətdə olan iki qonşu, dost ölkədir. Rusiya-Azərbaycan tarixən 200 ildən artıq bir yerdə yaşayıb. Rusiyada kifayət qədər azərbaycanlılar var və eləcə də Azərbaycanda kifayət qədər ruslar var. Hətta bizim  Parlamentdə Rusiya icmasını təmsil edən millət vəkili var. Hesab edirəm ki, bu adam Rusiyanın prezidenti Putinə qarşı olan bir adamdır. Əgər Rusiya-Azərbaycan arasında tarixi Moskva bəyənnaməsi imazalanıbsa, o bəyannamədə də hər iki dövlətin başçısı imza atıbsa və bu siyasətçi də belə bir fikirlər səsləndirirsə, onun fikri ancaq təcavüzkar Ermənistandan olan faşist siyasətçilərin səsləndirdiyi fikirlərlə üst-üstə düşür”. 
Məlahət İbrahimqızı deyir ki, Şerin ölkəsinin təcrid olunduğu bir dövrdə diəgr dövlətlərlə münasibətlərinin pisləşməsinə çalışır: “Nəzərə alsaq ki, beynəlxalq aləmdə, beynəlxalq ictimaiyyətdə Rusiyaya qarşı münasibətlər göz önündədir. Onsuz da Rusiyanın düşmənlərı, Rusiyaya dost olmayanların sayı kifayət qədərdir. Bu insanlar da öz dövlətinə qarşı anti-milli, anti-dövlət siyasəti apararaq, Rusiyaya dost olmayan dövlətlərin sayını artırır”.
Günay Təhməzova
Gununsesi.info