“Azərbaycanda söz və fikir azadlığı olduğundan hər bir şəxs öz fikrini sərbəst formada ifadə edə bilər və bu məsələdə hər hansı problem yoxdur. Etibar Məmmədov da bu hüququndan istifadə edərək, ona verilən sualla bağlı mövqeyini bildirib”.
Bunu Gununsesi.info-ya açıqlamasında YAP-çı millət vəkili Məlahət İbrahimqızı AMİP lideri Etibar Məmmədovun mətbuatda hökumətin istefası ilə bağlı fikirlərə mövqeyini bidirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, bəzi hallarda hansısa sahədə problemlər ola, vətəndaşlar hansısa bürokratik əngəllərlə, süründürməçiliklərlə və digər problemlərlə üzləşə bilər.
“Elə ölkə başçısı da bu və ya digər problemlərlə bağlı mütəmadi olaraq iradını bildirir. İstər rüşvət, korrupsiya məsələsi olsun, istər məmurların öz vəzifələrinin öhdəsindən gəlməməsi ilə bağlı olsun, daim öz iradı bildirir. Belə problemlər bütün cəmiyyətlərdə olduğu kimi, bizdə də mövcuddur. Prezident özü dəfələrlə fikrini açıq formada bildirib ki, neçə ki, mən xalqın xidmətində dayanmışam, siz də xalqa xidmət etməlisiniz. Daha onları incitmək yox! Sizin işiniz xalqa xidmət etməkdir və bu xidməti layiqincə həyata keçirməlisiniz! Əgər ölkə başçısı məmurlara belə irad tutursa, demək, bu, onlar tərəfindən ciddi mesaj və xəbərdarlıq kimi qiymətləndirilməli və işlərində ciddi dönüş yaratmalıdırlar. Bu, onlar üçün bir dərs olmalıdır. Bundan nəticə çıxarmalıdırlar”– deyə, millət vəkili vurğulayıb.
M. İbrahimqızı əlavə edib ki, o, ölkə başçısının iradlarını təkcə məmurlara deyil, eyni zamanda deputatlara da şamil edir:
“Deputatlar da mütəmadi olaraq seçiciləri ilə əlaqə saxlamalı və onlar üçün əlçatan olmalıdır. Deputatlar seçicilərini narahat edən problemlərdə və məsələlərdə onların yanında olmalıdır. Odur ki, mən ölkə başçısının məmurlara ünvanladğı iradları deputatlara da şamil edirəm”.
Ölkədəki çevik idarəçilik mexanizminə gəldikdə isə YAP-çı millət vəkili deyib ki, ölkə başçısı mütəmadi olaraq idarəçiliyin təkmilləşdirilməsi və səmərəli fəaliyyəti istiqamətində islahatlar həyata keçirir və növbəti il bu islahatlar davam etdiriləcək:
“Artıq bu islahatların həyata keçirilməsi ilə bağlı bütün işlər görülüb. Effektiv idarəçilik mexanizmi və idarəçiliyin yaradılması ilə bağlı həm Konstitusiyaya dəyişiklik edilib, həm Milli Məclisdə bununla bağlı qanunvericilik bazası formalaşdırılıb, həm “Strateji Yol Xəritəsi” hazırlanıb. Qalır bunların icrasına və qeyd edim ki, nəzərdə tutulan genişmiqyaslı islahatlara da 2017-ci ilin əvvəlindən start veriləcək. Bu islahatlar nəticəsində həm kadr dəyişiklikləri olacaq, həm də çevik idarəçilik mexanizmi yaradılacaq”.
“Ölkə başçısı bununla demək istəyir ki, əgər işinizdə ciddi dönüş etməyəcəksiznizsə, o zaman tutduğunuz vəzifə ilə vidalaşmalı olacaqsınız”
Ölkə başçısı tərəfindən rüşvət və korrupsiyaya qarşı mübarizədən, həmçinin, məmur süründürməçiliyinin qarşısının alınması istiqamətində həyata keçirilən islahatlardan danışan millət vəkili deyib ki, “ASAN Xidmət” modelinin tətbiqi islahatların bariz göstəricisidir.
“Bu xidmətin qısa zamanda tətbiqi ilə cəmiyyətdə sadaladığımız sahədə xeyli dəyişikliyə nail olunub.Bunun nəticəsində vətəndaş, məmur və hökumət arasında bir sivil əməkdaşlıq formatı yaradılıb. Bununla ölkə başçısı məmurlara göstərir ki, bax, xalqa bu cür xidmət etmək lazımdır. Xalqın xidmətində bu cür dayanmaq lazımdır və işinizdə dönüş etməlisiniz. Ölkə başçısı bununla demək istəyir ki, əgər işinizdə ciddi dönüş etməyəcəksiznizsə, o zaman tutduğunuz vəzifə ilə vidalaşmalı olacaqsınız”.
Hökumətin istefasına gəlincə, M. İbrahimqızı deyib ki, bu fikirlə qətiyyən razı deyil:
“Çünki hökumət üzərinə düşən vəzifəni uğurla həyata keçirir. Digər tərəfdən isə daha çevik idarəetmə mexanizmi yaradılması istiqamətində islahatların aparılması nəzərdə tutulur. 2017-ci ildə bu islahatlar daha sürətlə davam edəcək”.
Mürtəza
Gununsesi.info