Məlahət İbrahimqızı: “Sosial şəbəkələrdə Azərbaycan vətəndaşının şərəf və ləyaqəti alçaldılır”

  • By admin
  • 06 Oktyabr 2016 13:30

melahet

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Məlahət İbrahimqızının təşkilatçılığı ilə dövlət atributlarına, milli-mənəvi dəyərlərə, türk və islam mənəviyyatına və əxlaqına zidd olan təhqiramiz yazı və verilişlərin yayımlanmasına etiraz olaraq mətbuat konfransı keçirilib.

Gununsesi.info-nun məlumatına görə, M. İbrahimqızı bildirib ki, son vaxtlar Azərbaycanda bir sıra mətbuat orqanında, xüsusilə də sosial şəbəkələrdə ölkənin milli mənəvi dəyərlərinə zidd məlumatlar yayılır, Azərbaycan vətəndaşının şərəf və ləyaqəti alçaldılır: “Bu mətbu orqanlarda dərc olunan yazılar bizi narahat edir. Həmin saytlarda olan təhqiramiz və əxlaqa zidd olan fikirləri görəndə mən dəhşətə gəlirəm. Ən dəhşətlisi isə odur ki, burada ziyalılar, cəmiyyətin aparıcı insanları hədəfə çevrilir”.

“Son vaxtlar bir sıra mətbuat orqanında, xüsusilə də sosial şəbəkələrdə ölkənin milli mənəvi dəyərlərinə zidd məlumatlar yayılır, Azərbaycan vətəndaşının şərəf və ləyaqəti alçaldılır”

Onun sözlərinə görə, bəzi insanlar Azərbaycandakı demokratiya və söz azadlığından öz məqsədləri üçün istifadə edir, bunu düzgün anlamır və insanları gözdən salmağa çalışırlar: “Sosial şəbəkələrdəki səhifələrdə 300 mindən çox izləyici var və bu rəqəm artan istiqamətdə gedir. Mən bu barədə Milli Məclisdə də çıxış etdim. Çox təəssüf ki, bu günədək Azərbaycan parlamentində internet üzərindən tənzimlənən mətbuatla bağlı heç bir qanun yoxdur. Düşünürəm ki, biz bütün ziyalıları səfər edib, ictimai qınaq yaratmalı, bunun qarşısını almaq üçün tədbirlər görməliyik. Bəlkə də bununla bağlı Monitorinq Qrupu yaradıb onların fəaliyyətini izləməli və sonra qanun çərçivəsində müvafiq addımlar atmalıyıq”.

M. İbrahimqızı əlavə edib ki, burada söhbət heç də internetin bağlanmasından yox, insanların şərəf və ləyaqətin alçaldılmasının qarşısının alınmasından gedir: “Kiminsə fəaliyyətini tənqid etmək olar, müzakirə etmək olar, amma alçaltmaq, təhqir etmək yolverilməzdir”.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Cahangir Məmmədli deyib ki, milli-mənəvi dəyərlərin qorunmasından söhbət gedirsə, etik normalara əməl edilməlidir: “Etik normalar insanın vicdanına bağlıdır. Hər adam buna əməl etmir. Çoxu sensasiya dalınca qaçır”.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli isə çıxışında deyib ki, sözügedən problem çox ciddidir, bu istiqamətdə əməli addımlar atılmalıdır: “Burada qaldırılan təkliflər nəzərə alınmalı və qanun layihəsi şəklində Milli Məclisə təqdim olunmalıdır. Sosial şəbəkələr və internet medianın yaratdığı problemlər həm Azərbaycanda, həm də dünyada narahatlıq doğurur. Bildiyiniz kimi, 2013-cü ildə Mətbuat Şurasının tərkibində onlayn medianı tənzimləyən komissiya yaradılıb. Təsəvvür edin ki, 2015-ci ildə onlayn mediadakı xəbərlərə görə bizə 600 şikayət daxil olub. Ancaq biz sosial şəbəkələrdəki fikirləri müzakirə etmirik. İndi təsəvvür edin, orda nələr baş verir? Milli-mənəvi dəyərlər tapdalanır, insan haqları pozulur. Sosial şəbəkələrdə həm də insanların şəxsi həyatı ilə bağlı sirləri yayırlar. Avropa Birliyinə daxil olan ölkələrdə dövlət sirlərinin və şəxsi həyatın qorunması ilə məşğul olan agentliklər fəaliyyət göstərir. Onlara səlahiyyət verilir ki, hər hansı saytda şəxsi həyatla bağlı informasiya gedirsə, həmin mətbu orqan bloklaşdırılsın və fəaliyyəti dayandırılsın. Eyni zamanda Avropada belə bir praktika var ki, sosial şəbəkələrdə qeydiyyatdan keçərkən, şəxsin kart hesabından simvolik, məsələn, 1 avro miqdarında pul çıxır və bu an həmin adamın bütün məlumatları alınır. Bu da gələcəkdə baş verən istənilən hadisədə birbaşa həmin adamın məsuliyyət daşımasına şərait yaradır. Biz də bilirik ki, ölkədə təhqir və böhtan xarakterli məlumatlar yayan insanların əksəriyyəti qərəzli şəkildə yetişdirilir ki, Azərbaycanın mövqeyinə, imicinə zərbə vursunlar”.

Milli Məclisin deputatı Elmira Axundova informasiya ombusdmanı yaradılmasını təklif edib: “Mətbuat Şurasına da internet media ilə bağlı ciddi səlahiyyətlər verilməlidir. Məsələn, deyilən məsələlərin yer aldığı sayt varsa, Mətbuat Şurası ona bağlamalı, sonra bu məsələ məhkəmədə həll olunmalıdır. Təhqir yolverilməzdir. Vətəndaşlarımız bu məsələdə diqqətli olmalıdırlar”.

Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev insanın şərəf və ləyaqətinin təhqir olunmasına görə dünyada cərimələrin tətbiq olunması ilə bağlı praktikanın olduğunu vurğulayıb: “Sənin nə ixtiyarın var ki, başqasını təhqir edirsən? İnternetdə kim nə istəyir, yazır. Fransada Məhəmməd peyğəmbər təhqir olunanda biz bunun əleyhinə çıxdıq. Onlar da dedilər ki, bu, söz azadlığıdır. Bəs onda nəyə görə, qondarma “erməni soyqırımı”nı tanımayan şəxsə cərimə tətbiq olunması barədə qanun qəbul olunur? Budurmu söz azadlığı? Bu, ikili standartdır. Bu gün bəzi jurnalistlər bizim tariximizin, ədəbiyyatımızın olmadığını deyir, Üzeyir Hacıbəyovu, Səməd Vurğunu təhqir edir, mənəvi dayaqlara zərbə vururlar. Yoxlasalar, görərsiniz ki, Azərbaycanda bəzi saytları ermənilər yaradıblar. Biz demirik ki, kimisə həbs etdirək, sadəcə, məsuliyyətli olmaq lazımdır. Azərbaycan Yazıçılar Birliyi haqqında axmaq-axmaq yazılar dərc olunur”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə çıxışında bildirib ki, dünyanın inkişafı internetin inkişafında öz əksini tapır: “Bu baxımdan məhkəmənin qərarı olmadan saytları və internet medianı bağlamaq olmaz. Bizim hüquqşünaslar da internetlə bağlı məhkəmə prosesinə hazır deyillər. Düşünürəm ki, daha çox burada özünü tənzimləmə məsələlərinə diqqət yetirilməldir”.

Sonda milli-mənəvi dəyərlərin qorunması ilə bağlı ictimaiyyətə müraciət ünvanlanıb.

Gununsesi.info