“Qarabağ və sülh müqaviləsi danışıqları ilə bağlı müxtəlif sənədlər yayımlanır. Ermənistan parlamentinin deputatları deyirlər ki, İrəvan artıq Qarabağın təhlükəsizliyini qoruya bilmir. Belə çıxır ki, deyilənlər reallaşır: Ermənistan hakimiyyəti Qarabağdan əlini çəkir”.
Gununsesi.info xəbər verir ki, bunu erməni politoloq Vigen Akopyan deyib.
Onun sözlərinə görə, danışıqlar prosesi və gələcək addımlarla bağlı xəbərlərin Azərbaycan Prezidenti İlham Əliyev və bu ölkənin digər yüksək vəzifəli rəsmilərinin dilindən öyrənilməsi uzun müddətdir Ermənistandan praktikaya çevrilib.
“Bəzən Türkiyə rəsmilərindən də danışıqlar prosesinin hansı mərhələdə olduğu və yaxın gələcəkdə nələrin gözləndiyi barədə məlumat alırıq. Bu da bir praktikadır ki, Ermənistan hakimiyyətinin təbliğat maşını və ya rəsmiləri bu məlumatları təkzib edir, yaxud da Azərbaycan mənbələrindən gələn fikirləri tirajlamamağı tövsiyə edirlər. Amma ən azı son iki ilin praktikası göstərir ki, nəsə açıqlananda, əksər hallarda, təəssüf ki, reallığa çevrilir”, – Akopyan bildirib.
Politoloq vurğulayıb ki, indi Ermənistan hakimiyyəti də Qarabağa olan iddiadan əl çəkdiyini və buradakı separatçı rejimin təhlükəsizliyinin qarantı olmadığını gizlətmir:
“Ermənistan hakimiyyəti iki il əvvəl noyabrın 10-dan sonra faktiki olaraq bundan imtina etdi. Məsələ təkcə 10 noyabr bəyanatı ilə məhdudlaşmır, ortada şifahi anlaşmalar da var. Ermənistan hakimiyyəti bu anlaşmaları yerinə yetirməklə məşğuldur”.
Akopyanın iddiasına görə, təkcə Ermənistan hakimiyyəti yox, Qarabağdakı separatçı rejim də bu anlaşmaların icrası ilə məşğul olur: “Üstəlik, şifahi razılaşmalar çərçivəsində görülənlər sənəddə yazılanlardan qat-qat ciddidir”.
Akopyanın fikrincə, hazırda Praqada əldə edilmiş bəyanat çərçivəsində sülh sazişinin imzalanmasına hazırlıq gedir:
“Bu, Ermənistanı Qarabağ məsələsindən tamamilə azad edəcək. Ermənistan hökumətinin özü də açıq şəkildə bəyan edir ki, bizim Qarabağın təhlükəsizliyini təmin etmək üçün resurslarımız yoxdur. Deyirlər ki, Azərbaycan istəsə, öz xüsusi nümayəndəsi vasitəsilə Qarabağın erməni icmasının nümayəndələri ilə nəyisə müzakirə edəcək. Çox güman ki, bu müzakirələr də erməni icmasının Azərbaycana inteqrasiyası ilə bağlı olacaq. Sızdırılan sənəd və əldə olunan razılaşmalar bunu deməyə əsas verir”.
Gununsesi.info