Məlyekə Abbaszadə: “Yekun qiymətləndirilmə yeni model əsasında həyata keçiriləcək”

  • By admin
  • 19 Noyabr 2016 14:28

meleyke

Bu gün Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində 2017-ci ildə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanının yeni qaydalarına dair zona seminarı keçirilib .

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarının təhsil işçilərinin, fənn müəllimlərinin qatıldığı tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məruzə ilə çıxış edib. Bildirilib ki, 2008-ci ildən başlayaraq, respublikanın ümumi təhsil müəssisələrində yeni təhsil proqramları (kurrikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə olunur.  Hazırda 9-cu sinifdə təhsil alanların məzmun standartları üzrə mənimsəmə səviyyələri və bacarıqlarının yoxlanılması yeni qiymətləndirmə vasitələri ilə aparılır.

2016/2017-ci tədris ilində ümumi orta təhsil (9‑cu sinif) səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni model əsasında həyata keçiriləcək.

Buraxılış imtahanının Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada Azərbaycan bölməsinin şagirdləri üçün – Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün – rus dili və hər iki bölmə üzrə riyaziyyat fənnindən ibarət olmaqla iki mərhələdə keçirilməsi nəzərdə tutulub.

Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verəcəklər.

Məruzədə qeyd olunub ki, “Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurrikulumları) üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin Təhsil Nazirliyi ilə razılaşdırılmış modeli, Azərbaycan dili, rus dili və riyaziyyat fənlərindən buraxılış imtahanı proqramları, imtahanda V-IX siniflər üzrə yoxlanacaq məzmun standartları, tapşırıq nümunələri və onların qiymətləndirmə meyarları dərc ediləcək.

Gununsesi.info