“Məmur övladlarına vəzifə verilməsi ənənəyə çevrilib” - Deputatdan ETİRAZ

  • By admin
  • 03 May 2019 14:13

Azərbaycanda məmurların, nazirlərin övladlarının adətən yüksək posta təyin olunduğu hər kəsə məlumdur. Hətta bu ənənə halını alıb desək, yanılmarıq. Zaman-zaman yüksək vəzifə tutan məmurların yüksək vəzifəyə təyin olunan övladları ilə bağlı siyahılar da hazırlanıb. Əslində, bu artıq bir norma kimi də qəbul olunmağa başlayıb. 

Gununsesi.org xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa “Yeni Sabah”a danışarkən qeyd edib ki, bu cəmiyyətdə kadr seçimi ilə bağlı olan məsələdir:

“Təbii ki, bunun yanlış tərəfləri çoxdur. Onların da içində təcrübəli, istedadlı insanlar ola bilər ki, yüksək postu tutmağa layiq olsunlar. Amma bunun dozasının bir az artıq olması onu göstərir ki, bir çox hallarda məhz yaxınlıq, sədaqət prinsipi kadr təyinatında əsas götürülür. Bu da insanların ölkə həyatında iştirakı, onların ölkəyə öz töfhələrini verməsi, bilik və qabiliyyətini sərf etməsi imkanlarını xeyli aşağı salır.

Daha çox layiq olmayan insanlar postlara yerləşdirilirlər. Bu da ümumi olaraq insanlarda ümidsizlik yaradır. Yəni adamı, pulu, yaxını olmadan harasa irəliləmək çətindir”.

Deputat bildirib ki, buna baxmayaraq, son vaxtlar prezident tərəfindən vəzifələrə gənc kadrlar da təyin olunur:

“Bunların əksəriyyəti kiminsə qohumu və ya yaxını deyil. Sadəcə öz bilik, qabiliyyətinə görə müəyyən yüksəliş əldə etmiş insanlardır. Belələri də var, bunu da qeyd etmək lazımdır. Lakin məmurların, nazirlərin övladlarının yüksək posta təyin olunması da ənənəyə çevrilib. Bunu da yanlış hesab etmək olar. Yəni genişlənmiş səviyyədə olması düzgün deyil. Buna baxmayaraq, məmurun da, nazirin də övladı hansısa bir işdə çalışmalıdır. Qadağanedici yanaşma olmamalıdır. Amma bunun kütləvi xarakter almasına yol vermək də olmaz. Daha çox qabiliyyətli insanlar önə çəkilməlidir ki, ölkə problemlərini çözək, bu çıxıntılardan qurtula bilək”.