Məmurlar kəndlilərin torpaqlarını necə ələ keçirir?

  • By admin
  • 13 İyul 2016 10:13

torpaq

 

 

Ismayıllının dərdləri barədə prezidentə açıq məktub…

Ismayıllı rayonu, Qubaxəlilli kənd tam orta məktəbinin tarix müəllimi Vüqar Vaqifoğlu (Hüseynov) dövlət başçısı Ilham Əliyevə məktub yazıb. Məktubda Ismayıllıdakı məmur özbaşınalığından, sadə vətəndaşların başına açılan oyunlardan bəhs olunur. Vüqar Vaqifoğlu prezidentə məktubunun surətini “Azadlıq”a da göndərib. O, məktubunda yazır:

“Cənab prezident!

20 il bundan əvvəl – 1996-cı il iyulun 16-da Azərbaycanda “Torpaq islahatı haqqında” qanun qəbul edildi. Mərhum atanız, Heydər Əliyevin I prezidentliyi dövründə qəbul edilmiş bu qanuna görə, torpaq sosial ədalət prinsipinə əsasən, bütün post-sovet respublikalarından fərqli olaraq, kənddə yaşayan vətəndaşların xüsusi mülkiyyətinə pulsuz verildi. Respublikanın vahid torpaq fondu əsasında 3 növ – dövlət, bələdiyyə və xüsusi torpaq mülkiyyət forması müəyyən edildi. Kənd təsərrufatı torpaqlarının 22 faizi xüsusi, 45 faizi dövlət, 33 faizi bələdiyyə mülkiyyətinə verildi.

Bəs, torpaq islahatından keçən bu 20 il ərzində Azərbaycan kəndində hansı dəyişikliklər baş verdi? Şəhəri unla, çörəklə təmin edən əkinçi kəndlinin vəziyyəti bu gün necədir?

Azərbaycanda iqtisadiyyatın bütün sahələri kimi aqrar sektor da iri vəzifəli məmur-monopolistlərin – işbazların nəzarəti altında olduğundan, kənd təsərrüfatını intensiv surətdə inkişaf etdirmək qeyri-mümkündür. Iri vəzifəli monopolistlər-acgözlər vəzifə maaşlarının çox olmasına baxmayaraq, yerlərdəki əlaltılarının qeyri-qanuni hərəkətlərilə imkansız kəndlilərinin pay-əkin torpaqlarını dəyər-dəyməzinə ələ keçirib – “sənədləşdirib” burada mal-qoyun sürüləri saxlatdırır, özləri üçün minlərlə hektar torpaq əkdirirlər. Məsələn, “Ismayıllının Qazaxıstanı” adlandırılan Qubaxəlilli kəndinin təxminən 5000 hektar torpaq sahəsini 5-6 işbaz məmur – çoxtorpaqlı feodallar öz əllərinə keçiriblər. Cəmi 1000 hektar torpaq sahəsini camaat özü əkib, becərə bilir.

Su tapmırıq…

Azərbaycan hökuməti torpaq əkən kəndlinin torpaq pulunu gecikdirməsin, o pulu əkin-səpin vaxtı cəm şəkildə versin ki, kəndli torpağını aqro-texniki qaydada əkib, gübrə alıb vura bilsin. Yoxsa monopolist məmurlar şəhəri çörəklə təmin edən kəndliləri torpaqla baş-başa qoymaz, kəndlini torpaqdan çiyrindirməzlər.

Hökumət bir hektar buğda əkən kəndliyə 100 manat, arpa, noxud və s. dənli bitkilər əkənə gecikdirərək iki dəfəyə pul verir. Ancaq o pulu elə vaxtda verirlər ki, gecikir. Nə əkinə, nə də biçinə yarayır.

Hökumət verdiyi 100 manatdan 30 manat çıxsın. Və bunun əvəzində hər hektara 200 kq. mineral gübrə – azot, fosfor, kalium və s. versin. Bax, onda öz torpağını əkmək istəyənlərin sayı çoxalar, məhsuldarlıq artar. Son nəticədə Azərbaycan özü-özünü taxılla təmin etmiş olar. Daha baha qiymətə Qazaxıstandan, Kanadadan buğda idxal etməz.

Qubaxəlillinin torpaqları dəmyədir, axar suyumuz yoxdur. Artezianla saatla vurulan sular kənd təsərrüfatını təmin etmir. Azərbaycan hökuməti gərək büdcədən vəsait ayırsın və Qubaxəlilliyə Girdiman çayından axar su, qonşu Quşencə və Qaraməryəm kəndlərindən çay, bulaq suyu çəkilsin. Çünki sularımız duzlu olduğundan, içimizi və çölümüzü yandırmaqdadır.

Cənab prezident, xahiş edirəm ki, öz fondundan bu işin həyata keçirilməsi üçün vəsait ayırasan. Və bu işi kəndçilərimiz özü həyata keçirsinlər.

Uşaqlar qışda soyuqdan məktəbə gələ bilmir

Kəndimizin 5 şəhid oğlundan birinin – Sahib Həsənovun adını daşıyan Qubaxəlilli məktəbi 51 il əvvəl – 1965-ci ildə tikilib. Məktəbin idman zalı qəzalı vəziyyətdədir. Ruslara məktəb, Vatikana kilsə, Gürcüstanda erməni kilsəsinə pulsuz olaraq qaz verən hökumət nə olar, öz vətəndaşına da can yandırsın. Bunu rayona rəhbərlik edən Mirdaməd Sadıqov bilsə də, məktəbin təmiri ilə əlaqədar heç bir tədbir görmür. Məktəbin həyətinin yanından qaz xətti keçsə də, məktəbə qaz verilmir. Qış vaxtı məktəbin istixanası salyarka ilə qızdırılır. Onu da vaxtlı-vaxtında vermədiklərindən uşaqlar soyuqdan dərsə gələ bilmirlər.

Məktəbimizin müəllim kollektivi adından vergilər nazirinin müavini Tahir Məmmədxanova öz təşəkkürümüzü bildiririk ki, kəndin qəbiristanlığının kənarlarını dəmir çərçivəyə saldıraraq, öz vəsaiti hesabına təmir etdirdi.

Cənab prezident, bütün kəndimiz və müəllim kollektivi adından sizdən xahiş edirik ki, 1000-5000 manat kredit borclarının bağlanmasını və uşaqpulu (hər ay hər uşağa görə 50 manat) verilməsi məsələsini baxılmaq üçün Milli Məclisə tövsiyə edəsiniz. Əgər neftin qiyməti dünya bazarında aşağı düşübsə, neft-qaz ölkəsi olan Azərbaycan öz vətəndaşlarına benzini, nefti, qazı maya dəyərindən yüksək qiymətə satmasın.

Qoy islahatlar kağız üzərində qalmasın, xalqa-haqqa doğru addımlar atın!”