
Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş araşdırılması üçün hakim Elnur Nuriyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası gələn il yanvarın 12-nə təyin edilib.
Maraqlıdır, bu ilə bağlı hansı məqamlar aşkarlanıb?
Gununsesi.info məsələni aydınlaşdırmaq üçün Fazil Mustafa ilə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında deputat hadisənin birbaşa İrandan idarə olunduğunun sübut edildiyini bildirib:
“Cinayət işi ilə bağlı materillar artıq məhkəməyə göndərilib. Məhkəmədə məsələyə baxılacaq. Bütün məsələlər təbii ki, istintaq zamanı sübuta yetirilib. Zərərçəkmiş şəxs kimi mən istintaqın hazırladığı materiallarla tanış olmuşam. Məhkəmə prosesində məsələ daha da aydınlığa qovuşacaq. Bəli, hadisə birbaşa İrandan idarə olunub. Bunun nəticələri istintaq orqanları tərəfindən təsbit olunub. Məhkəmədə sübutlar bütün tərəflərdən təqdim olunacaq. Prosesin şəffaf, obyektiv keçiriləcəyinə hər kəs şahidlik edəcək”.
F.Mustafa bu prosesin bəzilərinə bir dərs olacağını düşünür:
“Əminəm ki, bu proses Azərbaycanda xarici ölkələr tərəfindən idarə olunan şəbəkələrə ciddi təsir göstərəcək. Bu cür terrorçu əməllərə əl atan insanlar bundan sonra ağır nəticələrin olacağını hesaba qatıb, müəyyən dərəcədə öz dövlətinə, xalqına qarşı xəyanətkar mövqe tutmaqdan çəkinəcəklər. Hər halda prosesi gözləyək. Məhkəmədə bu məsələlər açıq-aşkar bilinəcək”.
Gununsesi.info