“Mənim tanıdığım Putin ağlında nəsə varsa, bunu edəcək” -Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putini və Ukraynanın zəbt edilmiş ərazilərində keçirilən “referendum”un nəticələrinə görə Kremlin planlarını təsvir edərək bildirib ki, Rusiya lideri “nəsə fikirləşibsə, bunu edəcək”.

Gununsesi.info xəbər verir ki, “Anadolu” agentliyinin məlumatına görə, Ərdoğan Ukraynanın zəbt edilmiş ərazilərin Rusiyaya birləşdiriləcəyindən narahat olduğunu etiraf edib.

“Bu baş verə bilər, çünki mənim tanıdığım cənab Putin ağlında nəsə varsa, bunu edəcək və hazırda belə bir vəziyyət yaranıb”, – deyə o bildirib.

“Bu səbəbdən növbəti görüşümüzə (bu gün gözlənilir – red.) böyük əhəmiyyət verirəm. Ümid edirəm ki, bu məsələni gəldiyi nöqtədə qoyub diplomatiyaya keçəcəyik”, – Türkiyə prezidenti əlavə edib.

Sentyabrın 23-dən 27-dək “Donetsk və Luqansk xalq respublikaları”nda, həmçinin Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək məsələsi üzrə “referendum” keçirilib. Səsvermənin nəticələrinə görə,  guya, həmin ərazilərin sakinlərin 90 faizdən çoxu Rusiyaya birləşməyə “hə” deyib. Putin ötən həftə Donbass, Zaporojye və Xerson vilayətlərinin sakinləri tərəfindən veriləcək qərarı dəstəkləyəcəyini bildirib.

Gununsesi.info