Mənim universitet xatirələrim - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 13 Sentyabr 2019 09:38

 

 

HTML tutorial

-Adın nədir a bala?

-Ləman.

-Mənasını bilirsən?

-İşıldayan, parıldayan.

-Hansı əsərdə var Ləman adı?

-“Cəbhədən cəbhəyə” romanında.

-Kİm yazıb o romanı?

– Həsən Seyidbəyli və İmran Qasımov.

– Niyə “Cəbhədən cəbhəyə”  bəs?

-Çünki əsərin qəhrəmanı Teymur Böyük Vətən Müharibəsində (  1980-ci illərin sonlarında biz İkinci Dünya Müharibəsini məhz belə adlandırırdıq) yaralanıb arxa cəbhəyə qayıdır və yerli düşmənlərə  qarşı mübarizəni davam etdirir.

-O müəlliflərin birlikdə yazdığı  daha hansı əsərləri tanıyırsan?

– “Uzaq sahillrdə”,” İllər keçir” romanlarını.

– Afərin, qızım. Bax, jurnalistikaya belə gənclər gəlməlidir.

Mənim universitet xatirələrim bu dialoqla  başlayır. Rəhmətlik Qulu Xəlilovla. O vaxta qədər Qulu Xəlilovu “Yaşamaq istəyirəm” romanından tanıyırdım. Sadəcə yazıçı kimi. Amma indi o məni mənim özümə tanıdırdı.  Adımın mənasını soruşur, dünyagörüşümü öyrənir, mən də  verdiyim cavablardan dolayı özümü göyün yeddinci qatında hiss edirdim. Daha demirdim ki, bu hələ jurnaldır… kino qabaqdadır.

Bəli, mən həmin ili kinoya bilet tapa bilmədim. Yaradıcılıq imtahanında Qulu Xəlilovun, Azərbaycan ədəbi tənqidinin görkəmli nümayəndəsinin  xeyir duasını qazansam da,  ədəbiyyat  imtahanında  Zinyət xanımın  bir cümləsi  taleyimi həll etdi.  Ağır cümlə idi, həm də mürəkkəb . Eynən düşdüyüm situasiya kimi.  Sadə kəndçi qızı belə bir situasiyaya hazır deyildi. Düzdür biletin ilk iki sualını bülbül kimi ötmüşdüm. Seyid Əzim Şirvaninin “Könül ta var əlində” qəzəlini  əzbər demiş və  bununla da  məndən imtahan götürən Yolçu Piriyevə sanki dünyaları bağışlamışdım. İkinci sual  Məmməd Səid  Ordubadinin ” Gizli Bakı” əsərində Sona xanım surəti idi ki,  yazıçı onu bizə  dövrünün  prizmasından necə tanıtmışdısa o cür də təhlil etmişdim. Ruhu yəqin ki, bizi bağışlayar əgər  “meşşan təbiətli qadın” deməklə haqqına girmişdimsə…

Amma üçüncü sualın -cümlə təhlilinin məqamı gələndə  sərt və ərköyün təbiətli Sona xanımın milyonçu ərinə   rəhmət oxumalı oldum. Çünki qarşımda  ondan da sərt  Zinyət  xanım dayanmışdı və o  cümlə təhlilində kiçik yanlışımı mənə bağışlamaq niyyətində deyildi.  Hər halda imtahandan beş  qiymət ala bilmədim.   Yolçu Piriyevin məni xilas etmək üçün axtardığı bütün yollar da  məni universitetə yox, doğulduğum kəndə aparmalı oldu.  Arxamca dəhlizə belə çıxdı, qızım, sən qiymətindən narazı qalmadın ki?- dedi. Yox, müəllim- dedim. Axı “4 “almışdım, bir  “4” də lap əvvəldən  ədəbiyyat yazılıdan. Fikrimdə iki 4-lə artıq Universitet tələbəsiydim, canım tütündən büsbütün qurtarırdı.

Bəli, uşaqlığım hər il anamın adına kolxozdan verilən 35-40 sot sahədə əkilən tütünü becərməklə keçmişdi. O illərdə tütün məcburi idi. Mayda şitil əkməklə başlayan proses bir də dekabrda qurudulmuş tütünün taylara yığılması ilə başa çatırdı. Becərənlər bilər, əsl cəhənnəm əzabı idi. Əkilməsi bir cür, sulanması bir cür, alağı bir cür, qırımı bir cür. Ən pisi də elə qırımı idi.  Əllərin qap-qara  yapışqan tütün zəhəri ilə şirələnirdi. Və biz bu  şirəli zəhər əllərlə tütün  ləkinin ortasında oturub çörək yeyirdik. Salfet-filan nə gəzirdi?  Olsa belə onun yeri tütünlük deyildi, o süfrə bəzəyi idi.  Tütünlük üçün nə çox  evdə  köhnə qəzet -jurnal?!. Sovetin təqdirolunası cəhətlərindən bəlkə də ən birincisi  sadə kənd adamının , kolxozçunun da  oxuması qayğısına qalması idi. Adamlar hər il  azı yeddi-səkkiz qəzet-jurnala abunə yazılırdı.  Bizim evə də “Krestyanka” jurnalı da daxil olmaqla bəlkə də  10 adda qəzet-jurnal  gəlirdi.  Oxuyanı oxuyur, qalanı  da  tütünlüyə daşıyırdıq. Hərçənd  “Kommunist” qəzetinin müdafiə qabiliyyəti  burda da  sıfır idi.  Qapqara tütün şirəli əlimizlə əvvəlcə qəzeti, sonra da qəzet qarışıq çörəyi kəsir,  qəzetin mətbəə  qoxusu tütünün zəhər qoxusuna qarışır , çörək yox,  sanki ödümüzü  çeynəyirdik.

Tütünün yeganə  üstün cəhəti o idi ki, adamı oxumağa ruhlandırırdı.  Şəxsən mən  atamdan-anamdan yox, tütündən qorxub oxuyurdum. İndi  universitetdə Zinyət müəllimdən 4 qiymət  alanda o qorxunu mənə təkrar qardaşım yaşatdı. Qiymətimi bilincə   ” Get, sənədlərini  götür, yallah tütünə” dedi.  Elə də oldu.  Mən yüksək bal qazansam da müsabiqədən keçə bilmədim  və …tütünlüyə qayıtdım. Şəhərdən zəhərə.

Növbəti il  yenə də universitet qapılarında əsir-yesirdim. Nəhayət qiyabi şöbəni qazana bildim. Göydə uçurdum. Jurnalist olacaqdım. Xeyir duamı isə  bir il əvvəldən  Qulu Xəlilov vermişdi. İndi tələbə Ləmanın “dərsini”  vermək zamanı idi.   Yadımdadır, onun dərsində milçək uçsa vızıltısı  eşidilərdi. Həmin gün də hamı sakitcə  mühazirəsini dinləyirdi. Birdən Qulu müəllim  ” atadan, anadan….” deyib  səsini qısdı və bir neçə saniyə ərzində  auditoriyadan  cavab gözlədi. Hamı susdu, mən isə sanki triqonometrik məsələnin həllini tapmışdım. Sevinclə ” Yar şirin olar “deyə bağırdım. Qulu müəllim  ağır-ağır ” Deyəsən sənin təcrübən var” dedi və milçək uçsa səsi eşidilən zalın sükutu həmin andaca pozuldu. Qulu Xəlilovun dərsində gülmək nadir  hadisə idi. Tez də hamı özünü yığışdırdı.

Auditoriyanı bürüyən qəhqəhə səsi bir də ilk dərs günündə  eşidilmişdi. Deməli, əksəriyyət biri-birini tanımır. Hamı səbirsizliklə müəllimin gəlməsini gözlyir. Birdən qapı açılır, ortayaşlı , ağsaçlı bir kişi auditoriyaya daxil olur. Hamımız ayağa qalxırıq. Adam qıpqırmızı qızarır, sakitcə, heç kimə heç nə demədən keçib ən arxa partada oturur. Məlum olur ki, o da bizim tələbə yoldaşımızdır, Sübhandır. Sübhanın ardınca auditoriyaya daxil olan müəllim isə Əliş Nəbili idi. Elə mənim  qiymət kitabçama  yazılan ilk beş də Əliş müəllimin  beşi idi. Klişe haqqında pis danışmamışdım. Sonra Nəsir İmanquliyevin  üçü, sonra Famil Mehdinin dördü, sonra Əliyar Səfərlinin  nöqtəsi…Ən çətini də o nöqtə idi. Nə Qazi Bürhanəddin, nə Məsihi, Nə Məhəmməd Füzuli haqqında biliklərimiz Əliyar müəllimi  qane edirdi. Düz bir il süründürmüşdü içi mən qarışıq  qrupumuzun əksər uşaqlarını. Yalnız bir  ilin tamamında nöqtənin yerini qiymət  tuturdu. Ən əsası, pulsuz-parasız. Xahiş-minnət nəzərə alınırdı, pul-para isə əsla!  Universitetin jurnalistika fakültəsində  həmişə təmizlik gördüm.  Akif müəllimin ciddiliyi, Cahangir müəllimin səmimiliyi, Raifə xanımın xofu, Nüşabə xanımın tələbkarlığı, adını çəkmədiyim onlarla müəllimlərim -hərəsi yaddaşımıza bir cür yazıldı. Hərəsindən bir şey öyrəndik. Bu Universitet Adamlar bizim həyat yolumuzu müəyyən etdilər. Bizə bu peşəni sevdirməyi bacardılar, Universiteti  sevdirməyi bacardılar. Təkcə Müstəqil Cümhuriyyətin yadigarı kimi yox, həm də bütün universitetlərin flaqmanı kimi. Bu gün ürəklə, çox səmimi şəkildə  ” Nə yaxşı ki, müəllimim  sən oldun BDU”-deyə bilirəm.

Nə yaxşı “jurfak”ın tələbəsi olmaq arzumu gözümdə qoymadın. O fakültənin ki, həmin illərdə ucadan uca, qocadan qocaydı. Jurnalistika sözünün elə bir çəkisi, elə bir sambalı vardı ki…Bunu bir də partaların üstündə yazılan şeir parçalarını oxuyanda hiss edirdin. Xüsusilə qızlar….Pəəhhhh, oxuyurduq və özümüzü ağ atlı oğlanı gözləyən şahzadə sayırdıq.

Əziziyəm isfakın

gül başına filfakın

Yuristlər qurban olsun

bir qızına jurfakın

Onda jurnalistika da, onun qızları da çox ucalıqda idi, çox. Bu gün bunu deyə bilməyəcəm, əziz universitetim. Soruşsan yüz cür səbəb var, amma 100 yaşın təntənəsi o səbəblərdən daha vacibdir.  100-ün mübarək, doğmam mənim.

Yazı BDU-nun ” 100 ilin zirvəsində” müsabiqəsinə təqdim edilir.

Ləman Ələşrəfqızı

xüsusi olaraq,

Gununsesi.org üçün