BU gün ad günü ovqatımı Xəzərdə baş verən hadisə pozdu. Təsadüfdümü, ya nəsə, ötən il Günəşli yatağında baş verən qəza da həyat yoldaşımın ad gününə təsadüf etmişdi. Allahın işini bilmək olmur. Amma bəndə gərək öz işini bilsin. Məsələn, üç gün qabaqdan havanın dəyişəcəyi ilə bağlı proqnozlar verilirdi. Qar yağacaq, hətta tufan olacağı da deyilmişdi. Eləsə, dənizdə içşləyənlərin təhlükəsizliyinə təminat verən qurumlar bunu göz altına niyə almayıblar? Bizi ritorik suala görə qınaya bilərlərsə öz işləridir. Ola bilsin, dənizi, bu işin incəliklərini bilmirik. Etiraf edirik ki, bəli, bu içi su ilə aşıb-daşan, adi vaxtda qarşısına çıxanı udmağa hazır olan nəhrdir. Tufanla birləşəndə isə daha da qəzəbli olur. Bunu bilirik, elə dənizdə işləyənlər də bilir. Sadəcə, belə havalarda kim necə işləməlidir, ümumiyyətlə işləməlidirmi?-sualllarının cavabını şəxsən mən bilmirəm. Ona görə əvvəldən soruşdum ki, təhlükəsizlik tədbirləri göz altına alınmış, işçilər xəbərdar edilmişdimi? Aşan estakada aşmaya bilərdimi? Bəyəm bu estakadanı tikəndə onun tufana, qasırğaya davamlılığı nəzərə alınmayıbmı? Suallar çoxdur əslində və üstəlik ortada “ gözü çıxmış qardaş” təcrübəsi də var. Axı cəmi bir il ötüb Günəşli qəzasından. Dənizin qəzəbinə gələnlərin ailə üzvlərinin göz yaşları hələ qurumayıb. Onlar hələ də Xəzərdən mərhəmət umurlar. Bir gün möcüzə baş verər, əzizlərimizi sağ-salamat evimizə qaytarar deyə. Belə məqamda ikinci bir faciə baş verir, özü də ilin tamamında. Belə çovğunda, belə müsibət havada!
Yenə axtarışlar, yenə ümid, sual dolu gözlər, yenə neçə-neçə ailədə yas, nalə səsi. Neftimiz tükəndi, müsibətimiz tükənmir. Sanki Allahın qəzəbinə gəlmişik, lənətlənmişik. Xəzər baş ağrımıza çevrilib. Nə veribsə bizə, qat-qat artığını, əvəzini istəyir. Lap nağıllardakı kimi. Yadınıza gəlir yəqin, nağıllarda əjdaha suyu o şərtlə verirdi ki, əvəzində ona bir insan qurban versinlər. İndi Xəzər də bizim əjdahamızdır. Udur, gözü doymur, yenə, yenə qurban istəyir.
Bu gün mənim ad günümə dəniz faciə yazdı. Gələn il, növbəti illər də mənim ad günüm həm də faciənin ildönümü olacaq. Mənsə ad günümü hər il Ramiz Rövşənin ad gününə kökləyirdim. Özümdən də qabaq 15 dekabrı Ramiz Rövşənin ad günü kimi yadda saxlamışam. İndi o da , mən də bu günü Xəzərdəki faciə ilə yadda saxlayacağıq. Yəqin ki, şair bu günə bir şer də yazacaq. Əzizləri suda qərq olan “qara paltarlı qadın”lara təsəlli şeri.
Yeri, yeri qara paltarlı qadın
Kiri, kiri, qara paltarlı qadın
Bu qəbir də min qəbirdən biridir
Başdaşımı bəsdir basdın bağrına
Bütün mənə ağlayanlar kiridi
Sən də kiri, qəbrim damır, ağlama.
Mən isə o qadınlara daha amansız təsəlli verəcəm. Allah Xəzərdə qərq olan əzizlərinizə üstündə göz yaşınızı doyunca axıda biləcək başdaşı qismət eləsin. Xəzərdə insaf yoxdur. O udduğunun heç ölüsünü də qaytarmaq istəmir. Odur ki, dua edin, Xəzərə yalvarın . Yalvarın ki, onları qaytarsın!
Ləman Ələşrəfqızı,
Əməkdar jurnalist
Gununsesi.info