“Mənimlə fəxr edənlər, niyə səsiniz duyulmur?” - MÜBARİZ MƏNSİMOV HƏBSXANADAN YENİ MÜRACİƏT YAYDI

Azərbaycanda və dünyanın əksər ölkələrində 103 gündür ki, vicdanlı və təəssübkeş həmyerlilərimiz Mübariz Mənsimovun izolyasiyasından narahatdırlar. Dünyanı ağuşuna alan koronavirus pandemiyası da Mübariz Mənsimovdan yana azərbaycanlıların narahatçılığını üstələyə bilmədi. Hər kəs bu iş adamı ilə bağlı yeni və həm də sevindirici xəbər gözləyir.

Türkiyədə həbsdə olan həmyerlimiz Mübariz Mənsimov vəkilləri vasitəsilə dünya ictimaiyyətinə, xüsusən də Azərbaycan və Türkiyə vətəndaşlarına müraciət edib.

Gununsesi.org müraciəti olduğu kimi təqdim edir:

“Əziz türk və azərbaycanlı qardaşlarım!

Artıq 103 gündən çoxdur həbsdəyəm. Mənə qarşı böyük haqsızlıqlar edilir. Məni məyus edən problemlərdən biri də odur ki, keçmiş əməkdaşlarımın yalan ifadəsi ilə həbsə atılmışam. Sizdən soruşmaq istərdim, adamı yalanla və yalançı ifadələrlə zindana salmaq bu qədərmi asandır?

O qədər alçaqcasına bu işi təşkil ediblər ki, aylarla ictimaiyyətə səhv məlumatlar verirlər. Beş nəfər yalançı şahidin üzə durması və yalan şahid ifadələri ilə məni həbsdə saxlayıblar. Türkiyə respublikasına, onun seçilən prezidentinə və onun partiyasına, millətinin iradəsinə xəyanət etmədim. Təbii ki, heç vaxt ölkəmə xəyanət etməmişəm, o həvəsdə heç zaman olmamışam.

Bir də məni daha çox kədərləndirən şey həm də odur ki, necə olub ki, beş xainlə eyni şirkətdə işləmişəm, eyni çörəyi kəsmişik. Anlaya bilmirəm ki, bunların bu cür yalan ifadələr verməkdə məqsədləri nədir, niyə Allahdan qorxuları yoxdur!

Sentyabr ayında mənim işimə baxan o vicdanlı, şərəfli türk məhkəməsi üzvlərinə sonsuz etibarım var və inanıram ki, məhkəmə prosesi ədalətli olacaq.

Qardaşlarım, məni kədərləndirən bir problem də var. Məni sevənlər, dəstəkləyənlər, mənimlə fəxr edənlər, niyə səsiniz duyulmur daha, niyə səsinizi dünyaya çatdırmırsınız?

Düşdüyüm durumla bağlı hər iki prezidentimə məktub yazdım, lakin hələ də heç birisindən cavab ala bilməmişəm.

Bu çətin günlərdə mənə dəstək olan bütün insanlara, proses zamanı məni tək qoymayan şirkət menecerlərimə, əməkdaşlarıma, vəkilimə öz minnətdarlığımı bildirirəm. Mənə dəstək olan hər kəsə səslənirəm, xahiş edirəm ki, üzləşdiyim bu haqsızlığa qarşı etiraz səsinizi dünyaya çatdırın, mənə dəstək olun!”

 

 

Gununsesi.org