Mənsum İbrahimov üçün özəl gün

Bu gün Qarabağın ecazkar səsi, səhnəmizin Məcnunu, xanəndə Mənsum İbrahimovun doğum günüdür.

Mənsum İbrahimov 1960-cı il oktyabr ayının 1-də  Qarabağın dilbər guşələrindən olan Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub. Xanandə 1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  Mədəni maarif  fakültəsində təhsil alıb. 
Azərbaycan musiqi mədəniyyətinin bənzərsiz səs sahibi olan Şövkət Ələkbərova xanəndənin səsini eşidir və çox bəyənir. Onun məsləhəti ilə Mənsum İbrahimov Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət olunur. 
Mənsum İbrahimov 1993-cü ildən bəri, artıq 26 ildir “Leyli və Məcnun” operasında Məcnun rolunun ifaçısıdır.  

Onu tək Azərbaycanda deyil, dünyanın bir çox  ölkələrində sevərək qəbul ediblər. Çünki Azərbaycan muğam sənətini dünyada layiqli təmsil edən sənətkarlardandır. Bu səs ona Tanrının bəxş etdiyi bir əmanətdir. Mənsum İbrahim gözəl sənətkar olmaqla bərabər, həm də qayğıkeş bir atadır. Xanəndə müsahibələrinin birində belə söyləyib: “Səhnədə çoxlu Leylim ola bilər, ancaq həyatımda bir Leylim var o da həyat yoldaşımdır”.

Mənsum İbrahimov həmdə pedaqoji fəaliyyətlə də məşğul olur. O, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi kollecinin müəllimi kimi fəaliyyət göstərir. Gənc muğam ifaçılarının yetişməsində əlindən gələni əsirgəmir.

O, 1998-ci ildə Azərbaycanın Əməkdar artisti, 2005-ci ildə isə Xalq artisi fəxri adına layiq görülüb.

Modern.az-ın əməkdaşı ad günü ilə əlaqədar xanəndə ilə əlaqə saxlayıb, onu təbrik edib. Sənətkar ürək sözlərini bizimlə bölüşüb:

“Modern.az sözün əsl mənasında çox yaradıcı və tədqirəlayiq saytlardan hesab olunur. Hər gün bu saytı izləyirəm, sizin sayənizdə gündəlik olaraq ölkədə baş verən hadisələrdən xəbərdar oluram. Diqqətinizə görə sizə minnətdarlığımı bildirirəm. Hər zaman zirvədə olasınız. Çox xahiş edirəm, mənim adımdan ordakı bütün əməkdaşlara da salamımı çatdırın”.

Gununsesi.org